"Uşağı məktəbə bağlamaq üçün öncə ona rahatlıq vermək lazımdır. Çünki heç də 30 uşağın hər biri məktəbə yüksək qavrama ilə başlamır. Bəziləri yüksək zəka, bəziləri isə aşağı biliklə gəlirlər. Bilsə belə, utancaqlıq və kompleks səbəbindən, dərs danışmaq istəməyənlər də olur. Bunların hamısını nəzərə alaraq, ibtidai sinif müəllimlərinin uşaqları seçə bilmək üçün psixoloji qabiliyyəti olmalıdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Roza Kazımlı deyib. O, yeni dərs ilində I siniflərin məktəbə adaptasiyası haqda danışarkən qeyd edib ki, 6 yaş uşaqlar üçün kritik dövrdür:
"Təlim-tədris sisteminə birbaşa oyun fəaliyyəti dövründən keçdiklərinə görə uşaqlıqdan qopmaq birincilər üçün çətin olur. Düşünürlər ki, "mən körpə uşaq idim, istədiyimi edirdim. İndi isə hamı kimi sistemə uyğunlaşmaq məcburiyyətindəyəm”.
Uşağın valideynindən asılılığı varsa, o, xüsusi çətinlik çəkəcək. Özündən kiçik, məktəbə getməyən bacı-qardaşı var və onlar hələ də evdə oyun oynayırsa, şagirddə istər-istəməz qısqanclıq yaranır. Nəticədə fikri dərsdən yayınır.
Buna görə də 6 yaşına qədər uşağın bağçada olması mütləqdir. Türkiyədə 4-6 yaşlarında uşağı "ana okul” vasitəsilə məktəbə hazırlayırlar. Digər ölkələrdə də tədrisə 4 yaşından başlanır, amma sərbəst şəkildə. Heç kim onları parta arxasında əyləşməyə məcbur etmir. Diqqətini cəmləmək, bir nəfərə qulaq asa bilmək şagird üçün ilkin bacarıqlar hesab olunur. Bunlar təbii ki, ilk günlər onun üçün çətin olacaq. Bu, normaldır”.
Psixoloq bildirib ki, məktəbə yeni gedən uşaqlar əsasən adaptasiyada çətinlik çəkirər:
"Uşaq bağça və ya məktəbə hazırlıq görməyibsə, onda sosiallaşma problemi olur. Onun düşdüyü sinif, mühit və fiziki inkişafından da çox şey asılıdır. Bunlardan asılı olaraq uşaq özgüvən problemi yaşaya bilər.
Adaptasiya problemi ilk vaxtlar, məsələn, oktyabrın ortalarına qədər normaldır. Amma bu, şagirddə aylarla davam edirsə, deməli, problem var. Uşaq bu dövrdə özünü tanımağa başlayır. Düşünür ki, mən kiməm, mənim bacarıqlarım nə qədərdir və s. Valideyn və müəllim birgə iş aparsalar şagird ciddi problem yaşamayacaq. Əgər noyabr ayından sonra da bu hal özünü biruzə verər və asılılıq aradan qalxmazsa, uşaqda təşviş yaranacaq, valideyni itirmə qorxusu hiss edəcək. Hadisə baş verən kimi düşünəcək ki, bəlkə mənim anama da nəsə oldu? Kimsə qəza etsə deyəcək ki, bəlkə də onu edən mənim atam idi. Bu, ilkin vaxtlar özünü belə göstərəcək. 9-10 yaşlarında isə ölüm qorxusuna səbəb olacaq. Yəni həmin müddət ərzində bunların hamısını aşmaq lazımdır ki, uşaq bu dövrü normal keçirsin. Uşağın məktəbə adaptasiyası, valideyn və müəllimlərin iş birliyindən asılıdır”.
"Bəs şagirdinin bu tip çətinliklərlə əlləşdiyini görən müəllim onunla necə davranmalıdır?”
"Bizdə müəllimin yeni şagirdlə necə davranması ilə bağlı konkret sistem yoxdur. Bu yalnız bəzi özəl məktəblərdə var. Fikir verirsizsə, onlar dərsə ayın 1-dən başlayıblar, xarici təcrübə ilə gedirlər.
Müəllim öncə uşaqla valideyn bağı qurmalıdır. Çünki uşaq valideyninə bağlı olur. Təsadüfi deyil ki, çoxlarının fikrində ibtidai sinif müəllimi ikinci valideyn kimi qalıb. Müəllim ananın sevgi və qayğısını verməlidir. Çatan kimi ağır dərslər verilsə, uşaq üçün çox çətin olacaq. Ona görə də həmişə uşağın fikrinə önəm vermək lazımdır.
Sovetdənqalma avtoritar sistem tətbiq olunmamalıdır. İndiki uşaqlar daha həssas, qayğılıdırlar. Onlara bu sistem çətin gələ bilər. Ona görə də sinifdə demokratiya olmalıdır. Uşağı məktəbə bağlamaq üçün öncə ona rahatlıq vermək lazımdır. Dərslər isə daha aydın, rahat şəkildə keçilərsə, yaxşı olar. Çünki heç də 30 uşağın hər biri məktəbə yüksək qavrama ilə gəlmir. Bəziləri yüksək zəka, bəziləri isə aşağı biliklə gəlirlər. Bilsə belə, utancaqlıq və kompleks səbəbindən, dərs danışmaq istəməyənlər də olur”.
Psixoloq bunları nəzərə alaraq bildirib ki, ibtidai sinif müəllimlərinin uşaqları seçə bilmək üçün psixoloji qabiliyyəti olmalıdır:
"Əgər onda bu yoxdursa, məktəb psixoloqundan dəstək ala bilər. Müəllim görsə ki, uşaq bilir, amma əlini qaldırmır, sıxılır, fikri dağınıqdır, tədbir görməlidir. Şagirdin fikrini cəmləmək üçün nə etməli olduğunu düşünməlidir. Ən azından ayın sonunda valideynlərlə məsləhətləşməlidir.
İclaslarda "sənin uşağın zəifdir, pisdir, sənin uşağının diqqəti dağınıqdır” deməklə valideynlərdə də ruh düşkünlüyü yaratmaq olmaz. Oturub ailə kimi müzakirə aparmaq lazımdır”.
"Uşağa böyüdüyünü yavaş-yavaş başa salmaq lazımdır”
"Uşağı məktəbə gələnə qədər hazırlamaq, məqsədli yetişdirmək lazımdır. Əlbəttə ki, XI sinfə qədər çox şey dəyişəcək. Amma məsələn, valideyn sual verməlidir ki, niyə həkim olmaq istəyirsən? Bunun üçün nə etmək lazımdır? Onlar nə edib ki həkim olublar? Deməli, dərslərini daha yaxşı oxuyublar və s. Beləcə, uşaq məqsədini anlayacaq.
Məktəbə yeni başlayan biri ən azından vaxtını düzgün bölməyi bacarmalıdır. 6 yaşadək uşaq kitab oxuya bilməsə də, rəngli kağızlarla məşğul olmalıdır. Valideyn övladı ilə birgə bəlli qrafik qurmalıdır. Məsələn, deməlidir ki, 3 saat dərs oxuyub, 2 saat dincəlib, yarım saat cizgi filminə baxacağıq. Uşaq bütün günü dərs oxusa, tükənər. Məktəbə qədər onu məcbur edib çox oxutsaq, onda məktəbə qarşı qorxu formalaşacaq. Ona görə də uşağa böyüdüyünü yavaş-yavaş başa salmaq lazımdır”.
Bəs uşaq artıq məktəbə gedir və bu problemlərlə üz-üzədirsə valideyn onu necə başa sala bilər?
Psixoloq qeyd edib ki, bunun üçün hər hansı uğurlu məşhurun həyatı haqda video roliki açıb göstərə bilərik:
"Orada "o, bu səviyyəyə çatmaq üçün nə edib?” sualının cavabı olacaq. Məktəbə gedir deyə birdən birə oxuması üçün uşağın üstünə düşmək olmaz. Ən azından arada fasilələr vermək, vaxtı maraqlı keçirmək lazımdır. Ona məktəbi sevdirmək üçün öncə müəllim və yeni dostlarını sevdirmək lazımdır.
Valideyn müəllimlə daim əlaqədə olmalıdır. Əgər uşaq rəsmi çox sevirsə, həftənin bir günü gərginliyini azaltmaq məqsədilə ona xüsusi rəsm dərsi ayırmalıdır. Etdiyi ən kiçik şeyi belə uşağın gözündə qabartmaq, özgüvənini formalaşdırmaq lazımdır. Onda maraq formalaşsa, yavaş-yavaş həvəsi də artacaq. Valideyn bəzən bunları bir dəfə edir, alınmayanda həvəsdən düşür. Amma bunları davamlı etsə, nəticə əldə edəcək”.