“Aman, məktəblərə 8 Mart gəlir…”
Deməli, 8 Mart Beynəlxalq Qadınlar Gününə nə az, nə çox 3-4 gün qalıb. Amma təxminən hələ 7-8 gün bundan qabaq bəzi saytlar yazdı ki, Bakı Şəhəri Təhsil İdarəsi hesabat tədbirində məktəb direktorlarına 8 Martla bağlı xüsusi tapşırıq verib. Bildirilib ki, bayram münasibətilə hədiyyə və sairə məsələlərin qarşısı alınmalı, nöqsanlara yol verilməməlidir. Ötən günlərdə MÜTDA da məktəb rəhbərlərinə 8 Martla bağlı xüsusi tapşırıq verib. Məlumatda deyilir: “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir”.
Çox gözəl. MÜTDA da, BŞTİ də tədbirli olmağa üstünlük verir. Başa düşürəm.
Bəs, adını çəkdiyimiz qurumlara hər il bu açıqlamaları verməyə nə vadar edir? Niyə başqa bayramlarda direktorlara bu məsələ ilə bağlı tapşırıq verilmir? Digər qurumlarda belə hədiyyələr verilmirmi? Bəs, həmin qurumlar niyə gündəmə gəlmir? “8 Mart”a hələ bir həftə, 10 gün qalmış təhsil içtimaiyyəti niyə təşvişə düşür. Buna ehtiyac varmı?
Mövzu ilə bağlı düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Fikrimcə, “8 Mart”la bağlı məsələ bizim illər öncədən alt şüurumuzda qalan bir travmadır. Təhsil sahəsində obyektivlik, şəffavlıqla bağlı köklü dəyişikliklər aparılsa da, illər öncə baş verən qanunsuz pul yığılmalarının qarşısı alınsa da, nədənsə, hələ də “8 Mart” bizdə bir xof olaraq qalır.
Onu da qeyd edim ki, heç bir məktəbdə, heç bir müəllim və yaxud məktəb rəhbəri şagirdlərə, valideynlərə “8 Mart”la bağlı xüsusi istəklərdə, tələbdə birmənalı şəkildə olmur. Əgər çox nadir hallarda belə bir hal baş verərsə, inanıram ki, təhsil idarəetmə qurumları məsələyə dərhal reaksiya verər.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, əgər bir valideynin bir müəllimə könüllü şəkildə bayram hədiyyəsi vermək məqsədi varsa, məncə, bunun da, qarşısını almaq mümkün deyil. Həmin valideyn məktəbdən kənarda da, olsa hədiyyəni verəcək. Etiraf edək ki, hər il belə də olur. Məqsədi olan valideyn hər hansı bir yolla da olsa, hədiyyəsini müəllimə çatdırır.
Düşünürəm ki, məsələyə baxış bucağımızı dəyişməli, Beynəlxalq Qadınlar Günü ərəfəsində daha pozitiv şeylərə köklənməliyik. Aman, “8 Mart” gəlir, birdən kimsə, kimsəyə hədiyyə verər stereotipini özümüzdən uzaqlaşdırmalıyıq.