Sertifikasiyada uğursuz olan, müəllimlərə - psixoloq MƏSLƏHƏTİ
Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
Biz adətən abituriyentlərin imtahan stressindən və ya zəif nəticə göstərmiş abituriyentlərin özlərini yenidən dərsə fokuslaması üçün nə etməli olduqlarından danışırıq.
Lakin 2022-ci ildən etibarən müəllimlər üçün də sertifikasiya imtahanları keçirilir. Elə ötən həftə builki sertifikasiya prosesi yekunlaşdı. Bu prosesdə yüksək nəticə göstərən müəllimlərlə yanaşı, aşağı nəticə toplayan müəllimlər də var.
Bəs onlar özlərini necə toparlamalı, psixoloji baxımdan bu vəziyyətdən necə çıxmalıdırlar? Onlara bu mərhələdə hansı dəstək göstərilməlidir?AzTehsil.com xəbər verir ki, azEdu.az-a mövzu ilə bağlı psixoloq Nizami Orucov danışıb:
"Sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər üçün bu vəziyyət təkcə bir uğursuzluq deyil, öz dəyərlərinin, qabiliyyətlərinin və peşəkar kimliklərinin sual altına alınması kimi hiss oluna bilər. Bu isə özünəinam itkisi, utanc və qərarsızlıq kimi duyğular doğura bilər.
Belə bir mərhələdə müəllimə ən vacib olan şey tənhalıq hissindən çıxmaq, özünü günahlandırmaq əvəzinə öyrənməyə yönəlmək və təcrübəni bir son deyil, başlanğıc kimi görməkdir. Emosional baxımdan isə onlara “sən dəyərlisən, bu nəticə sənin bütün dəyərini ölçmür” mesajını çatdırmaq çox önəmlidir.
Müəllimlər üçün fərdi psixoloji dəstək, həmçinin həmkarları ilə paylaşım və kollektiv gücləndirmə proqramları bu prosesi daha yüngül və məhsuldar edə bilər".