Müəllim uşağın həyatına valideynlərdən sonra yön verən, həyata, yaşamağa istiqamətləndirən ikinci bir şəxsdir.
Müəllim və həkim peşəsi həmişə göz önündədir, işinin nəticəsi həyatımızın, cəmiyyətin hər yerində birbaşa hiss edilir. Buna görə də bu peşədə hansısa bir çatışmazlıq olanda dərhal sezilir, müzakirə obyektinə çevrilir.
Müəllimlik müqəddəs peşədir. Hər təhsili olan bu peşənin öhdəsindən layiqincə gələ bilmir. Uşağın fənnə olan marağı müəllimə olan hörmətdən irəli gəlir. Mənim cəbr və həndəsədən heç xoşum gəlməyib. Amma müəllimin xətrinə, qiymət xətrinə oxumuşam və yaxşı nəticə ilə də bitirmişəm. Kimyanı biz 8-ci sinifdə keçdik. Bu fənni heç sevmədim və ilk başlayanda heç oxumadım. Müəllimim Elnarə Baxşəliyeva bu fənni mənə sevdirdi. Müəllim təmənnasız əlavə dərs keçməklə kimyanı mənə sevdirə bildi. Kimyaya elə həvəslə bağlandım ki, 9-cu sinifdə ali məktəbə hazırlaşan uşaqların testlərini işləyirdim. Olimpiadalara çıxırdım. Kimya dedikdə gözümün qarşısında Elnarə müəllim canlanır.
Müəllim uşaq üçün hər şeydir. Müəllim bir sözü ilə uşağı dərsdən soyuda bilər. Fənnə nifrət etdirə bilər. Müəllim uşağa qarşı olan bir davranışı ilə onu təhsildən soyuda bilər. O qədər elə hekayələrin şahidi olmuşuq ki. Müəllim bir sözü ilə heç oxumağa maraq göstərməyən uşağı ən savadlı, ən bacarıqlı, həvəsli şagirdə, tələbəyə çevirə bilər.
Məşhur alim və fizik Albert Eynşteynin müəllimlərlə, elə müəllimlərin də onunla arası olmayıb. Orta təhsil aldığı illərdə Albert haqqında yalnız bir ifadə işlədilib: "Bu uşaq gələcəkdə heç nəyə yaramayacaq.” Amma tarix göstərdi ki, Albert kimi bir insan çox nadirən dünyaya gələ bilir.
Mənim Gülbəniz Abbasova adlı tarix müəllimim vardı. "Müəllim” peşəsi adı gələndə gözümün qarşısına məhz o gəlir. Bir sualına cavab verməyəndə vicdan əzabı çəkirdim. Gülbəniz müəllim peşəsinin haqqını verirdi. Sinifdə bir uşaq belə oxumaq istəyirdisə heç ərinmədən, həvəslə o dərsi izah edirdi. Hər 45 dəqiqənin haqqını verirdi. Sinifdə bir uşaq qalsa belə usanmadan dərsini keçirdi. Eləcə də digər müəllimlər.
İbtidai sinif müəllimim Şəfaqət Baxşəliyeva ana qayğısı ilə yanaşırdı. O müəllimdən şəfqət görmüşəm. Bir musiqi müəllimimiz var idi, Aynur müəllimə. O qədər səbrli, başa düşən insan idi ki. 1-ci sinifdə o qədər səbrlə, şəfqətlə bizi ələ alırdı ki. Musiqini elə gözəl anladırdı ki. Mən hələ də elə bilirəm ki, bütün musiqi müəllimləri onun kimidir. Musiqi dərsi mənim gözümdə o müəllimin simasında canlanır.
İbtidai sinif müəllimi insanın heç yadından çıxmır. İbtidai sinif müəllimi olmaq üçün insanda o qədər səbr, ürək, hissiyyat olmalıdır ki, uşağı təhsilə bağlaya bilsin. Çünki həyata atılan ilk addım məhz 1-4-cü sinifdən başlayır. İbtidai sinif dünyaya baxış qapısıdır. Bu qapıdan necə içəri girməyi, dünyaya baxmağı məhz onda öyrənirik.
Ali məktəbdə ixtisas fənnini deyən Aynur Bəşirovanın dediyi, işlətdiyi çox kəlmə hələ də yadımdan çıxmır. Onun işlətdiyi ifadələr, verdiyi məsləhətlər bir ana kimi hələ də mənə yol göstərir.
11 illik təhsil elə səviyyədə verilməlidir ki, uşaq ali məktəbə qəbul olmasa belə öyrəndikləri gündəlik həyatında da lazım olsun. Burda tək elmdən getmir söhbət. Müəllimin fərqində olmadan işlətdiyi bir cümlə, dediyi söz bəzən ölənəcən insanın yaddaşına həkk edilir.
Müəllim həm də psixoloq olmalıdır. Dərsi deməklə iş bitmir. Hər uşağa yanaşma tərzi fərqlidir.
Məktəbin vəzifəsi cəmiyyət üçün şəxsiyyət yetişdirməkdir. Universitetin vəzifəsi isə gələcəyin mütəxəssisini hazırlamaqdır. Birincidə əskiklik olanda ikinci də axsayır.
Müəllim olmaq istəyən əziz insanlar bu peşəni seçməzdən əvvəl iki yox, beş dəfə fikirləşin. İndiyəcən beynimizə yeridilən, qulaqlarımızı kar edən bir ifadəni dəfn etməyin əsl vaxtıdır:"Heç olmasa müəllimiyə sənəd verərdin”. Uzun illər bu kəlmə ilə gələcəyimizin nə dərəcədə ləkələndiyinin, məhv edildiyinin fərqində olmamışıq. Pul, ad, gününüzü keçirtmək xətrinə bu peşəni seçməyin.
Sizin dərs dediyiniz uşaqların gələcəkdə hansı peşələrə yiyələnə biləcəyini, hansı dünyəvi uğurlar əldə edə biləcəyini əvvəlcədən bilmək olmur. Bəlkə də hər gün arxa partada otuzdurduğunuz, səsi çıxmayan, zəif adlandırdığınız şagird gələcəkdə dünyanı xilas edəcək. Kim bilir?...
Tarixi bilməyən uşaqlar müharibədə tarix yazdı. Hər gün danladığınız, gözünüzdə kiçiltdiyiniz uşaq böyüyərək dünyaya meydan oxudu. Sizin tənələriniz altında özünü sinfin küncünə verən uşaq dünyanı idarə etdi. Ona görə də sizin dediyiniz hər ifadə, işlətdiyiniz hər söz uşağın həyatını bəzən dəyişə, bəzən də alt-üst edə bilər.
Cəmiyyətdə ən yüksək əmək haqqı müəllimin və həkimin olmalıdır. Cəmiyyətin müəllimdən də tələbi çoxdur. Bu belə olub, olacaq da. Çünki yeganə peşə müəllim peşəsidir ki, gündəlik həyatımızın hər yerindədir, hər evdədir, hər ailədədir. Təsiri çox böyükdür. Ömrümüzün ən azı 15 ili bu peşəylə ünsiyyətdə keçir. Həyatımızın, xoşbəxtliyimizin yarıdan çoxunu bu peşəyə borcluyuq.
Müəllim adının haqqını verənləri həmişə qiymətləndirməliyik. Onların çəkdiyi əziyyəti, əzabı göz ardı etmək heç bir vicdana sığmaz. Belə bir deyim var: İnsan peşə və ailə seçimini düzgün edərsə, dünyada yerini tutacaqdır. Bu iki seçimi biz 15 il keçdiyimiz dərsə, sizlərdən görüb-götürdüyümüzə əsasən seçirik.
Sonda mənə dərs deyən bütün müəllimlərə təşəkkürümü bildirirəm.
TurpKimi.com