AzTehsil.com


Xəbərlər
05 iyun 2020
1 434


NASA-nın forumuna dəvət alan azərbaycanlı



NASA-nın forumuna dəvət alan azərbaycanlı

 

Nicat Abdulla: "Ümid edirəm ki, mötəbər forumda ölkəmizi layiqincə təmsil edəcəyəm”

Məlumdur ki, müasir dövrdə hər bir ölkənin gələcəyi elmi-texnoloji inkişafla bağlıdır. Elmi-texniki tərəqqinin hərəkətverici qüvvəsi isə gənc istedadlar, yüksəkixtisaslı mütəxəssislərdir. Məhz buna görə də ölkəmizdə gənclərin keyfiyyətli ali təhsil almasına, rəqabətli mütəxəssislər kimi yetişməsinə xüsusi diqqət var. Bu mənada son illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsillərini başa vuraraq uğurlu peşəkar karyeralarına başlayan gənclərdən danışmaq qürurvericidir. Onlardan biri də apardığı elmi tədqiqatları ilə bu yaxınlarda Amerika Milli Kosmik Agentliyinin (NASA) diqqətini cəlb etmiş Nicat Abdulladır.

Tanıtım. Nicat Abdulla 1995-ci ildə Bakı şəhərində anadan olub. Bakıdakı 234 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2012-ci ildə Milli Aviasiya Akademiyasının (MAA) "Hava nəqliyyatının uçuş-texniki istismarı” fakültəsinin "Kosmik texnika mühəndisliyi” ixtisasına qəbul olub.  2013-cü ildə Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTU) "Aerokosmik mühəndislik” ixtisasında təhsilini davam etdirmək hüququ qazanıb.  Kosmik elmə və mühəndisliyə ciddi marağı, təhsildəki yüksək müvəffəqiyyətləri və "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq müddəaları nəzərə alınmaqla "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ODTU-da təhsilini davam etdirib. 2013-2018-ci illər ərzində ODTU-da aldığı təhsil müddətdə ixtisası üzrə 3 dəfə qalib tələbə adına layiq görülüb, müvafiq tərifnamələrlə təltif edilib. 

Cari ilin aprelində NASA və Amerika Aeronavtika və Astronavtika İnstitutu (AIAA) qurumlarının birgə keçirdiyi "Propulsion & Energy” forumunda bölmədaxili dünya üzrə seçilən 24 texniki məqalədən birinin müəllifidir. O, Forumun avqust ayına keçirilməsi nəzərdə tutulan tədbirinə dəvət alıb.
Milli Aviasiya Akademiyasından başlayan uğur yolu

Gənc istedad Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) oxuduğu illər ərzində istehsalat təcrübələrini keçmək üçün həmişə öz doğma Milli Aviasiya Akademiyasını seçərək burada yüksəkixtisaslı professor-müəllim heyətinin rəhbərliyi ilə müxtəlif mövzularda elmi-tədqiqat işləri aparıb. Aerokosmik sahəyə olan yüksək marağı nəticəsində MAA-da "Tərs mühəndisliyin köməyi ilə Boeing-787 təyyarəsinin modelləşdirilməsi”, "Raket texnikasının mühəndisliyi - trayektoriya məsələləri”, "Maye metan əsasında işləyən raket mühərrikinin termodinamik hesabatının xüsusiyyətləri” kimi mütərəqqi mövzularda tədqiqat işləri aparıb. N.Abdulla  tədqiqat işlərinin nəticələri üzrə 15-ci "Aviasiya və Kosmonavtika” Beynəlxalq Konfransı (14-18 noyabr, 2016, Moskva, Rusiya), MAA-da hər il keçirilən IV və V "Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” Beynəlxalq elmi-praktik gənclər konfransının işində ("Fevral məruzələri-2019”, 27-28 fevral 2019-cu il, "Fevral məruzələri-2020”, 3-5 fevral 2020, Bakı) kimi elmi tədbirlərdə məruzələrlə iştirak edib. Onun ilk məqaləsi olan "K voprosu termodinamiçeskoqo proyektirovaniya jidkostnoqo raketnoqo dviqatelya” adlı kiçik elmi araşdırmasının nəticəsi "Aviasionno-kosmiçeskaya texnika i texnoloqiya” jurnalında (2019, Xarkov, Ukrayna) dərc edilib və raket mühərrikləri sahəsində çalışan aparıcı mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

Nicat Abdulla ODTU-da təhsilini başa vurduqdan sonra 2019-cu ildə "Aviatech Global” (Bakı, Azərbaycan) şirkətində "Araşdırma və işlənmə” şöbəsinə pilotsuz uçuş aparatlarının layihələndirilməsi üzrə mühəndis və sonra şöbənin direktoru vəzifəsinə təyin edilib.

Mürəkkəb texniki obyekt olan maye raket mühərriklərinin yanma kamerasında və soplosunda yüksəktemperaturlu qazların termokimyəvi və qazodinamik xüsusiyyətlərinin araşdırılmasında onun ODTU və MAA-da əldə etdiyi biliklər yüksək rol oynayıb. Nəticədə N.Abdulla magistr təhsilini davam etdirmək üçün Xarkov Aerokosmik Universitetinin "Raket texnikasının konstruksiyası və layihələndirməsi” kafedrasına müraciət edib və "Raket mühərrikləri və energetik qurğuları” ixtisasına qəbul olunub.

Qeyd etmək lazımdır ki, kifayət qədər çətin xüsusiyyətləri olan bu ixtisasda təhsil almaq üçün onun əvvəlki illərdə əldə etdiyi nailiyyətlər ciddi rol oynayıb.

Elmi uğuru NASA-nın marağına səbəb olub

Universitetin "Raket texnikasının konstruksiyası və layihələndirilməsi” kafedrasının böyük rəğbətini qazanmış N.Abdulla "Numerical Investigation of Combustion and Flow Thermogasdynamics Considering Recombination and Dissociation Reactions in Liquid Rocket Engines” mövzusunda yerinə yetirdiyi magistr dissertasiyasında raket mühərriklərinin kamerasında gedən yanma və axma proseslərinin universal riyazi modelləşdirilməsində elmi yeniliklər daxil edərək ciddi nəticələr əldə edib. Onun əldə etdyi nəticələr Amerika Birləşmiş Ştatlarının (ABŞ) NASA və AIAA qurumları tərəfindən reaktiv mühərriklərin nəzəriyyəsi və mühəndisliyi sahəsində beynəlxalq səviyyədə keçirilən AIAA Propulsion and Energy Forumunun (24-26 Avqust 2020, New Orleans, New Orleans, Luisiana, USA) təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilib və N.Abdulla təqdimat üçün foruma dəvət edilib.

Qeyd etmək lazımdır ki, "AIAA Propulsion and Energy-2020” Forumunun (24-26 Avqust 2020, New Orleans, LA, USA) işində "Generalized Tensor Model for Numerical Investigation of Combustion and Flow Thermogasdynamics Considering Recombination and Dissociation Reactions in Liquid Rocket Engines” adlı məruzə bu sahədə aparılan mürəkkəb, nadir əsərlərdən sayılır və adətən müvafiq sahənin mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanır.

"Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsində Nicat Abdulla apardığı tədqiqatların ölkəmiz üçün praktik əhəmiyyətindən danışdı.

- Siz dünya üzrə seçilən 24 texniki məqalədən birinin müəllifi oldunuz. Məqalənizdə hansı məsələlərdən bəhs olunur?
- Məlum olduğu kimi, uçuş aparatlarının mühərrikləri, o cümlədən raket mühərrikləri kifayət qədər mürəkkəb texniki sistemlərdir. Belə mühərriklərin əsas xüsusiyyətləri ondan ibarətdir ki, onların yaratdığı dartı qüvvəsi bir neçə yüz ton kütləyə malik uçuş aparatını fəzada, yəni atmosferdə və kosmik fəzada daşıma imkanına malik olmalıdır.Yəni raket mühərriki böyük dartı qüvvəsinə, etibarlılığa və səmərəliliyə malik olmalıdır. Belə xassələri təmin etmək üçün raket mühərrikinin kamerasında gedən iş prosesləri riyazi və fiziki cəhətdən çox dəqiq modelləşdirilməlidir. Raket mühərriklərinin yüksək energetik xassələrini təmin etmək üçün istifadə edilən maye və ya bərk yanacaqların xassələri ciddi əhəmiyyət daşıyır. Yanacaqların (oksidləşdirici və yanıcı maddələrin) mühərrikin kamerasında yanma və axma prosesi indiyə qədər axıra kimi tam öyrənilməmişdir. Bunun əsas səbəbi raket mühərrikinin sınaqları zamanı  iş prosesinin əsas parametrlərinin dəqiq olmayan ölçülmələrini  və ya onların mümkünsüzlüyüdür. Yanacaq komponentləri yanarkən meydana çıxan yanma məhsullarının istilik-fiziki xassələrinin dəqiq riyazi modelləşdirilməsi imkan verir ki, sınaqlar konkret olaraq məqsədyönlü olsun və ölçülməsi tələb olunan parametrlərin tərikibi azalsın. Bu nöqteyi-nəzərdən apardığımız elmi-tədqiqat işində perspektivi yanacaq olan maye metanın oksigenlə yandırılması və yanma məhsullarının mühərrikin soplosunda axma xüsusiyyətlərinə baxılır. İndiyədək mövcud olan araşdırmalarda təqdim olunan riyazi modellər kifayət qədər mürəkkəb olduğundan onların kompüterdə reallaşdırılması böyük hesablayıcı resurslar tələb edir. Bu məsələni həll etmək üçün Amerikada keçirilən forumda təqdim olunan mühazirədə yanma və axma proseslərinin universal modeli verilib. Bu model imkan verir ki, raket mühərrikinin daxilində gedən proseslər Navye-Stoks və turbulentlik tənliklərinin köməyilə tam, kompleks şəkildə öyrənilsin və daha doğru nəticələr versin. Qeyd etmək istəyirəm ki, planetlərarası kosmik uçuşlar üçün perspektiv raket mühərriklərinin "metan-oksigen” yanacaq cütü əsasında qurulması nəzərdə tutulur.

Bu istiqamətdə aparılan elmi təqdiqat işləri çox məhduddur və ya mətbuata açıq şəkildə verilmir. "Propulsion and Energy” forumu reaktiv mühərriklər sahəsində tədqiqatlar aparan beynəlxalq tədbirdir. Burada dünyanın müxtəlif universitetlərindən və tədqiqat mərkəzlərindən gələn alimlər özlərinin ən son nailiyyətlərini təqdim edirlər. Tərəfimizdən təqdim olunan məruzə və orada göstərilən nəticələr təşkilat komitəsi tərəfindən bəyənilib və forumda iştirak etmək üçün dəvət göndərilib. Hesab edirəm ki, belə mötəbər tədbirdə iştirak və dövlətimizi təmsil etmək hər bir Azərbaycan gəncinin arzusudur. Ümid edirəm ki, aerokosmik mühərriklər sahəsində mötəbər forumda ölkəmizi layiqincə təmsil edəcəyəm.

- Elmi axtarışlarınızın ölkəmiz üçün  prioritetliyi barədə nə deyə bilərsiniz?

- Sizə məlumdur ki, hörmətli Prezidentimizin müvafiq sərəncamları ilə yaradılmış "Azərskosmos” QSC hazırda peyklərin buraxılması və istismarı ilə, o cümlədən bu sahədə Milli Aviasiya Akademiyası ilə birlikdə müvafiq kadr potensialının yetişdirilməsi istiqamətində ciddi fəaliyyət göstərir. Hesab edirəm ki, "Azərskosmos”un nəzdində raket texnikası və mühərrikləri istiqamətində müvafiq bölmələrin və ya qurumun yaradılması yaxşı olardı. "Azərskosmos”un və MAA-nın potensialı bunu həyata keçirməyə imkan verir. Əlavə olaraq demək istəyirəm ki, mənim bir tədqiqatçı kimi formalaşmağımda MAA-nın professor-müəllim heyətinin böyük rolu var.

 Ümid edirəm ki, yaxın gələcəkdə bu arzular reallaşacaq. Bunun reallaşmasının ən böyük nəticəsi ondan ibarət olacaq ki, gənc alimlərimiz aerokosmik sahədə beynəlxalq arenada öz sözlərini deyə bilsinlər və mən buna varlığımla inanıram. Qarşılaşdığım görüşlər əsasında deyə bilərəm ki, Azərbaycanda belə gənclər çoxdur.

 - Mövcud dünya çağırışları mühəndislik sahəsinin prioritetini artırıb. Sizcə, müasir reallıqlar dövründə gənclər daha çox hansı ixtisaslar dalınca getməlidir?

- Tamamilə razıyam. Hazırda dünyada gedən texnoloji və elmi irəliləyişlər mühəndislik sahələrinin prioritetini artırır. Sadəcə olaraq, mən seçim edərkən ixtisasıma prioritet nöqteyi nəzərindən deyil, bir az hissiyat nöqteyi nəzərindən yaxınlaşmışdım. Mən belə düşünürəm ki, hər bir individual öz sevdiyi və özünü içində hiss etdiyi işlə məşğul olmalıdır. Hər bir insan öz sevdiyi bir işlə məşğul olarsa,  o işə canını qoyar və ruhu ilə sevər. Bu da, öz növbəsində, onun bu işdə ən güclü olmağına yol açar. Bundan əlavə, çox sevdiyim bir insan həmişə deyərdi ki,  "Nə işlə məşğul olursan ol, çalış öz sahəndə ən mükəmməl olasan”.  Mən erkən uşaqlıq vaxtlarından özümü uçan aparatların arasında görmüşəm, ona görə də ixtisas seçimim uyğun şəkildə oldu. Əgər dünyada hazırda gedən texnoloji prosesləri nəzərə alsaq, bir az başqa nöqteyi nəzərdən yanaşa bilərik. Məsələn, Yer kürəsini düşünün. Bu, ucu-bucağı bəlli olmayan fəzada hərəkət edən, bizə görə böyük, digər kosmik cisimlər ilə müqayisədə isə nəzərə alınmaz dərəcədə kiçik, öz daxilində müəyyən səviyyədə bir resursu olan sferadır. İnsanların sayı get-gedə artır və resurslar böyük sürətlə istifadə olunur. Bu da bir gün bizim resursları Yer üzündə deyil, artıq xarici kosmos çərçivəsində axtarmamıza gətirib çıxaracaq. Bu və digər səbəblərdən aerokosmik mühəndislik ixtisasının prioriteti artır. Bundan əlavə, hamımızın bildiyi kimi, hazırda dünya "ağıllı” texnologiyalara üstünlük verir. Süni intellekt, robot texnologiyaları, neyron struktur və şəbəkələr və s. kimi prioritetli mövzu və tətbiqlərə ehtiyac artır. Ona görə deyə bilərəm ki, insan gələcəyinin bir qismi də kompüter elmlərinə bağlıdır. İnfrastruktur məsələləri də önəmlidir. Hər bir məsələnin özünəməxsus önəmliyi var və hər bir məsələ özünəməxsus şəkildə unikaldır. Yer təkamülə uğradıqca cəmiyyətin psixologiyası da modifikasiyalara məruz qalır. Bu da, öz növbəsində, psixologiya elminin önəmliliyini artırır. Ona görə, yuxarıda qeyd etdiyim kimi, təkrar deyirəm ki, hər bir ixtisas və istiqamət bəşəriyyət üçün çox vacibdir. Sadəcə hər bir individual nə ilə məşğul olmaq istədiyini və özünü nəyin içində hiss etdiyini gözəl dərk etməli və arzularının dalınca getməlidir.

 - Gənclərin elmi tədqiqatlara cəlb olunması və bu işdə Dövlət Proqramlarının rolunu necə qiymətləndirirsiniz?

- İlk növbədə, qeyd etmək istərdim ki, bu işdə Dövlət Proqramlarının rolu çox böyükdür. Dövlət proqramları məhz azərbaycanlı gənclərin yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına, onlarda tədqiqatçılıq ruhunun inkişaf etdirilməsinə, həm də ölkəmizin ali təhsil sisteminin rəqabətqabiliyyətliliyinin möhkəmləndirilməsinə xidmət edir. Belə bir şərait gənclər arasında rəqabət yaradır.  Orta məktəbdə təhsil aldığım zamanlarda gələcəyim haqda çox böyük arzularla yaşadım və bunun üçün çox böyük əziyyət çəkdim. Bir gün Türkiyənin belə güclü ali təhsil müəssisəsinə qəbul olub, orda təhsil alacağım ağlımın ucundan belə keçməzdi. Lakin bütün nəticə və göstəricilərimin sayəsində MAA-nın və Təhsil Nazirliyinin dəstəyi ilə hər şey gerçəkləşdi. Buna görə Təhsil Nazirliyinə dərin təşəkkürümü bildirirəm. Gənclərin elm-tədqiqat sahəsinə cəlb olunması ilə əlaqədar isə cavab vermək bir o qədər də asan deyil. Respublikamız hazırda çox inkişaf edib və günü-gündən də böyük sürətlə inkişaf etməkdə davam edir. Hər bir fərdin öz işi ilə məşğul olmağına şərait yarada bilən sonsuz sayda resurs var. Bütün imkanlar yaradılıb. Əvvəllər elmi-tədqiqat işinə həqiqətən marağı olan insanlar az idi.  İndi isə şəxsi müşahidələrimə görə, elm-tədqiqat sahəsinə gənclərdə olan maraq artır, bu da dövlətin inkişafı ilə bağlıdır. Burada düşüncə də böyük rol oynayır. Azərbaycan Respublikası SSRİ-nin tərkibindən yeni-yeni ayrılan zaman maraq o qədər də güclü deyildi. Çünkü insanlarda belə bir düşüncə var idi ki, elmdə nə gələcək var, nə də maddiyat.  Həqiqətən də, SSRİ zamanında elmlə məşğul olan insanlar təxmini qeyd etdiyim vəziyyətdə idilər və onlara demək olar ki, böyük dəyər verilmirdi. Yalnız, hazırda insanlar təkrar dərk etməyə başladılar ki, bu həyatda istənilən bir şey elmin üzərində qurulub və bizim bu gün istifadə etdiyimiz hər şey - smartfonlar, noutbuklar, peyk antennaları, avtomobillər, təyyarələr  və s. elmi tədqiqat işlərinin nəticələridir. Ona görə zamanla insanların elm və elmi-tədqiqat sahələrinə olan maraqları get-gedə artır. Məncə, bir göz qırpımında gənclərin hamısını elm-tədqiqat sahəsinə cəlb etmək mümkün deyil, belə bir adaptasiyaya imkan yaradacaq üsul da yoxdur. Lakin zamanla, dünya inkişaf etdikcə, mən belə düşünürəm ki, ildən-ilə gənclərin elmi sahələrə olan marağı getdikcə artacaq. Sadəcə zaman və tərəqqinin axarına buraxmaq lazımdır. Elm-tədqiqat sahəsi elə bir sahədir ki, insan bu sahəyə xarici effektin nəticəsində deyil, öz ürək rizası və hissiyatı ilə, dünya üzrə hazırda gedən proqresi hiss edərək girməlidir.

 - Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Gələcək planlarıma gəldikdə onu həyat göstərəcək. Amma onu demək istəyirəm ki, həyat və elmi fəaliyyətimdə həmişə çalışacağam ki, belə elmi forumlarda və tədbirlərdə Azərbaycan və Azərbaycan dövləti daha tez-tez eşidilsin. Bizim xalqımız riyaziyyat və fizika elmləri sahəsində çox istedadlıdır. Bu əsas göstəricidir.

 İnşallah, dövlətimizin başçısı cənab İlham Əliyevin elmin inkişafına göstərdiyi diqqət və dəstəyin, çəkdiyi böyük zəhmətin nəticəsini tezliklə görəcəyik. Son koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu zərbələrin nəticələri göstərir ki, gələcək elm və texnologiyanındır.

 
Biz də öz növbəmizdə N.Abdullanın qarşıdan gələn NASA forumunda ölkəmizi  və Azərbaycan elmini yüksək səviyyədə təqdim etməsi üçün ona böyük uğurlar arzu edirik.



Загрузка...
Həmçinin oxuyun:
“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

ABŞ-da 3D printerlə raket yaradılacaq

ABŞ-da 3D printerlə raket yaradılacaq

Təhsil eksperti necə olmalıdır?

Təhsil eksperti necə olmalıdır?

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

"Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir"

"Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir"

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Azərbaycan Elm Assosiasiyası təsis edilib  Böyüt

Azərbaycan Elm Assosiasiyası təsis edilib Böyüt

Ali təhsildə elmin inkişafı naminə

Ali təhsildə elmin inkişafı naminə

Gənc alimin səmərəli tədqiqat işi

Gənc alimin səmərəli tədqiqat işi

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində  çalışan azərbaycanlı alimlərin  uğurları hər birimiz üçün iftixar  mənbəyidir.

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində çalışan azərbaycanlı alimlərin uğurları hər birimiz üçün iftixar mənbəyidir.

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"