“Nəcib qızlar klubu”nun azyaşlı üzvləri bədii tikmə və naxışvurma sənətini yaşadırlar
Ölkəmizin cənub bölgəsində bədii tikmə və naxışvurma sənətini yaşadanlar arasında böyüklərlə yanaşı, azyaşlı qızlar da var.
Məlumata görə, Astara rayonunun Kakalos Kənd Mədəniyyət Evi nəzdində fəaliyyət göstərən "Nəcib qızlar klubu”nun azyaşlı üzvləri qədim el sənətinin sirlərinə böyük həvəslə yiyələnirlər.
Klubun azyaşlı üzvləri təcrübəli tikiş ustalarından xandus, təkəlduz, milli tikmə, tambur, doldurma, zəncirvari tikiş, rokoko, merişka, veşivka, bütövlükdə 60-a yaxın tikiş növünün sirlərini öyrənməklə gözəl sənət əsərləri yaradırlar.
Məişət əşyalarının üzərinə bəzək vuran, rəngli saplarla müxtəlif güllərin və quşların təsvirini parça üzərinə köçürən qızlardan kimisi gələcəkdə həkim, kimisi müəllim, kimisi də fərqli peşə sahibi olmaq arzusundadır. Lakin, onlar bədii tikmə sənətinə yiyələnməklə illərdir davam edən bu ənənəni yaşatmaq niyyətindədirlər.
"Tərəqqi” medallı, Fəxri Mədəniyyət İşçisi Fərbiyyə Şabanova "Nəcib qızlar klubu”nun yaranma tarixindən söhbət açaraq deyib: "1994-cü ildə Kakalos Kənd Mədəniyyət Evində fəaliyyət göstərən Şəhriyar adına Xalq Teatrın rejissoru işlədiyim vaxt qızları teatra cəlb etmək məqsədilə teatrın nəzdində "Nəcib qızlar klubu”nu yaratdıq. Qısa müddətdə 31 qız kluba cəlb olundu.”
Bu qızların iştirakı ilə ilk dəfə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 800 illik yubileyi ilə əlaqədar şairin "Bəngü-badə” əsərinin motivləri əsasında ədəbi-bədii kompozisiyanın hazırlandığını və Astara Rayon Mədəniyyət evində kollektivin uğurlu çıxışını xatırlayan F.Şabanova sonralar qızların "Əvəsor” folklor kollektivində və Xalq Teatrında çıxış etdiklərini diqqətə çatdırıb.
Kənddə bu ənənə bu gün davam edir. Gənclərlə bərabər, azyaşlı məktəblilər də qədim el sənətinin sirlərinə böyük həvəslə yiyələnirlər.
"Nəcib qızlar klubu”nun 30 nəfər üzvündən 10 nəfəri azyaşlı uşaqlardır. Klubun ən azyaşlı üzvü- Samirə Əliyevanın 6, ən böyük üzvü-Elza Əliyevanın isə 12 yaşı var.
Balaca tikməçilər hər il paytaxtda və bölgələrdə təşkil olunan sərgilərdə, el şənliklərində öz nəfis əl işlərini nümayiş etdirirlər.
Azyaşlı qızlarının əl işləri Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində təşkil olunmuş sərgidə diplom, fəxri-fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb, bu əl işləri Mədəniyyət və Turizm Nazirliyinin kataloquna daxil edilib.
"Nəcib qızlar klubu”nun azyaşlı üzvlərinin əl işləri bölgələrdə təşkil olunmuş sərgilərdə də uğurla nümayiş etdirilib.