MİQ və sertifikasiya imtahanlarının birləşdirilməsi MÜMKÜNDÜR
Son illərdə ölkəmizdə müəllimlərin peşəkar inkişafı və qiymətləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Müəllimlərin İşə Qəbulu (MİQ) və sertifikasiya imtahanları təhsildə keyfiyyətin artırılmasına xidmət edən əsas mexanizmlərdən biri hesab olunur.
Maraqlıdır ki, MİQ imtahanında yüksək nəticə əldə edən müəllimlərin böyük əksəriyyəti təxminən 99 faizi sertifikasiya imtahanlarında da uğurlu çıxış edir.
Bəs, görəsən MİQ imtahanında yüksək nəticə göstərənlərin sertifikasiyada da uğur qazanmasının səbəbi nədir?
AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Hədəf Şirkətlər Qrupu İcraçı direktorun müavini Elmin Yaqubəliyev qeyd edib ki, birinci məsələ odur ki, imtahanda yüksək nəticə göstərənlər sertifikasiya imtahanında da uğur qazanırlar:
"Bu, təbiidir. Niyə? Çünki bunun əsas səbəbi fundamental elmi bazanın möhkəm olması, yüksək akademik hazırlıq səviyyəsi və müəllimin peşəsinə ciddi yanaşmasıdır. Bu müəllimlər həm fənn biliklərinə, həm də imtahan vərdişlərinə malik olduqları üçün digər qiymətləndirmələrdə də paralel olaraq yaxşı nəticə göstərirlər.
Əsas məsələ fənn üzrə dərin bilikdir. Hər iki imtahanın əsas komponentlərindən biri fənn bilikləridir. İkincisi, imtahan strategiyası və təcrübəsidir. Təhsildə əsas amillərdən biri də alışqanlıqdır: oxumaq, öyrənmək, imtahan vermək. Bütün bunlar birlikdə peşəkar müəllimi formalaşdırır. Yaxşı nəticə toplayan müəllimin əsas bacarıqlarından biri də imtahan təcrübəsi və vərdişlərinin yüksək olmasıdır.
İmtahan nəticəsi müəllimin pedaqoji səriştəsinin göstəricisidirmi? Bəli, amma tam deyil. Yüksək bal əsasən fənn biliklərini və nəzəri hazırlığı ölçür. Lakin pedaqoji səriştə yalnız elmi baza ilə məhdudlaşmır. Burada təlim metodlarından istifadə, şagird və valideynlə ünsiyyət, sinif idarəçiliyi və fərdi yanaşma kimi amillər də var. Hazırkı imtahan sistemi isə yalnız fənn biliklərini qiymətləndirir.
Həmsöhbətimiz vurğulayıb ki, gələcəkdə MİQ və sertifikasiya imtahanlarının birləşdirilməsi mümkün ola bilər:
"Gələcəkdə MİQ və sertifikasiya imtahanlarının birləşdirilməsi və ya yeni bir mexanizmlə əvəz olunması mümkündürmü? Bəli, amma bunun üçün yeni qiymətləndirmə modeli hazırlanmalıdır. Özəl məktəb rəhbəri olaraq deyə bilərəm ki, bizdə bu sahədə təcrübə var. Bizdə dərs müşahidələri, fəaliyyət hesabatları, innovativ metodların tətbiqi, onlayn inkişafın izlənməsi və s. kimi üsullar tətbiq olunur. Yeni qiymətləndirmə modeli həm nəzəri bilikləri, həm də məktəbdəki real fəaliyyəti əhatə etməlidir.
Bu qiymətləndirmədə məktəb rəhbərliyi, şagirdlər və hətta valideynlər də müəyyən qədər iştirak etməlidir.Beləliklə, MİQ və sertifikasiya imtahanları müəllim keyfiyyətinin artırılmasına xidmət edən alətlərdən yalnız biridir. Gələcəkdə isə bu sistemə bir neçə alət daxil edilməlidir. Hazırda tək qiymətləndirmə vasitəsi müəllimin elmi bazası və imtahan vərdişləridir. Amma yeni model hazırlanarsa, bu daha ədalətli və effektiv ola bilər".