Qarabağ Universitetində bir sıra görüşlər KEÇİRİLİB
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Qarabağ Universiteti arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair görüş keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Qarabağ Universiteti arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Əməkdaşlıq çərçivəsində tələbələrlə mütəmadi görüşlər və müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərdə tələbələrin bölgənin inkişafına dair fikir və təklifləri dinləniləcək, yeni təşəbbüslərin formalaşmasına şərait yaradılacaq. Bundan əlavə, regionun sosial-iqtisadi inkişafı mövzusunda illik və ya yarımillik müsabiqələrin təşkili planlaşdırılır. Ən yaxşı 5 layihə komissiya tərəfindən seçilərək mükafatlandırılacaq və qalib layihələrin icrası dəstəklənəcək.
Qarabağ Universitetində “Dirçəliş klubu”nun yaradılması isə tələbələrin turizm təşəbbüslərini, dövlət səviyyəli tədbirlərin təşkilini, informasiya-tanıtım layihələri kimi sahələrdə iştirakını təmin edəcək. Klub, həmçinin mövsümi könüllülük fəaliyyəti, təcrübə proqramları və tələbələrin ixtisaslarına uyğun bacarıqlarının inkişafı baxımından mühüm platforma kimi nəzərdə tutulur.
Qeyd edək ki, əməkdaşlıq tələbələrin nəzəri biliklərinin praktik fəaliyyətdə tətbiqinə, regionun sosial-iqtisadi və turizm potensialının artırılmasına töhfə verəcək. Əməkdaşlığın konkret mexanizmlərinin müəyyən edilməsi məqsədilə yaxın günlərdə tərəflərin iştirakı ilə növbəti görüşün təşkili təklif olunub.








