Qarabağ Universitetində görüş keçirilib
Qarabağ Universiteti ilə Dövlət Vergi Xidməti arasında əməkdaşlıq məsələlərinə dair görüş keçirilib.
AzTehsil.com xəbər verir ki, Qarabağ Universiteti ilə Dövlət Vergi Xidməti arasında əməkdaşlıq məsələlərinə dair görüş və müəllim-tələbə heyəti üçün infosessiya keçirilib.
Görüşdə Dövlət Vergi Xidmətinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi Elçin Bəylərov, İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova, Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov iştirak ediblər.
İki qurum arasında potensial əməkdaşlıq məsələləri, tələbələr üçün təlim və təcrübə imkanları müzakirə olunub.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və Xankəndi şəhərində olmağın, burada çalışmağın məsuliyyətindən bəhs edib. Rektor bildirib ki, Qarabağ Universiteti ölkə başçısının birbaşa diqqət mərkəzində olduğundan bu ali təhsil müəssisəsindən gözləntilər də böyükdür. Ş.Bayramov qarşıya qoyulan hədəflərə çatmaq üçün birgə əməkdaşlıq və tərəfdaşlıqların qurulmasının əsas şərtlərdən biri olduğunu vurğulayıb.
Dövlət Vergi Xidmətinin nümayəndələri çıxışlarında rektorun qeyd etdiyi istiqamətlərin onlar üçün də maraqlı olduğunu bildiriblər, eləcə də gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə diqqət çəkiblər.
Tədbirdə “Ölkə iqtisadiyyatında verginin rolu” mövzusu ətrafında çıxış edən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov bildirib ki, vergi siyasətinin düzgün qurulması ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. M.Kazımov verginin yalnız dövlət büdcəsinin maliyyələşdirilməsində deyil, həm də iqtisadi fəaliyyətin tənzimlənməsi, sosial ədalətin təmin edilməsi və dayanıqlı inkişafın əldə olunmasında əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova “Dövlət Vergi Xidmətinin gənclərlə iş siyasəti: tələbələr üçün yaradılmış imkanlar” mövzusunda çıxış edərək qurumun gənclər üçün müxtəlif peşəkar inkişaf proqramları və təcrübə imkanları təqdim etdiyini vurğulayıb. A.Kərimova qeyd edib ki, gənclərin vergi sahəsində müasir biliklərə yiyələnmələri, həmçinin praktik bacarıqlar qazanmaları gələcəkdə bu sahədə uğurla fəaliyyət göstərmələri üçün vacibdir.
Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov “Vergi mədəniyyətinin yüksəldilməsində Ali təhsil müəssisələrinin rolu” mövzusundakı çıxışında vergi mədəniyyətinin cəmiyyətin hər bir sahəsində əhəmiyyətli rol oynadığını, bu baxımdan ali təhsil müəssisələrinin gənc nəslin vergi sahəsində düzgün istiqamətləndirilməsində əsas platforma olduğunu bildirib. Ə.Məmmədov əlavə edib ki, universitetlərdə vergi ilə bağlı dərslərin və təlimlərin genişləndirilməsi tələbələrin bu sahədə təcrübə qazanmalarına imkan yaradır.
Tədbirin yekununda tələbələri maraqlandıran suallar cavablandırılıb.