"Biliklərimi ölkəm üçün sərf edirəm"
Azərbaycan son illərdə təhsil sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Gənclərin xaricdə təhsil alması üçün müxtəlif dövlət və beynəlxalq proqramlar həyata keçirilir. Bu layihələr sayəsində minlərlə tələbə dünyanın aparıcı universitetlərində oxumaq imkanı qazanıb. Atılan bu addımlar yalnız fərdi inkişafı deyil, həm də ölkəmizin xaricdə güclü intellektual potensialının formalaşmasını hədəfləyir.
Xaricdə təhsil alan və ölkəmizi layiqincə təmsil edən şəxslərdən biri də Sadiq Qaçayevdir.
O, 2016-2019-cu illərdə Pekin Pedaqoji Universitetində magistratura təhsili alıb. Hebei Əyaləti Dövlət Siyasətinin Təhlili və Tədqiqi Mərkəzinin yeganə azərbaycanlı eksperti olan Qaçayevin bir neçə elmi işi, 10-dan çox təhlili və 40-a yaxın publisistik məqaləsi dərc olunub. Azərbaycan mədəniyyətini Çində təbliğ edən gənc alim müxtəlif təqdimatlar keçirib, universitet kitabxanasına ölkəmiz haqqında 30-a yaxın kitab bağışlayıb.
AzTehsil.com xəbər verir ki, azedu.az təhsil həyatını daha yaxından öyrənmək üçün onunla əlaqə saxlayıb.
Qazandığım bilik və təcrübəmi Azərbaycan üçün sərf edirəm
- Məsələn, Pekində magistrant olduğum zaman təhsil aldığım universitet və digər unuversitetlərin tələbələ dostlarımı səfirliyimizə dəvət etmişdim. Çində keçirilən mədəniyyət festivallarında Azərbaycanı təbliğ edirdim.
Hazırda isə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Yanshan University (Yanşan Universiteti)-də Dövlət İdarəetməsi ixtisası üzrə Doktorantura (PhD) pilləsində təhsil alıram və bakalavrlara nisbətən dərs yükü az olduğundan tədbirlərdə, konfranslarda iştirak etməyə daha çox vaxt ayıra bilirəm. Məsələn, bu ilin iyulunda Çinin nüfuzlu Nankai Universitetində keçirilən yay məktəbində yeganə əcnəbi kimi çıxış edərək Azərbaycan haqqında geniş məlumat verdim.
Təhsil aldığım universitetin 105 illik tarixində ilk azərbaycanlı tələbəyəm və bu, mənim üçün böyük qürur mənbəyidir.
- Çinə ilk gedişinizdə adaptasiya prosesi sizin üçün çətin oldumu?
- Adaptasiya məsələsi nisbidir. Mən Çini 2008-ci ildən araşdırmağa başlamışdım. Pekin Olimpiadasının açılış mərasimindən sonra bu ölkəyə marağım daha da artdı. Təhsil Nazirliyində çalışarkən də Çinlə bağlı araşdırmalar apardım. Nəhayət, 2016-cı ildə hökumətlərarası təqaüd proqramı ilə Çinə getdim. Orada məni çətinliyə salan yeganə məsələ dil idi, amma 11 ay ərzində Çincə sərbəst danışmağa başladım.
- Sizcə, Çində təhsil üçün hansı sahələr daha perspektivlidir?
- Süni intellekt və yüksək texnologiyalar bu gün Çinin əsas prioritetlərindəndir. Bundan başqa, kənd təsərrüfatı və idarəetmə sahələrində də böyük potensial var. Çində MBA təhsili təkcə biznes yönümlü deyil, həm də idarəetmə və analitik düşünmə bacarıqlarını inkişaf etdirir.
- Siz Azərbaycanı təbliğ etməyə başlamazdan öncə, Çinli tələbələr ölkəmizi necə tanıyırdılar?
- Təəssüf ki, çox az məlumatları var idi. Əksəriyyəti Azərbaycanı keçmiş SSRİ-nin bir hissəsi kimi tanıyırdı. 2018-ci ildən sonra vəziyyət dəyişdi. 2020-ci il Vətən müharibəsindən sonra isə Azərbaycanın tanınması daha da artdı. Hətta həmin il informasiya müharibəsində mən də iştirak etmişəm. Ancaq dediyim kimi dil, mənbə ilə bağlı çətinliklərimiz olub. Azərbaycan haqqında Çin dilində məlumat mənbələri hələ də çox azdır. Çin dili dünyada ən çox danışılan dildir, ona görə bu istiqamətdə daha çox iş görülməlidir.