Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri Azərbaycanı beynəlxalq müsabiqədə uğurla təmsil ediblər.
Aztəhsil.com oxu.az-a istinadən İdarədən bildirilib ki, Finlandiya Respublikasının Hyuvinka şəhərində uşaq və gənclər arasında keçirilən "Together” 16-cı Beynəlxalq İncəsənət müsabiqə-sərgisində məktəbin rəssamlıq şöbəsinin II sinif şagirdləri (müəllim Elmar Ağamirzə) Emil Abdullayev "Qara qızılın nəğməsi” və Mikayıl Məmmədzadə "Mənim asudə vaxtım” adlı rəsm əsərləri ilə diploma layiq görülüblər.
Müsabiqədə qalib gələn əl işləri 2018-ci ilin yanvar ayının sonunadək Finlandiya Respublikasının müxtəlif rəsm salonlarında sərgilənəcəkdir.
Qeyd edək ki, müsabiqə-sərgidə dünyanın 66 ölkəsindən 6800 iş nümayış olunub. Müsabiqə uşaqların mədəniyyət və incəsənət təhsilinin inkişaf etdirilməsi ilə yanaşı, onların multikultural dünyada bərabərliyini dəstəkləmək məqsədini daşıyır.