ADA Universitetində xarici nümayəndələrlə görüş keçirilib
“ADA Universitetində Azərbaycanın enerji və sənaye sektoru üçün strateji proqrama başladıq” - Turin Politexnik Universitetinin rektoru ilə MÜSAHİBƏ VİDEO
AzTehsil.com xəbər verir ki, ADA Universitetində İtaliyanın Turin Politexnik Universitetinin nümayəndə heyəti ilə görüşlər keçirilib.
İtaliyanın Turin Politexnik Universitetinin rektor, prorektor və proqram direktorlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində ADA Universitetinin idarəetmə komandası ilə geniş tərkibdə çoxsaylı görüşlər keçirilib. Turin Politexnik Universitetinin rektoru Stefano Kornyati və universitetin Azərbaycandakı fəaliyyətinin layihə rəhbəri Aldo Kanova AZƏRTAC-a müsahibə veriblər.
Rektor Stefano Kornyati: “Mən energetika sahəsində ixtisaslaşmış mexanika mühəndisiyəm. Universitetimiz sənaye sektoru ilə əməkdaşlıq çərçivəsində fəaliyyətini dərinləşdirir və bu, həyata keçirmək istədiyimiz əsas strategiyadır. Məqsədimiz akademiya və sənayenin əməkdaşlıq etdiyi, cəmiyyətə innovasiyalar gətirəcək tədqiqat və innovasiya ekosistemi yaratmaqdır.
Bugünkü cəmiyyətin böyük transformasiyaları texnoloji inkişafa, xüsusilə də yaşıl keçid və rəqəmsal keçidə əsaslanır. Biz potensialımızı ifadə etmək, istedadlı tələbələrə sənaye sektorunda iştirak etmək, həm Azərbaycan, həm də İtaliya cəmiyyətlərinin inkişafına töhfə vermək imkanı təqdim etmək istəyirik. İşimizin əsas prinsipi bölüşməkdir.
Biz digər universitetlərlə tərəfdaşlığımızın ikinci mərhələsinə başlayırıq. İlk növbədə, proqramlar vasitəsilə bilikləri paylaşmağı, xüsusilə gənc və erkən mərhələli tədqiqatçıların mobilliyini təmin etməyi planlaşdırırıq ki, bu da hər iki universitet üçün strateji sahələrdə innovasiya üzrə əməkdaşlığı artıracaq. Digər əsas layihəmiz tədqiqat infrastrukturunun paylaşılmasıdır. Bu, xüsusilə indi, təkrarlanmaların qarşısını almaq baxımından çox vacibdir. Bunun əvəzinə biz birgə tədqiqat infrastrukturunu inkişaf etdirməliyik. Turin Politexnik Universitetinin tədqiqat infrastrukturu digər universitetlərin tədqiqatçılarına əlçatan olacaq və burada, digər universitetdə inkişaf etdirilən bütün tədqiqat infrastrukturu birgə fəaliyyətlərimiz və tədqiqat qruplarımız üçün əlçatan olacaq.
ADA Universitetində biz Azərbaycanın enerji və sənaye sektorunun, xüsusilə elektrik mühəndisliyinin inkişafı üçün strateji bir proqrama başladıq. Təbii ki, mühəndisliyin bütün sahələri ölkənin inkişafı üçün çox vacibdir. Gələcəkdə tələbələrə digər vacib istiqamətləri araşdırmaq üçün imkanlar təqdim etməyi planlaşdırırıq. Bu istiqamətlərdən biri yaşıl keçidlə bağlıdır - enerji idarəetməsi və iqlim dəyişikliyinə qarşı tədbirləri əhatə edir. Digər istiqamət isə rəqəmsal keçidlə idarə olunan üfüqi transformasiya ilə əlaqədardır”.
Turin Politexnik Universitetinin Azərbaycandakı fəaliyyətinin layihə rəhbəri Aldo Kanova: “Universitetdə tələbələr artıq “foundation” kursuna başlayıblar. İndiyədək bu ixtisas üzrə 60-70 tələbə bakalavr dərəcəsinə qəbul edilib.
Bu layihə çərçivəsində, azərbaycanlı tələbələr ikinci ildən, yəni ikinci semestrdən etibarən İtaliyaya gələ biləcəklər və Turin şəhərində üç-dörd ay qalacaqlar. Onlar burada humanitar və texniki biliklər üzrə kurslara qatılacaq, dayanıqlılıq və elektromobilliliklə bağlı layihələrdə iştirak edəcəklər.
Bizim layihə çərçivəsində hər il beş nəfərin doktorluq dərəcəsində təhsil almasını planlaşdırırıq. Bizim hazırda doktorluq dərəcəsində təhsil alan üç azərbaycanlı tələbə var. Onlardan ikisi enerji sektorunda elektrik transmissiyası ilə bağlı layihədə, digər tələbə isə kompüter elmləri üzrə layihədə iştirak edir. Beş il davam edəcək bu layihəyə çoxlu sayda tələbələr qoşulacaq”.
Qeyd edək ki, ADA Universitetində keçirilən görüş zamanı Azərbaycanın davamlı inkişafını təmin etmək, yaşıl enerjiyə keçidini dəstəkləmək və universitet-sənaye əməkdaşlığını gücləndirmək istiqamətində atıla biləcək konkret addımlar müzakirə edilib. Xüsusilə yaşıl mühəndislik sahəsində insan kapitalının inkişafı və işçi qüvvəsinin hazırlanması üzrə əməkdaşlıq imkanları araşdırılıb.
Tərəflər ADA Universitetində tədqiqat imkanlarının genişləndirilməsi, təhsil proqramlarının sayının artırılması və gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün strateji planları müzakirə ediblər, bu məqsədlə işçi qrupun təsis edilməsini qərara alıblar. Rektor Stefano Kornyati bildirib ki, Azərbaycanda yüksək texnologiyalı tədqiqat bazasının qurulmasına dəstək vermək və ADA Universitetini bu prosesin əsas intellektual mərkəzinə çevirmək məqsədilə Turin Politexnik Universiteti ADA Universitetinə öz tədqiqat infrastrukturundan tam şəkildə istifadə imkanı verəcək.
Bundan əlavə, ADA Universitetinin professor-müəllim heyətinin akademik və tədqiqat potensialını dəstəkləmək üçün Turin Politexnik Universiteti növbəti il daha çox doktorantura tələbəsini qəbul edəcək. İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində təhsil alan ilk tələbələrin də gələn il bir semestr ərzində İtaliyada təhsil almaları planlaşdırılıb.
Qeyd edək ki, italyan nümayəndə heyətinin səfəri ADA-Turin Politexnik Universiteti əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədini daşısa da, tərəflər ölkəmizin yaşıl enerji və innovativ texnologiyalar sahəsindəki inkişafını dəstəkləmək üçün görülə biləcək birgə işləri xüsusilə müzakirə ediblər. Nümayəndə heyəti, həmçinin elm və təhsil naziri Emin Əmrullayev ilə görüşüb, universitetlərarası əməkdaşlıq mövzusu ətrafında fikir mübadiləsi aparıb.
Novruz ərəfəsində baş tutan səfər zamanı rektor Stefano Kornyati, Beynəlxalq əlaqələr üzrə prorektor Alberto Sapora, ətraf mühit mühəndisliyi departamentinin rəhbəri Françesko Laio və universitetin Azərbaycandakı fəaliyyətinin layihə rəhbəri Aldo Kanova ADA Universitetinin 11-ci Bahar Gənclik Festivalında iştirak ediblər.
Ölkəmizin akademik mühiti ilə yanaşı, mədəni irsi, Novruz adət-ənənəsi ilə də tanış olan qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılıblar.