AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Şagird
03 iyul 2025
859

Təhsilin görünməyən maliyyə yükü



Bir məktəbli, yüz xərc: Təhsilin görünməyən maliyyə yükü..

Azərbaycanda təhsil sistemi əsasən dövlət tərəfindən maliyyələşdirilsə də, bu, valideynlərin təhsillə bağlı xərc çəkmədiyi anlamına gəlmir. Əksinə, bir çox ailə üçün övladının dövlət məktəbində oxuması belə aylıq büdcəyə ciddi maliyyə yükü yaradır. Bəs bu xərclər nədən ibarətdir və bu vəziyyətin səbəbləri nədir?


AzTehsil.com - Konstitusiyaya əsasən, ölkəmizdə orta təhsil pulsuzdur. Lakin praktikada valideynlərin hər ay qarşılaşdığı xərclər bu ifadənin gerçəkliyini sual altına alır. Hər ay təzə dəftərlər, qələm, boyalar, kitablar və digər vəsaitlər tələb olunur. Qiymətlərin ilbəil artması bu xərcləri daha da artırır. Təhsil sistemində rəqabət artdıqca, valideynlər övladlarını əlavə hazırlıq kurslarına göndərmək məcburiyyətində qalırlar. Bu isə əlavə aylıq ödənişlər deməkdir. Məktəbə gedib-gəlmək üçün avtobus, metro və ya şəxsi avtomobildən istifadə olunur. Eyni zamanda məktəbdə və ya yaxınlıqda alınan gündəlik yeməklər də əlavə xərclər yaradır. Onlayn dərslərin və rəqəmsal resursların geniş yayılması valideynləri kompüter, planşet, internet bağlantısı kimi texnoloji avadanlıqlar almağa məcbur edir.


Dövlət məktəblərində tədrisin keyfiyyəti bəzən valideynləri əlavə dərslərə müraciət etməyə vadar edir. Xüsusilə imtahanlara hazırlaşan şagirdlər üçün repetitor dərsləri artıq normaya çevrilib. Bu dərslər isə ayda ailəyə yüzlərlə manat xərc etdirə bilər. Valideynlər bunu bir "məcburiyyət" kimi görürlər, çünki uşağın ali məktəbə qəbul olunması üçün əlavə dəstəyə ehtiyac olduğunu düşünürlər. Övladının ali məktəbə qəbul olması üçün maddi imkanı, sosial vəziyyəti aşağı olan yüzlərlə ailələr məcbur olub, borc-xərc edib uşağını repetitor yanına hazırlığa göndərirlər. Bir, bəzən iki il uşağını hazırlaşdırmaq üçün bu ailələr sıxıntı, korluq çəkirlər.


Bəzi hallarda məktəbdaxili könüllü fondlar, bayram və tədbirlərlə bağlı toplanan pullar, ekskursiyalar və müxtəlif tədbirlər üçün edilən ödənişlər də ailə büdcəsini sarsıdır. Bundan əlavə, uşağın gündəlik yemək pulu, nəqliyyat xərcləri və digər gündəlik ehtiyacları nəzərə alındıqda aylıq məbləğ kifayət qədər artır.


Valideynlər bəzən öz uşaqlarının yaşıdları ilə eyni səviyyədə geyinməsi, eyni avadanlıqlardan (telefon, çanta, geyim) istifadə etməsi üçün əlavə xərclər çəkməyə çalışırlar. Bu isə sosial təbəqələşmənin məktəblərə sirayət etməsi, uşaqlar arasında ayrıseçkilik yaranmaması üçün edilən "görünməz" təzyiqdir.


Valideyn Şəfa Abdullayevanın sözlərinə görə, uşağı 4-cü sinifdə oxuyacaq. Onun aylıq xərci 250 manatdan çox çıxır: “Məktəb yaşadığımız ünvandan uzaqda yerləşir. Buna görə də uşağı hər gün məktəbə ya taksi, ya da avtobusla aparıb-gətirirəm. Yağışlı havalarda isə yalnız taksidən istifadə edirik. Avtobusla gedəndə yol xərci 20 manat, taksi ilə isə 80 manata gəlib çıxır. Zəruri tədris materiallarına aylıq 20 manat xərcim çıxır. Buraya sinifdən xaric oxu üçün kitablar, keçdiyi fənlər üzrə əlavə testlər, dəftər, qələm və sair aiddir. Uşaq məktəbdən sonra hazırlığa gedir. Həftədə iki dəfə isə ingilis dili fənninə hazırlaşır. Hər iki hazırlığa ümumilikdə ayda 140 manat ödəyirəm. Uşağn gündəlik qida xərcləri isə 1-2 manat təşkil edir. Gigiyenik vasitələr, nəm və quru salfet, spirt və maskaya isə ayda 3-4 manat xərcləyirəm”.


Valideyn Natiq Zamanov deyir ki, 7-ci sinifdə oxuyacaq övladının aylıq xərci 200 manatdan çox çıxır: “Məktəb yaşadığımız ünvana yaxın olduğu üçün yol xərcimiz çıxmır. Məktəb ləvazimatına əlavə vəsaitlər, testlər və s aylıq 50 manat xərcləyirəm. Övladım iki fəndən hazırlığa gedir. Aylıq hazırlıq xərci isə 140 manatdır. Hazırlığa gedib-gələn zaman avtobusdan istifadə edirik. Aylıq yol xərci 25 manata gəlib çıxır. Uşaq məktəbdən sonra şahmata da gedir. Şahmat üçün aylıq 60 manat ödəyirəm. Gündəlik qida xərci isə ən azı 1-2 manat olur. Amma bəzən bu xərc artır. Uşağın oynayarkən geyiminin cırılması, ayaqqabısının köhnəlməsi bizim xərcimizi daha da artırır”.


Digər valideyn Nərgiz Namazova isə bildirib ki, övladının illik məktəb xərci çox çıxır. Valideynin söylədiyinə görə, övladı özəl məktəbdə təhsil alır. Liseydə illik təhsil haqqı 7500 manatdır: “Uşaq məktəbə liseyin avtobusu ilə gedib-gəlir. Həmçinin onun gündəlik qida ehtiyacları da lisey tərəfindən ödənilir. Yəni bunların hamısı ödədiyimiz illik təhsil haqqıya daxildir. Buna görə də əlavə xərclərimiz çıxmır. Ancaq məktəb ləvazimatlarını özümüz alırıq. Buna da aylıq 15-20 manat xərcləyirik. Övladım əlavə olaraq pianino dərslərinə gedir. Buna da aylıq 60 manat ödəyirik”.


Valideyn Sidiqə Məmmədoanın övladı 10-cu sinifdə oxuyur. Valideynin sözlərinə əsasən, övladının aylıq xərci 500 manata yaxındır: “Övladım bu ildən universitetə hazırlaşmağa başlayıb. Həftədə 5 gün hazırlıq kursuna gedir. Kursa ayda 350 manat ödəyirəm. Məktəb ləvazimatlarına, kitab, test və digər vəsaitlərə, sınaq imtahanlarına ümumilikdə ayda 40 manata yaxın xərcim çıxır. Övladım həm məktəbə, həm də hazırlığa avtobusla gedib gəlir. Aylıq yol xərci 30 manat təşkil edir. Cib xərci ilə yanaşı bu məbləğ 50 manata qədər yüksəlir. Əlavə olaraq oğlum idmana da gedir. Aylıq ödənişi 40 manatdır”.


Mövzu ilə bağlı fikirlərini bölüşən sosioloq Etibar Həsənovun dediyinə görə, hər bir şagirdin günlük xərcləri müxtəlif yaş qruplarına görə fərqlidir. Aşağı sinifdə oxuyanlarla yuxarı sinif şagirdlərinin xərcləri müxtəlif olur. Şagirdlərin aylıq xərcinin müəyyən hissəsini nəqliyyyat xərcləri, əsas hissəsini hazırlıq kursları təşkil edir. Yemək, dərs vəsaitləri ilə bağlı xərclər isə nisbətən az olur: “Şagirdin yalnız təhsil və dərsliklərlə bağlı xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Qalan xərclər isə valideynlər tərəfindən ödənilir. Hazırki vəziyyətdə isə çox ailənin büdcəsi buna imkan vermir. Bu səbəbdən də məktəbli xərclərini minimallaşdırmaq üçün ən azından şagirdlər nəqliyyat xərclərindən azad olunmalıdırlar. Bütün şagirdlər üçün istənilən nəqliyyat növü pulsuz olmalıdır. Çünki məktəblinin aylıq xərcinin müəyyən hissəsini məhz nəqliyyat xərcləri təşkil edir.


Şagirdlər üçün ən vacib şeylərdən biri də onların dərsdən sonrakı məşğuliyyətləridir. Bu onların inkişafı üçün çox vacibdir. Uşaqlar idmanla, yaradıcı sahələrlə məşğul olmalıdırlar ki, dərslə çox yorulmasınlar. Çox valideyn çalışır ki, övladını rəsmə, rəqsə aparsın, oğlan uşaqların isə maraq göstərdikləri idman növlərinə yönəldirlər əsasən. Bunların hamısı müəyyən vəsait tələb edir. Bu səbəbdən də bunlar da uşaqlar üçün pulsuz olmalıdır”.


Azərbaycanda orta statistik ailənin aylıq gəliri təxminən 800-1000 manat civarındadır. Bu gəlirin içərisində məktəbyaşlı bir uşağın təhsili ilə bağlı aylıq xərclər – o cümlədən nəqliyyat, yemək, hazırlıq kursları, dəftərxana ləvazimatları və geyim – ümumilikdə 150-250 manata qədər arta bilər. Bu isə ailə büdcəsinin təxminən 20-30 faizini təşkil edir. Xüsusilə bir neçə övladı məktəbdə oxuyan ailələr üçün bu xərclər çox ciddi maliyyə yükünə çevrilir. Bu vəziyyət ailələri ya qənaət rejiminə keçməyə, ya da kredit və borclara yönəlməyə məcbur edir.


İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, məktəbdən gələn aylıq xərc dalğası - dəftərxana, kurslar, nəqliyyat və texnologiya xərcləri - valideynin planlaşdırılmamış və qarşılanmamış vəsait ayırmasına gətirib çıxarır. Bu da ya qənaət zərurəti, ya da borclanma kimi mənfi nəticələr doğurur. Məktəblinin xərcləri proqnozlaşdırılmış büdcədən kənara çıxdıqda, ailələr ya qənaət tətbiq etməli, ya da borca girərək ödəmə balansını pozur.


İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bir məktəblinin orta aylıq xərci bəzi ailələrdə ümumi gəlirin 20-30 faizini təşkil edir. Bu da ailənin digər üzvlərinin ehtiyaclarının arxa plana keçməsinə səbəb olur: “Şagirdin gündəlik xərcləri yaş qruplarına görə dəyişir. İbtidai sinifdə oxuyanlarla yuxarı sinif şagirdlərinin xərcləri arasında fərq var. Böyük yaşlı məktəblinin aylıq xərci daha çoxdur”.


Ekspertin sözlərinə əsasən, Almaniyada şagirdin aylıq xərci təqribən, 800 avroya bərabərdir. Bu məbləğ çoxlarının gözünə çox görünə bilər, amma standartlarla müqayisədə bu, çox aşağıdır: “Təbii ki, bizimlə Avropanın gəlirlilik səviyyəsi eyni deyil. Amma müqayisə etsək, bizdə xərclərin 7-8 dəfə az olması məlum olar. Məsələn, Almaniyada şagirdin aylıq xərci təqribən 800 avroya bərabərdir. Almaniyanın bu nəticəsi orta aylıq maaş, illik gəlirin yüksək olmasından xəbər verir. Azərbaycanda da bu standartlara ən azından yaxınlaşmaq üçün müəyyən addımlar atmalı, ən azından hesablama qaydaları dəyişməlidir. Həm geyim, həm dərs, həm də dərsdən sonrakı inişafı ilə bağlı yeni hesablama qaydaları gətirilməlidir. Şagirdlər üçün ən vacib şeylərdən biri də onların dərsdən sonrakı məşğuliyyətləridir. İdmanla, yaradıcı sahələrlə məşğul olmalıdırlar ki, dərslə çox yorulmasınlar. Bunların hamısı bəlli bir vəsait tələb edir”.


İqtisadçı dünya ölkələrində məktəbli xərclərini minimallaşdırmaq üçün tətbiq olunan təcrübədən də söz açıb. O bildirib ki, əksər ölkələrdə bu işlə təkcə dövlət məşğul olmur: “Məsələn İrlandiyada bu işdə ən böyük yardım göstərən institutlardan biri kilsədir. Hər şagirdə kilsə tərəfində ayrıca vəsait ayrılır. Bu kilsənin tarixi ənənəsidir. Avropa ölkələrində qeyri hökümət təşkilatları, müxtəlif fondlar, kommersiya təşkilatları, iri şirkətlər  məktəblərdə müəyyən layihələr həyata keçirir, bunun üçün vəsaitlər ayırırlar. Azərbaycanın da qabaqcıl beynəlxalq təcrübədən istifadə etməsində yarar var. Yükü təkcə dövlətin üzərinə atmamaq da olar. Özəl şirkətlər bu işə sponsorluq etsə, müxtəlif dərnəklərin maliyyələşməsini holdinqlər öz üzərilərinə götürsə, vəziyyət dəyişər. Həm qurumlar daha keyfiyyətli xidmət edər, həm də dövlət büdcəsinə müəyyən qədər qənaət etmiş olarlar”.



Həmçinin oxuyun:
Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ