ABŞ-da 3D printerlə raket yaradılacaq
ABŞ-da "Relativity Space” adlı yeni startap yük daşıyan raket istehsalı üçün 3D printerdən istifadə etməyi planlaşdırır.
Məlumata görə, 3D printerdən istifadə olunması xərcləri 10 dəfə azaltmağa imkan verəcək.
"Relativity Space”i "Blue Origin”in sabiq mütəxəssisi Tim Ellis və "SpaceX”ın keçmiş əməkdaşı Cordan Nun yaradıblar. Onların fikrincə, perspektivdə 3D çap üsulu ilə raket yaradılması qaçılmazdır və onlar bu sahədə qabağa düşmək istəyiblər. Bu texnologiya artıq əlçatandır, lakin proses yavaş gedir və digər texnologiyalara nisbətən baha başa gəlir. Ona görə də yeni startap sıfırdan özünün 3D printerlərini yaratmaq qərarına gəlib. Bu printerlərin hündürlüyü 6 metrə çatacaq. Printerlər raketin yanacaq bakını 10 günə, bütün raketi isə 1 aya çap edə biləcək. Hazırda insanlara raket yaratmaq üçün bundan daha çox vaxt lazımdır.
2021-ci ilədək şirkət 30 metrlik raketlərin buraxılışını təşkil etmək niyyətindədir. Raketlər təxminən 10 milyon dollara başa gələcək ki, bu da indi sərf olunan vəsaitdən 10 dəfə azdır.