Az saatlı vakant yerlər BİRLƏŞDİRİLƏCƏK
“2000-ə yaxın vakant yer tutulmamış qalıb. Vakant yerlərin gizlədilməsinə gəldikdə, bununla bağlı iddialar yolverilməzdir. Sadəcə, vakant yerlər üzrə növbəti turda tutulmamış az saatlı vakant yerlər müsabiqəyə təqdim olunmayacaq. Çünki bu, müəllimlərin işə inteqrasiyası üçün çətinlik yaradır”.
AzTehsil.com xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün təşkil edilən brifinqdə səsləndirib.
O qeyd edib ki, buna görə müsabiqəyə təqdim edilməyən az saatlı vakant yerlərlə bağlı yenilik edilir: “Bunun əvəzində bu ildən ilk dəfə olaraq az saatlı vakant yerlər birləşdirilərək müəllimlərə bir vakant yer kimi təqdim ediləcək. Bəzi hallarda iki, bəzi hallarda isə üç vakant yer birləşdirilmiş formada müsabiqəyə təqdim olunacaq. Müəllimlər üçün bu yerlərdən biri əsas, digəri isə əlavə iş yeri kimi rəsmiləşdiriləcək”.
Nurlan İsmayılbəyli vakant yerlər üzrə keçiriləcək turda artıq “Faktiki yaşayış yeri” meyarının tətbiq edilməyəcəyini də açıqlayıb.