"Qızlarımızın xaricdə təhsili dəstəklənməlidir"
"Son illər Azərbaycan qadınlarının xaricdə təhsil alması ilə bağlı ciddi bir problem müşahidə olunmur". AzTehsil.com- n əldə etdiyi məlumata görə bu sözləri açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.
O bildirib ki, artıq əksər xanım namizədlər xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almağa üstünlük verirlər və bu istiqamətdə uğurlar da əldə edirlər. Bu, həm cəmiyyətin inkişafı, həm də qadınların maariflənməsi baxımından müsbət göstəricidir. Lakin təəssüf doğuran haldır ki, bəzi ailələr - xüsusilə də tək qız övladı olanlar və ya daha konservativ düşüncəyə malik olanlar - hələ də qızlarının xaricə gedərək təhsil almasına tərəddüdlə yanaşırlar. Bu kimi hallar əsasən milli mentalitet, ictimai qınaq qorxusu, ailə daxilində formalaşmış stereotiplər və təhlükəsizliklə bağlı narahatlıqlardan qaynaqlanır. Halbuki bu günün reallığı göstərir ki, qız övladlarının xaricdə ali təhsil alması onların yalnız fərdi inkişafına deyil, həm də ailənin və bütövlükdə cəmiyyətin inkişafına mühüm töhfə verir.
Əlbəttə ki, arzuolunan budur ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində bütün xanım namizədlərin təhsil alması üçün bərabər imkanlar yaradılsın və valideynlər də bu yolda onlara mənəvi dəstək göstərsinlər. Təəssüf ki, bəzən ailə və ya yaxın qohumlar ictimai qınaqdan ehtiyatlanaraq, qız övladlarının xaricdə təhsil almasına mane olurlar, nəticədə gənc xanım qəbul olunduğu halda bu şansı istifadə edə bilmir. Bu yanaşma artıq dəyişməli, müasir dövrün tələblərinə uyğun şəkildə düşünülməlidir.