AzTehsil.com


Xəbərlər
09 avqust 2019
1 657


Dünya məktəbliləri Bakıda yarışır



Dünya məktəbliləri Bakıda yarışır

 

 
Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir


"Bu yarışa çox ciddi hazırlaşmışdım. Çünki bilirdim ki, olimpiadalarda güclü iştirakçılar mübarizə aparır. İnformatika üzrə olimpiadada artıq üçüncü dəfədir iştirak edirəm. Medal qazanmaq üçün əlimdən gələni etdim”.

 Fizika-Riyaziyyat və İnfotmatika Təmayüllü Liseyin 10-cu sinif şagirdi Abutalıb Namazov Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı təmsil edən komandanın üzvlərindən biridir. Fizika-Riyaziyyat və İnfotmatika Təmayüllü Liseyin Azərbaycan komandasının üzvü olan başqa bir şagirdi  Murad Eynizadə isə artıq  3 ildir olimpiadaya hazırlaşır: "Olimpiadaya hazırlaşmazdan əvvəl öz məktəbimizdə respublika informatika olimpiadasında iştirak etmişəm. Daha sonra Təhsil Nazirliyi tərəfindən təşkil edilən təlim məşğələlərinə qatılmışam. Bu məşğələlərdə bizə yerli müəllimlərlə yanaşı, xarici mütəxəssislər də təlimlər keçib. Əlbəttə ki, hər kəs I yeri qazanmaq istəyər. Mən də bunun üçün çalışdım”.

 Bu günlərdə dünyanın 88 ölkəsindən olan Abutalıb və Murad kimi yüzlərlə şagird Bakıda toplaşıb. Çünki  avqustun 4-dən şəhərimizdə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına start verilib.

Yaşadığımız zaman kəsiminin kompüter əsri, informasiya texnologiyaları dövrü olması bir çox sahələrdə olduğu kimi təhsildə də öz sözünü deyir. Müasir texnologiyalarla tanış olan yeni nəsil ağlı, məntiqi və ən əsası, texniki inkişafa münasibəti ilə özündən əvvəlki nəsli təəccübləndirə bilsə də, uğur əldə etmək üçün uzun müddət hazırlaşmalı, fasiləsiz məşğul olmalıdır. Avqustun 4-dən Bakıda start götürən Olimpiada hərəkatını izləyəndən sonra insan məhz bu qənaətə gəlir. Çünki bu günlərdə Bakıda olan yeniyetmə informatika biliciləri insana, bax, bunu düşündürür.

30 il ərzində iştirakçı ölkələrin sayı 13-dən 88-ə yüksəldi

 Məlumat üçün qeyd edək ki, informatika üzrə ilk olimpiada UNESCO-nun təklifi və dəstəyi ilə keçirilib. 1989-cu ildə Bolqarıstanda baş tutan həmin yarışa cəmi 13 ölkə qatılıb. 30 il sonra Bakıda ilk dəfə təşkil olunan, sayca 31-ci  Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda indiyə qədər 24 dəfə təmsil olunan Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Azərbaycan bu yarışa 24 dəfə qatılıb

İnformatika üzrə beynəlxalq yarışa artıq 24 dəfə qatılsa da, ölkəmiz bu yarışa ilk dəfə ev sahibliyi edir. İnformatika Fənn Olimpiadasının Beynəlxalq Komitəsinə edilən müraciətlə bağlı 2015-ci ildə müsbət qərar verilib. Ötən il 80-dən çox ölkə məktəblilərinin iştirakı ilə Yaponiyada keçirilən olimpiadada "Beynəlxalq İnformatika Olimpiadası-2019”un bayrağı Azərbaycana təqdim edilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə sədr, Təhsil naziri Ceyhun Bayramov, həmsədr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramil Quluzadə və fəxri sədr ADA universitetinin rektoru Hafiz Paşayevin rəhbərliyi altında Təşkilat Komitəsi yaradılıb və fevral ayından hazırlıq işlərinə başlanılıb.

Mətbuat konfransı

Və artıq avqustun  4-dən başlayaraq, olimpiadaya qatılan ölkələr öz komandaları ilə Bakıdadır.

Avqustun 5-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Təhsil naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru, "IOI 2019”un fəxri sədri Hafız Paşayev, Olimpiadanın rəsmi qlobal sponsoru "Acer”in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski jurnalistlərin suallarını cavablandırıblar.

Tədbirdə əvvəlcə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olimpiada ilə bağlı təqdimatla çıxış edib.

Daha sonra Təhsil naziri, "IOI 2019”un sədri Ceyhun Bayramov informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olduğunu vurğulayıb.

Nazir istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlər nəticəsində həm respublika, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını jurnalistlərin diqqətinə çatdırıb. Olimpiada qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarını xatırladan Ceyhun Bayramov onun olimpiada hərəkatını stimullaşdırmaq məqsədi daşıdığını qeyd edib.

Təhsil naziri beynəlxalq olimpiadada iştirak edən yerli komandanın üzvlərinin yüksək səviyyədə hazırlığının təmin edildiyini və onlara böyük ümid bəsləndiyini əlavə edib.

Olimpiadanın rəsmi qlobal sponsoru "Acer”in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski "Acer” və "IOI” əməkdaşlığından danışıb. 31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatdıqdan sonra "Acer” şirkəti 450 ədəd "Aspire” noutbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcəyini söyləyib.

Möhtəşəm açılış

Elə həmin gün Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılış mərasimi keçirilib. Tədbirə olimpiada iştirakçıları ilə yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılıblar.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə açılışda iştirak ediblər.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın "IOI 2019” nümayəndələrinə ünvanladığı rəsmi məktubu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Informatikanın inkişafına töhfə verəcək

 Təhsil naziri, "IOI 2019”un sədri Ceyhun Bayramov əvvəlcə ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir "IOI 2019”a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb. Ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif beynəlxalq və regional yarış və tədbirlərə ev sahibliyi etdiyini xatırladıb. 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının da Bakıda keçirildiyini, həmin bilik yarışında şagirdlərimizin 2 medal qazandığını vurğulayaraq, son 6 ildə şagirdlərimizin olimpiadalardan 150-dən çox medal gətirdiyini deyib. Ölkəmizin beynəlxalq elmi olimpiada uğurlarından söz açaraq əldə edilən medalların sayının artacağına ümid bəslədiyini bildirib: "İnanırıq ki, bu cür tədbirlər xüsusilə gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayacaq”.

Təhsil naziri dünya məktəblilərinin Bakıda olduqları müddət ərzində Azərbaycan qonaqpərvərliyindən, mədəniyyətimizdən, mətbəximizdən, tariximizdən zövq alacaqlarına inam ifadə edib.

Beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayan Ceyhun Bayramov çıxışının sonunda bütün iştirakçılara uğur arzulayıb.

 ADA Universitetinin rektoru, "IOI 2019”un fəxri sədri Hafız Paşayev hesab edir ki,  olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır. Onun sözlərinə görə, informatika üzrə beynəlxalq olimpiada kompüter elmləri və İT sənayesinin gələcək liderlərini bir araya gətirir.

 IOI prezidenti Qreq Li beynəlxalq olimpiadanın açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın keçirilməsinin faydalarından söz açıb.

Tədbirin rəsmi qlobal sponsoru "Acer” şirkətinin Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti  Qriqori Nizovski "Acer” və "IOI” əməkdaşlığından danışıb.

Açılış mərasimində 88 ölkə və regiondan olan "IOI 2019” nümayəndə heyətləri təqdim olunub. 1989-cu ildən bəri keçirilən bütün Beynəlxalq İnformatika Olimpiadalarının loqolarının əks olunduğu, IOI-nun rəsmi sponsoru "ACER”in fəaliyyətinə və Bakıya həsr edilmiş videoçarxlar nümayiş olunub.

Beynəlxalq İnformatika Olimpiadası yüksək səviyyədə təşkil olunub

Qeyd edək ki, açılışı Bakı Konqres Mərkəzində gerçəkləşən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında baş tutub. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün "Boulevard Hotel” mehmanxanası seçilib. Yarış müddətində məktəblilər "Atletlər kəndi”ndə yerləşdirilib. Olimpiada iştirakçıları üçün əyləncə zonası, müxtəlif tədbirlər, maraqlı asudə proqram təşkil edilib ki, məktəblilər yarışdan kənar vaxtlarını səmərəli keçirsinlər. Məsələn, mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil edilib. İştirakçılar, həmçinin "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı olimpiada iştirakçıları Qala divarları və tarix-memarlıq abidələri barədə məlumatlandırılıb. Qonaqlar "Qız qalası” və digər abidələrlə yaxından tanış olublar.

 Məktəblilər yarışdı

Nəhayət, həyəcanlı günlər. Həftənin iki günü, yəni avqustun 6-da və 8-də Milli Gimnastika Arenasında baş tutan yarışda  87 komanda bilik və intellekt nümayiş etdirib. 5 saat ərzində 3 sualı cavablandıran şagirdlər ümumilikdə 2 gün ərzində 10 saatda 6 tapşırıq yerinə yetiriblər. Yarışların nəticələri hələlik bəlli olmasa da, əvvəlcədən də gözlənildiyi kimi, Çin, Koreya, Rusiya, Kanada, ABŞ, İran məktəbliləri  xüsusi fəallıq göstəriblər.

Yarışın yekun nəticələri bu gün - avqustun 9-da elan ediləcək.

Qeyd edək ki, ölkəmizdə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasına 88 ölkədən nümayəndə qatılsa da, 1 ölkə müşahidəçidir. Bakıda keçirilən olimpiadada Birləşmiş Ərəb Əmirliklərinin komandası yoxdur.

13-cü "IOI” konfransı

Avqustun 6-da 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) çərçivəsində 13-cü "IOI” konfransı da keçirilib. 2007-ci ildən keçirilən "IOI” konfransı standart "IOI” proqramının bir hissəsidir.

Tədbirdə "Olympiads in İnformatics” jurnalının baş redaktoru Valentina Dagiene konfransın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Qonaq, həmçinin Bakıda keçirilən olimpiadanın əhəmiyyətinə toxunub.

Jurnalın icraçı direktoru Mile Jovanov konfransın "Olympiads in İnformatics” jurnalı ilə əlaqəsindən danışıb. O vurğulayıb ki, jurnal Vilnüs Universitetinin Riyaziyyat və informatika fakültəsi və Beynəlxalq İnformatika Olimpiadasının təşəbbüsü ilə 2007-ci ildə təsis edilib. Olimpiada və digər müsabiqələr vasitəsilə informatika fənninin tədrisinin bütün sahələrində tədqiqatlara həsr olunan bu beynəlxalq jurnalın nəşri Beynəlxalq İnformatika Olimpiadasında keçirilən elmi konfransla sıx bağlıdır. Konfransda iştirakı nəzərdə tutulan müəlliflər məqalələrini bu jurnala təqdim edirlər. Jurnalın 2019-cu il nəşrində 50 ölkədən 200 müəllifin məqaləsi yer alıb.

Konfransda Azərbaycan və xaricdən olan nümayəndə heyəti kompüterlə bağlı mənbə rolunu oynayan rəqəmsal kitabxana, TLCS layihəsi, uşaqların proqramlaşdırma marafonu, kompüter elmləri, "K-12”də hesablama təfəkkürü - Azərbaycan təcrübəsi, ikinci dərəcəli alqoritmik alətlər, proqram təminatının hazırlanması mövzularında məruzələrlə çıxış ediblər.

Konfransın ikinci hissəsində müəllimlər üçün "İnformasiya və hesablama üsulları” mövzusunda seminar keçirilib.

 Olimpiadanın əhəmiyyəti

 Bakıda ilk dəfə keçirilən bu olimpiada mühüm hadisə kimi qiymətləndirilir. Mütəxəssislər belə hesab edirlər ki, dünyada 5 fənn üzrə (fizika, riyaziyyat, kimya, biologiya, informatika) keçirilən olimpiadalar şagirdlərin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Xüsusən, informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.

31-ci Beynəlxalq İnformatika Olimpiadası və tədbirin təşkili ilə bağlı yüksək rəylər var. Təhsil üzrə ekspert Etibar Əliyev olimpiadanı belə qiymətləndirir: "Bir neçə gündür məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasını izləyirəm. Tədbir yüksək səviyyədə təşkil olunub. Mühüm hadisədir. Qaldı məktəblilərimizn nəticələrinə, asan deyil. 2011-ci ildən bu yarışdan medalımız yoxdur. Bəli, son illər bu olimpiada daha çətin olub. Həm də bu yarışmaya kompüter yarışması kimi baxmayın. Açılış günü mütəxəssisləri danışdırdım. Bəlli oldu ki, informatika olimpiadasında əsas bacarıq kimi proqram dillərini bilmək də bəs etmir, burada güclü riyazi alqoritm qurmaq bacarığı tələb olunur. İnsanın həll edə bilmədiyi riyazi məsələləri proqramla həll etməlisən. Üstəlik də, proqram sürətli işləməli və həcmi az olmalıdır, yəni optimallıq yüksək olmalıdır.

Yenə də məktəblilərimiz medal şansına çox yaxınlaşıblar. Statistikaya baxdım, ötən il Yaponiyada Abutalıb Namazov medalın ən yaxınlığında olub. Builki komandada Abutalıbın və Muradın nəticələri yüksəkdir. Şans hansınınsa, bəlkə ikisinin də üzünə gülə bilər. Yarışda bütün iştirakçıların yarısı medal alır. Çünki onlar seçilmiş, ələnərək gəlmiş dünya birinciləridir. Orada iştirak özü böyük uğurdur”.

 Bir beynəlxalq tədbir daha...

Beləliklə, Bakı növbəti beynəlxalq tədbiri uğurla yekunlaşdırır. Dünyanın 88 ölkəsindən olan iştirakçıların qatıldığı yarışın bağlanış mərasimi Heydər Əliyev Mərkəzində baş tutacaq.

 
"Azərbaycan müəllimi"



Загрузка...
Həmçinin oxuyun:
31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi

31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

“BİO-da şansımız çoxdur, bu təmsilçilərimiz medal qazana biləcəklər” –Etibar  Əliyev

“BİO-da şansımız çoxdur, bu təmsilçilərimiz medal qazana biləcəklər” –Etibar Əliyev

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Dünya ilə yarışan məktəblilərimiz

Dünya ilə yarışan məktəblilərimiz

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Avropa Olimpiada tarixində bir ilk

Avropa Olimpiada tarixində bir ilk

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Avropa Olimpiada tarixində bir ilk

Avropa Olimpiada tarixində bir ilk

Növbəti uğurumuz

Növbəti uğurumuz

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Olimpiadaçılarımız 5 medalla qayıdır

Olimpiadaçılarımız 5 medalla qayıdır

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

21 Bakı məktəblisi olimpiada qalibidir

21 Bakı məktəblisi olimpiada qalibidir