Uşaqlar arasında rəqabəti kim yaradır?
Ailədə böyüklərin, əsasən də valideynlərin münasibətləri uşaqların xarakterlərinin və dünyagörüşlərinin formalaşmasında əsas yerlərdən birini tutur. Ailə daxili psixoloji mühit – uşağa təsir edən əsas emosional faktordur. Bu mühit uşağın ətraf aləmdə mövqeyini, onun müsbət və mənfi xüsusiyyətlərini müəyyən edir. Uşaqlar ailə daxili münasibətlərini ən çox öz çəkdikləri və ya gördükləri şəkillərdə və oyunlarında təzahür etdirirlər”.Bu fikirləri uşaq psixiatrı Vəfa Şirinova bildirib.
Vəfa xanım qeyd edib ki, bəzən valideynlər uşaqlarından onların öz xəyallarını gerçəkləşdirməsini istəyirlər: “Məsələn: Mənim oğlum gərək hər kəsə nümunə olsun, qızım müəllim və ya həkim olmalıdır və s. Bununla da valideynlər uşaqlarının çiyinlərinə daha çox məsuliyyət qoymuş olurlar. Uşaqların və valideynlərin münasibətlərini S.Nyuberq maraqlı tədqiqat apararaq bir neçə növ yanaşma müəyyən edib:
Eqoistik yanaşma. Valideyn bütün istəklərini övladı vasitəsilə həyata keçirir.
Şərti yanaşma. Adət – ənənələri qoruyaraq uşağa yanaşma tərzi. Böyüklərin yanında “uşağım” deyərkən üzr istəmək, nənə, baba istəklərini önə çəkmək. Uşağa sərbəst düşünməyə deyil, ancaq məsləhətlə addımlamağa icazə vermək.
Subyektiv-individual yanaşma. Valideyn uşağını unikal görür. Valideyn uşağının istəklərini ön plana çəkərək, yerinə yetirmək üçün özünü çətinliklərə salır.
Qarşılıqlı yanaşma. Valideyn öz və uşaqların istəklərinə qarşılıqlı yanaşaraq hər iki tərəfin mövqeyini tarazlıqda saxlaya bilir.
Digər maraqlı tədqiqatı D.Baumrind apararaq müəyyən etdi ki, valideynlərin ailədə münasibətlərindən asılı olaraq uşaqların xarakterləri formalaşır. Məsələn: Avtoritar münasibətli valideynlərin uşaqları özünə güvəni zəif, az ünsiyyətcil, digərlərinə inamsızlığı ilə seçilən xarakterli olurlar. Hər şeyə göz yuman valideynlərin passiv, səbrsiz və pessimistik baxışlı, demokratik yanaşma tərzi saxlayan valideynlərin sərbəst, özgüvənli, təmkinli övladları olur”.
Vəfa xanım bildirib ki, ailə münasibətlərinin düzgün formalaşmasında uşağı vacib tutaraq hər zaman onunla müzakirələr aparmaq, fikirlərinin sərbəst bölüşməsinə zəmin yaratmaq lazımdır: “Uşaq şəkil çəkmişsə dərhal “nə gözəldir, əzizim” deyib yola salmaq əvəzinə” nə maraqlı rənglərdir, niyə bunları seçdin, və s. kimi suallarla daxilini, maraqlarını eşidin. Ailədə uşaqların əlaqələri haqqında, onlar ən yaxşı dost və əbədi rəqiblərdir deməklə, yanılmadığımı düşünürəm. Bütün valideynlər arzu edirlər ki, uşaqları heç zaman savaşmasınlar və bir-birinə həyatda dəstək olsunlar. Bütün uşaqlar öz növbəsində qardaşı və ya bacısı onunla həmrəy və ən sadiq dost olmasını istəyir. Lakin, ailə daxilində mübahisələrin olması, valideynlərin bəzən ayrı seçkiliyi, qısqanclıq, onların arasında rəqabətə zəmin verir. Bütün uşaqlar – mahir “manipulyatorlar”dır. Təbii müşahidə nəticəsində onlar tez öz məqsədləri üçün (valideynin sevgisini qazanmaq) doğru məlumatlardan istifadəyə başlayırlar. Bu mənada böyük uşağın daha sərfəli şərtlərləri var. Çünki, o valideynləri ilə “tanışlıq” üçün daha çox zamanı olub. İkinci körpə üçün vəziyyət daha mürəkkəbdir. Və eyni bir senari əsasında öz valideynlərinin sevgisini qazanmaq üçün böyük övladın etdiklərini təkrar edir və “kölgə”si olur. Bu zaman rəqabət, dava-dalaş, hətta, açıq düşmənçilik qaçılmazdır.
Bəzən uşaqlar (bir çox hallarda kiçiklər) mübarizədən çəkinirlər. Bu zaman başqalarının onlara dəyər vermələrini və sevgi hissi qazanmaq istəyindən imtina edir və ya özlərinə inamsızlıq yaranır. Belə bir vəziyyətdə valideynlər üçün onların şəxsiyyət təzahürlərinə diqqətlə və böyük anlayışla yanaşımaları çox vacibdir. Əgər böyük uşaq məktəbdə, musiqidə, rəqsdə müvəffəqiyyət qazanmışsa, bu digər uşaq üçün bir nümunə kimi hər zaman deyilməməlidir. Məsələn, eyni dərnəklərə uşaqları yazdırarkən düşünülməlidir. Uşaqların məşğulluğunu fərqli etmək daha yaxşıdır. Sonra onlar müxtəlif sahələrdə uğurlar əldə edərək, hər biri öz nailiyyətləri ilə valideynlərinə öyünə bilərlər .
Uşaqlar arasında əlaqələrin inkişafı onların arasında yaş fərqindən də asılıdır. Psixoloqlar belə bir model ortaya qoyublar “az il, çox rəqabət”. Bir yaşlı uşaq artıq yaş fərqi 4 il və ya daha çox, olan bir uşaq üçün rəqib deyil. Onda onların rəqabəti minimuma azaldıla bilər. Maraqlıdır ki, böyük qardaş və ya bacı bəzən valideynlərdən daha “avtoritar” mövqedə olur. Bu təəccüblü deyil, axı, bəzən valideynlər bəzi məsələlərdə daha səriştəsizdirlər (cizgi filmi qəhrəmanı adları, kompüter oyunu) və ya tez-tez uşaqlarını qorumaq naminə qadağalar qoyurlar. Maraqlıdır ki, rəqabət əlaqələri tez-tez valideynlər tərəfindən dəstəklənir. Kimi ilk baxışda sadə hesabatlarla başlayıb (bacın səndən daha gözəl oxudu, qardaşın səndən daha tez topladı) uşaqlar arasında müqayisələr edərək özləri həyatı boyu övladlarının rəqabətli böyümələrinə səbəb olurlar. Bəzən valideynlər özlərinin rahatlığı səbəbilə (zaman, məsafə, dərslərlə məşğulluq baxımından) onları eyni dərnəklərdən daha böyük səhv edərək, yaşları arasında fərq olsa da eyni sinifə qoyurlar. Bu nəticə etibarilə, uşaqlardan birinin sadəcə digərinin “kölgəsi“ndə qalmaq riskini artırır, onun şəxsiyyət kimi təsdiqini natamam edir”.
Mənbə: bagcam.az