"Brain Ring” intellektual yarışının yerli mərhələsinin qalibləri mükafatlandırılıb
ETİHİ Şəki Şəhər Komitəsi tərəfindən "Brain Ring” intellektual yarışının yerli mərhələsinin qalibləri mükafatlandırıldı.
AzTehsil.com xəbər verir ki, avqustun 14-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən, Agentlik və onun yerli bölmələri arasında təşkil olunan “Brain Ring” intellektual yarışının Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə yerli turuna start verilib.
Bilik yarışına əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib, ardından ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəki şəhər R. Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutan yarışda hər biri 6 nəfərdən ibarət olan 4 komanda mübarizə aparıb. Maraqlı və gərgin keçən oyunun sonunda “Zəfər” komandası qalib gələrək final mərhələsində Şəki-Zaqatala Regional Təhsil İdarəsini təmsil etmək hüququ qazanıb.
Qalib komandalara Regional Təhsil İdarəsinin diplomları, ETİHİ Şəki Şəhər Komitəsinin hədiyyələri təqdim olunub.
Yarışın yekun mərhələsində 13 yerli bölmənin qalib komandaları və Agentliyin komandası iştirak edəcək. Nəticələrə əsasən yalnız 3 komanda qalib seçiləcək və tutduqları yerə uyğun olaraq xüsusi mükafatlarla təltif olunacaqlar.
Yerli turun qalibi “Zəfər” komandasına final mərhələsində uğurlar arzu edirik!