AzTehsil.com


Xəbərlər / Ekspert
05 avqust 2020
2 000


Nadir İsrafilov: Oxumaq savad sayılmır, bilmək savad sayılır



 

"Çox təəsüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər”. Hörmətli professorumuz Şahlar Əsgərovun "Bu düşüncəni dəyişsək, məktəb də dəyişəcək” adlı diqqətçəkən yazısında toxunulan təhsillə bağlı fəaliyyətimizdə istifadə etdiyimiz terminlərin bəzilərinin dövrün tələblərinə cavab verməməsi ilə bağlı maraqlı fikirləri sözügedən məsələ ilə bağlı mənim də bəzi düşüncələrimi təzələmiş oldu.
 
Oxumaq savad sayılmır, bilmək savad sayılır, inkişaf etmiş ölkələrdə bu prosesləri ifadə etmək üçün oxumaq yox, öyrənmək sözündən istifadə edirlər – deyən professor, bu tezisə inanmaq üçün rus və ingilis dillərində bu sözləri müqayisə etməyi tövsiyə edir, ilk baxışda kiməsə elə də böyük görünməyən bu kiçik fərqin dərindən düşünəndə böyük təsiri olduğunu konkret faktlarla əsaslandırır. Çıxarılan nəticə isə ondan ibarətdir ki, fəlsəfi baxımından oxumaq vasitədir, öyrənmək isə məqsəddir. "Vasitə məqsəd kimi bizim şüurumuza yerləşdirilib. Çox təəsüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər”.

Yəqin ki, yaşlı və orta nəslin nümayəndələri xatırlamamış olmazlar ki, hələ məktəbə qədəm qoyduğumuz ilk gündən proletariatın dahi rəhbəri, sovetlər birliyinin qurucusu kimi tanıdğımız Leninin "Oxumaq, oxumaq, yenə də oxumaq” vəsiyyətinin təsiri altında təhsilimizi başa vurub, müstəqil həyata qədəm qoymuşuq. Başqa cür ola da bilməzdi. Dillər əzbərinə çevrilən bu ruhlandırıcı şüar bütün təhsil müəssisələrınin foye və dəhlizlərinin bir nömrəli atributu idi. Yeniyetməliyindən gəncliyindən və yaşlılığından asılı olmayaraq hamı oxuyurdu. Böyük və qüdrətli bir olkənın hər bir vətəndaşı üçün təhsilin əyani, qiyabi, axşam, fezo, fəhlə və gənclər məktəblərindən ibarət geniş şəbəkə yaradılmışdı. 

Maraqlı olan və diqqətçəkən məqam nə idi? Yarım əsrdən artıq bir müddətdə Leninin "Uçitsya, uçitsya, yeşo raz uçitsya” çağırışı tərcümədə dilimizdə "Oxumaq, oxumaq, yenə də oxumaq” kimi assosiasiya olunub. Halbuki "uçitsya” anlayışı rus dilində oxumaq deyil, öyrənmək mənasını verir. Oxumaq isə rus dilində "çitat”, "proçitat” anlamına gəlir. Məsələn, çitat vslux (ucadan oxumaq), proçitat stixotvoreniye (şer oxumaq) və s. Uçenik (şagird), ucitel (müəllim), uçyonıy (alim) sözləri "uçit” (öyrətmək) kökündən götürülüb. Elə qardaş türk dilində də şagırdə öyrənci, müəllimə öyrətmən deyilir. Əslində dilimizdə oxumaq sözü əsasən hər hansı bir mahnı və ya şer oxumaq kimi başa düşülür. Dərsi isə oxumaq deyil öyrənmək tələb olunur.

Çox ehtimal ki, hüquq təhsilinə malik olan Lenin indiki terminologiya ilə desək, "uçitsya”  mesajını verərkən oxumaq və öyrənmək anlayışlarının fərqində olmamış deyildi və yəqin ki, "Min bir gecə nağılları”nı oxumağı nəzərdə tutmamışdı. Bununla belə, tam əminliklə hökm də vermək düzgün olmaz ki, Lenin bu fikri irəli sürərkən özlüyündə oxumağı, yoxsa öyrənməyi nəzərdə tutub. O da inandırıcı görünmür ki, rəhbərin bu fikirlərinin düzgün açıqlamasında tərcümə xətalarına yol verilib. Ən əsası ona görə ki, o dövrlərdə ölkəmizdə rus dili bilicilərinin və peşəkar tərcüməçilərin sayı indikində qat-qat artıq idi və hansısa dərslikdə məsələn, tut ağacının "derji derevo” (ağacı tut) kimi tərcümə olunmasına qətiyyən yol verilə blməzdi. 

Bəlkə də belə bir tərcümə o vaxtlar oxumağın attestat, diplom almaq xatirinə deyil, elə məhz öyrnmək, bilik əldə etmək məqsədinə xidmət etməsindən irəli gəlib. Bizlər məktəbə gedərkən yalnız 9-10-cu siniflərdə bilmişik ki, sən demə bizə məktəbi bitirməyimizlə bağlı kamal attestatı adlı hansısa bir sənəd veriləcək. İstitut və ya universitetə daxil olmaq da diploma görə deyil, ali təhsil almaq, mükəmməl bir peşəyə yiyələnmək arzumuzdan irəli gəlib. Dərsdən kənar qalmaq, təhsildən yayınmaq kiminsə ağlına belə gələməzdi. Arada bir müəyyən "üzürlü” səbəblərdən dərsdən qaçmağmıza və ya qripə tutulmağımızla bağlı bir-iki gün məktəbə getməməyimizə görə müəllimin və ya sinif rəhbərinin evimizə gəlməsi bizim üçün ən sərt cəza sayılardı, proqram materialından geri qalmamaq üçün əlavə ev tapşırıqlarını yerinə yetirməli olarduq və s. Nə isə…

Əgər hesab etsək ki, Leninin "Uçitsya, uçitsya, yeşo raz uçitsya” lozunqunun 70 il ərzində bizə "Oxumaq, oxumaq, yenə də oxumaq” kimi təqdim olunması tərcümə xətası deyildi, bəs onda elə o dövrün sonlarında orta məktəblərimizin 5-ci sinifləri üçün nəzərdə tutulmuş "Azərbaycan tarixi” kursunu "Ata yurdu” adlandırmağımızın adı nə idi? Bəlkə, ideya təşəbbüsçüləri  kursun adını dəyişərkən "Oteçestvo” sözü ilə "Otçestvo” sözünü qarışıq salmışdılar? Bəlkə hesab ediblər ki, rus qonşularımızın "Oteçestvennaya istoriya” adlandırdığı tarix "Otes” (ata) sözündən götürülüb? Əslində, bəlkə də bu ideya müəlliflərini "qınamaq” da ədalətsizlik olardı. Çünki, bu rusların dilində elə, qəribəliklərmi deyək, incəliklərmi deyək var ki, bundan da hər adamın baş çıxarması müşkül məsələdir. Gəl indi bu "Oteçestvo” (Vətən) ilə "Otçestvo” (ata xətti ilə soyad) arasındakı bir hərf fərqinə görə baş sındır. 

"Əlifba”ya "ərəb damğası” vurub sıradan çıxardıq, (ərəb sözüdür, ilk iki hərfi (əlif və bey) adının birləşməsindən əmələ gəlib. Alfavit də həmin qayda üzrə yaranıb, yunan sözüdür. Азбука da eyni qəlib əsasında əmələ gəlib, slavyan sözüdür) sanki tarix, coğrafiya, cəbr, kimya, biologiya, fizika, informatika… bizim sözlər imiş kimi…

O da maraqlıdır ki, lap elə indinin özündə dilimizdə "первобытные люди”, "первобытно–общинный строй”, "ibtidai insanlar”, "ibtidai icma quruluşu” kimi təqdim olunduğu halda, nəyə görə "начальная школа”, "начальные классы” məsələn, daha münasib sayıla biləcək ”ilkin məktəb”, "təməl sinifləri” kimi deyil, "ibtidai məktəb”, "ibtidai siniflər” kimi ışlənilməlidir?

Hər halda, ziyanın yarısından dönmək də bir xeyirdir deyiblər böyüklərimiz. Nə yaxşı ki, dərsliklərimizdə və digər tədris vəsaitlərində  rus dilinə əsaslanıb "oteçestvennaya voyna” sözünü "ata müharibəsi”, "za oteçestvo” sözünü "ata uğrunda”, "rodina mat zovyot” sözünü "ata vətən çağırır” kimi ifadə etməmişık, yoxsa aləmə biabır olardıq. Bir də ki, yeri gəlmişkən, ana vətən, ana torpaq deyə-deyə, birdən  yurdumuzu ata mülkiyyətinə çevirib "özəlləşdirməyimizə” nə ehtiyac vardı?

Keçək sözün mabədinə. Professorun haqlı, həyəcan xarakterli iradına əsasən indi oxumağın mahiyyəti dəyişıb. Oxuma prosesinin arxasında mənimsəmə durmur, halbuki, oxumağa yox, mənimsəməyə qiymət qoymaq olar. Bəli, inkişaf etmiş ölkələrdə bu prosesləri ifadə etmək üçün "oxumaq” yox, "öyrənmək” sözündən istifadə edirlər. Məhz, öyrnməyi öyrətməyin vaxtı çoxdan yetişıb. Artıq, biz təhsil alanlardan nəinki biliklərə yiyələnməyi, eyni zamanda  bu bilikləri anlamağı da tələb etməliyik. Bunun üçün isə ilk növbədə, bu kimi vərdişləri təhsil alanlarımıza aşılamağa  özümüzü borclu hesab etməliyik, oxumağa yanaşma tərzimizi dəyişməliyik.

Konfutsinin hər zaman üçün aktual hesab edilən bir fikri üzərində düşünməyinə dəyər: «Alicənab müəllim şagirdi öyrədəndə və tərbiyə edəndə onu irəliyə aparır, arxasınca dartmır, onda maraq oyadır, məcbur etmir, ona yol göstərir, lakin yolu sərbəst getməyə imkan yaradır. Nə qədər ki, o, şagirddə maraq oyadır, məcbur etmir, deməli, şagirdin bilik qazanması asanlaşır. Nə qədər ki, o, şagirdə yol açır, deməli, ona düşünmək imkanı verir. Müəllimlə şagirdin arasında müstəqilliyin yaranması, şagirdə bilik qazanmanın aşılanması və düşünmək imkanının verilməsi – məhz bunlar müəllimlik məharətidir».

Əgər desək ki, öyrənməyi öyrənmədən nə isə öyrənmək mümkün deyil, heç də yanılmarıq. Əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını ehtiva edir.



Загрузка...
Həmçinin oxuyun: