AzTehsil.com


Xəbərlər / Müəllim
20 iyul 2019
2 473


“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?



“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

 

 
"Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi və görkəmli nümayəndələrinin fəaliyyətinin təsviri mühüm vasitə kimi 

Azərbaycan xalqı dünya xalqları içərisində özünün  mükəmməl, güclü dövlətçilik ənənələrinə mailk olması ilə xüsusi fərqlənir. Xalqımız həmişə dövlət ənənələrini qorumağa çalışmış, ən ağır, mürəkkəb şəraitdə belə dövlətçilik ideyasını milli şüur komponenti kimi inkişaf etdirmiş, onu milli qürur mənbəyinə çevirmişdir. Bu baxımdan Azərbaycan xalqı, Azərbaycan türk milləti dövlət yaradan, dövlət  quran xalq, millət kimi zəngin tarixi keçmişə malikdir. Mübarizə ilə dolu xalqımızın tarixində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, bu dövləti yaradan böyük şəxsiyyətlərin fəaliyyəti mühüm yer tutur.

Tarixi mənbələr göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb ictimai-siyasi proseslərin, xalqın milli azadlıq mübarizəsinin, uzun müddət imperiya əsarətindən, zülmündən xilas yolunun axtarışı, milli mənlik şüurunun, müstəmləkə rejiminə boyun əyməmək inadının, güclü vətənpərvərlik ruhu və əyilməzlik duyğusunun, dövlətçilik ənənələrinə sadiqliyi qorumaq hissinin, türklük və türkçülük amalının möhtəşəmliyinin nəticəsi kimi yaranmışdır.

1828-ci ildə Azərbaycan ərazisi bölüşdürülsə də (Türkmənçay müqaviləsində) xalqımız müstəmləkə rejiminə qarşı daim mübarizə aparmış və 1918-ci il mayın 28-də müstəqil dövlət qurmağa nail olmuşdur. 23 ay fəaliyyət göstərən bu dövlət- Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də Sovet Rusiyasının XI Ordusu tərəfindən devrilmiş və Şimali Azərbaycanda Sovet hakimiyyəti qurulmuşdur. Bolşeviklərin-kommunistlərin rəhbərlik etdikləri Azərbaycan Sovet Sosialist Respublikası 1991-ci ilin payızına qədər fəaliyyət göstərmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi haqqında "Konstitusiya Aktı” qəbul edilmiş və bununla da xalqımız yenidən müstəqilliyə qovuşmuşdur. Bu gün qürur mənbəyimiz olan milli dövlətimiz- Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi getdikcə möhkəmlənir, inkişaf edir, milli-tarixi ənənələri yaşatmaqla bəşəri dəyərlərə də xüsusi əhəmiyyət verir, dünya dövlətləri içərisində özünün fəal mövqeyi, çəkisinə görə diqqəti cəlb edir.

Konseptual ideyalar şəklində qeyd etdiyimiz bu fikirlərin Azərbaycan tarixi təliminin məzmun elementləri kimi diqqətdə saxlanması, bu və ya digər məsələ ilə bağlı şərh, izah verilərkən əsaslandırma aparılarkən nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Çünki tarix fənninin məzmunu millətin həm maddi, həm də mənəvi varlığının əksetdiricisidir. Burada tarixi keçmiş milli dəyərlər kimi qəbul edilir və öyrənilir, bu dəyərlər isə təhsilalanın milli simasının, milli xarakterinin, strateji təfəkkürünün, düşüncə tərzinin formalaşmasına zəmin yaradır.

Hazırda ümumtəhsil məktəblərində istifadə olunan Azərbaycan tarixi dərsliklərində Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, o cümlədən cümhuriyyətin dövlət xadimlərinin fəaliyyətini öyrənmək üçün geniş imkanlar mövcuddur.

Aydınlıq üçün qeyd edək ki, ümumtəhsil məktəblərində tarix təhsilinin strukturu dəyişdiyindən problemin (AXC ilə bağlı)  öyrənilmə imkanları da dəyişmişdir. Belə ki, əvvəllər ümumtəhsil məktəblərində tarix fənni xətti prinsiplə tədris olunurdu. Bu, o deməkdir ki, tarixin sistematik kursu VI sinifdən XI sinfədək bir konsentrdə, bir mərhələdə öyrənilirdi. Təmayülləşmə tətbiq edildikdən sonra isə tarix fənni (həm Azərbaycan tarixi, həm də ümumi tarix) konsentrik prinsiplə tədris olunmağa başladı.

Müasir təhsil tarixindən məlumdur ki, 2008-2009-cu  tədris ilindən etibarən ümumtəhsil məktəblərinin birinci siniflərindən yeni təhsil proqramı (kurikulum)  tətbiq olunmağa başlanmışdır. V siniflərdə Azərbaycan tarixi fənni üzrə başlanğıc kurs- epizodik hekayələr tədris olunur. Bu siniflərdə yeni təhsil proqramı (kurikulum) 2012-2013-cü tədris ilindən tətbiq edilir. Tarix fənninin sistematik kursu isə VI sinifdən başladığına görə bu siniflərdə yeni təhsil proqramı 2013-2014- cü tədris ilindən, IX siniflərdə 2016-2017-ci tədris ilindən, X siniflərdə 2017-2018-ci tədris ilindən, XI siniflərdə 2018-2019-cu tədris  ilindən tətbiq olunmağa başlamışdır. Hazırda tarix fənninin sistematik kursu ümumtəhsil məktəblərində iki konsentr üzrə (iki mərhələ üzrə) tədris olunur: birinci konsentrdə VI-IX siniflərdə-ən qədim dövrdən müasir dövrədək; ikinci konsentrdə X-XI siniflərdə-yenə də ən qədim dövrdən müasir dövrədək.

V-IX siniflərdə  Azərbaycan tarixi təlimi materiallarının aşağıdakı  bölgü əsasında (müəyyən dövrlər üzrə)  tədrisi müəyyənləşdirilmişdir:

V sinif - ən  qədim zamandan müasir dövrədək- epizodik hekayələr kursu;

VI sinif - ən qədim dövrdən V əsrədək;

VII sinif - VI əsrdən XVI əsrin ikinci yarısınadək;

VIII sinif - XVI əsrin ikinci yarısından  XIX əsrin əvvəllərinədək;

IX sinif - XIX əsrin əvvəllərindən (Türkmənçay müqaviləsindən sonra) müasir dövrədək.

İkinci mərhələdə isə (X-XI siniflərdə) təlim materiallarının dərinləşdirilmiş formada tədrisi nəzərdə tutulur.  Belə olan halda təbii ki, proqram materiallarının siniflər üzrə bölüşdürülməsində də xətti prinsiplə müqayisədə fərqlilik yaranır.

Həm də konsentrik prinsipə görə bir məsələnin-bir mövzunun iki dəfə öyrənilməsi imkanları meydana çıxır: 1) birinci dəfə VI-IX siniflərdə;  2) ikinci dəfə X-XI siniflərdə. 

X-XI  siniflərdə  Azərbaycan tarixi təlimi materiallarının aşağıdakı  bölgü əsasında (müəyyən dövrlər üzrə)  tədrisi müəyyənləşdirilmişdir:

X sinif - ən qədim dövrdən XVIII əsrin sonunadək;

XI sinif - XIX əsrin əvvəllərindən (Azərbaycan torpaqlarının işğalının başlanmasından- Rusiya -Qacarlar müharibəsindən) müasir dövrədək.

AXC, yaxud onun görkəmli nümayəndələri ilə bağlı bəzi məlumatlar  V siniflər üçün Azərbaycan tarixi dərsliyində (epizodik hekayələrdə) də verilmişdir. Bütövlükdə V-XI siniflərdə Azərbaycan tarixi üzrə bu məsələnin öyrənilməsi ilə bağlı dərsliklərin imkanlarını iki istiqamət üzrə qruplaşdırmaq olar:

1) bilavasitə AXC tarixinə və ya onun görkəmli nümayəndələrinə aid olan mövzuların imkanları;

2) AXC tarixi ilə əlaqəli olan digər mövzuların imkanları.

Apardığımız araşdırmalar göstərdi ki, Azərbaycan tarixi fənni üzrə V, IX və XI siniflərdə AXC tarixi və onun görkəmli nümayəndələrinin fəaliyyəti ilə bağlı hər iki istiqamətdə imkanlar genişdir.

V sinfin Azərbaycan tarixi dərsliyində 4 mövzu bilavasitə AXC və onun görkəmli nümayəndələrinə həsr olunmuşdur:

1) Sultan bəy Sultanov §38

2) "Bir kərə yüksələn bayraq”... § 40

3) Azərbaycan ordusunu yaradanlar § 41

4) İnqilab, yoxsa işğal? §42

Bunlarla bərabər, digər bəzi mövzularda da (Mart soyqırımı §39; Şərqdə ilk operanı kim yazdı? §45) Azərbaycan Xalq Cümhuriyyətindən bəhs etmək, fəndaxili əlaqələr yolu ilə şagirdlərin bilik və bacarıqlarını dərinləşdirmək mümkündür. "Sultan bəy Sultanov” mövzusunda Sultan bəyin qəhrəmanlığından bəhs edilməklə bərabər, onun qardaşı Xosrov bəy Sultanovun da adı çəkilir. Qeyd olunur ki, Sultan bəyin qardaşı Xosrov bəy Azərbaycan hökumətinin Qarabağda  nümayəndəsi idi. Bu fikir AXC-nin görkəmli nümayəndələrindən biri olan Xosrov bəy Sultanov haqqında şagirdləri geniş məlumatlandırmaq üçün fənn müəlliminə istiqamət verir. Bu baxımdan X.Sultanovun Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni quldur dəstələrinə qarşı mübarizəsi, Qarabağ general-qubernatoru kimi (o, həm də AXC-nin ilk hökumətində hərbi nazir olmuşdur) 1919-cu ilin əvvəllərində Qarabağda erməni separatçılarının  fitnəkarlığının qarşısını alması barədə faktların şagirdlərə çatdırılması onlarda vətənpərvərlik, dövlətçilik tariximizə hörmət və məhəbbət hisslərinin formalaşmasına və inkişafına zəmin yaradır. "Bir kərə yüksələn bayraq...” mövzusunda isə AXC tarixi və görkəmli nümayəndələri ilə bağlı şagirdlərə daha çox məlumat vermək, onlarda milli düşüncə, milli xarakter formalaşdırmaq imkanları genişdir. Burada Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və Nuru Paşanın adı çəkilir. Tarixi mənbələr təsdiq edir ki, bu tarixi şəxsiyyətlərin hər biri Azərbaycan xalqının dövlətçilik tarixində silinməz izlər qoymuşdur.

Dövlətin rəhbərliyini təmsil edən milli istiqlal hərəkatının lideri AXC-nin banisi və ideoloqu M.Ə.Rəsulzadə, AXC hökumətinin ilk rəhbəri F.Xoyski, AXC parlamentinin sədri Ə.Topçubaşov xalqımızın milli azadlığa qovuşması yolunda, milli dövlət quruculuğunda misilsiz xidmətlər göstərmişlər. AXC süqut edəndən sonra 1920-ci ilin yayında F.Xoyski erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, M.Ə.Rəsulzadə və Ə.Topçubaşov  isə ömürlərinin sonunadək mühacir həyatı yaşamış və Azərbaycan xalqının milli azadlığı uğrunda mübarizə aparmışlar.

Qeyd etməliyik ki, xalqımızın ümummilli lideri Heydər Əliyev və bu gün ölkə Prezidenti cənab İlham Əliyev AXC-ni yaradanları fədakar, qəhrəman şəxsiyyətlər kimi həmişə yüksək dəyərləndirmiş, haqlı olaraq bu tarixi irsin gənc nəslin tərbiyəsində mühüm vasitə olduğunu göstərmişlər. AXC-nin yubileylərinin dövlət səviyyəsində qeyd olunması hər birimizdə qürur hissi oyadır.

Azərbaycan Respublikası AXC-nin varisi kimi dövlətçilik ənənələrini ləyaqətlə davam etdirir, müstəqil dövlət kimi inkişaf edir, möhkəmlənir, dünyanın demokratik dövlətləri sırasında qətiyyətli mövqe nümayiş etdirir.

Tarixi mənbələr göstərir ki, XX əsrin əvvəllərində dünyada 30-a qədər dövlət olmuş, Birinci Dünya müharibəsindən sonra müstəmləkə rejimi tədricən dağıldıqca dövlətlərin sayı 50-ə çatmışdır. Hazırda isə beynəlxalq səviyyədə tanınmış 195 müstəqil dövlətdən bəhs olunur. Bunlardan 2-si BMT-nin üzvü deyil:Vatikan və Fələstin. Beləliklə, beynəlxalq səviyyədə tanınan və BMT-nin üzvi olan 193 müstəqil dövlət vardır. Dünya xalqlarının sayı isə 4 minə qədərdir. Bu rəqəmləri göstərməkdə məqsəd həm də Azərbaycan xalqının dünya xalqları içərisində sayılıb-seçilən, qədim dövlətçilik ənənələrinə malik, dövlət qurmağı bacaran, daim qələbə əzmi ilə yaşayan və onu gerçəkləşdirən, bu əzəmətli hiss və duyğuları nəsillərə ötürə bilən, canını dövlət və Vətən yolunda qurban verməyə həmişə hazır olan qüdrətli xalq olduğunu diqqətə çatdırmaqdır.

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı mövzuların tədrisində bu məsələlərin şagirdlərin nəzərinə çatdırılması, onlarda vətəndaşlıq keyfiyyətlərinin, milli mənlik şüurunun formalaşdırılması və inkişafında mühüm əhəmiyyət kəsb edir.

V sinifdə Azərbaycan tarixi dərsliyində əksini tapmış digər mövzulardan biri "Bir kərə yüksələn bayraq”....mövzusudur. Burada görkəmli sərkərdələr, generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Həbib bəy Səlimovdan bəhs edilir. Həm də 1920-ci il aprelin 3-də H.Səlimovun başçılığı ilə AXC ordusunun Qarabağda baş verən erməni-daşnak qiyamını yatırması da diqqətə çatdırılır (9,s.149-153). "İnqilab, yoxsa işğal?” mövzusunda isə AXC-nin süqutundan, Sovet Rusiyasının XI Ordusunun Azərbaycanı işğal etməsindən (27-28 aprel 1920-ci il) bəhs edilir. Burada konkret şəxs adları çəkilmir.

Bu mövzular Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğunda, ölkənin müdafiəsində, düşmənə qarşı mübarizədə adları çəkilən, yaxud dərslikdə qeyd edilməyən sərkərdələrimizin, hərbçilərimizin fəaliyyəti haqqında şagirdləri məlumatlandırmaq imkanları yaradır. Fənn müəlliminin məsələyə yaradıcı yanaşması sayəsində, müxtəlif metodlardan istifadə etməklə həmin mövzuların tədrisində şagirdlərdə AXC tarixi və onun görkəmli nümayəndələri barədə zəngin təsəvvür formalaşdırması, onların bilik və bacarıqlarını inkişaf etdirməsi mümkündür.

IX, XI siniflərdə AXC ilə bağlı daha ətraflı biliklər və bacarıqlar əldə etmək mümkündür. Qeyd edək ki, IX sinif ümumi orta məktəbin, XI sinif isə tam orta məktəbin sonuncu sinfidir.

IX sinifdə Azərbaycan tarixi dərsliyinin 2-ci bölməsinin (Azərbaycan müasir dövrdə) 4-cü fəsli (Azərbaycan Xalq Cümhuriyyəti) Cümhuriyyət tarixinə həsr olunmuşdur. Bu fəslə 7 mövzu daxil edilmişdir:

1. Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (§22) 

2. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması (§23)

3. Dövlət quruculuğu sahəsində tədbirlər (§24) 

4. Erməni işğalçılarına qarşı mübarizə (§25)

5. İqtisadi, sosial və mədəni tədbirlər (§26)

6. Xarici siyasət (§27)

7. Cənubi Azərbaycanda  milli azadlıq hərəkatı (§28). 

XI sinifdə isə Azərbaycan tarixi dərsliyinin 2-ci bölməsinin (Azərbaycan 1917-1920-ci illərdə) 6-cı fəsli (Azərbaycan Xalq Cümhuriyyəti) Cümhuriyyət tarixindən bəhs edir:

1. Şimali Azərbaycan Rusiya imperiyasının dərin siyasi böhranı dövründə (§13)

2. Bakı Sovetinin azərbaycanlılara qarşı soyqırımı siyasəti (§14)

3. Şimali Azərbaycan milli dövlətçiliyinin bərpası və möhkəmləndirilməsi yolunda (§15)

4. Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasəti (§16)

5. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (§17) 

6. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu (§18).

İstər 9-cu, istərsə də 11-ci siniflərdə AXC tarixi ilə bağlı geniş məlumat almaq, AXC-nin Azərbaycan dövlətçilik tarixində yeri və rolunu daha ciddi şəkildə əsaslandırmaq mümkündür. Təlim proqramının məzmunu, həm də tədrisə ayrılan saat, məzmuna qoyulan tələblər, məqsəddən doğan təlim nəticələri imkan verir ki,  şagirdlər AXC tarixi və onun görkəmli nümayəndələrinin fəaliyyəti ilə bağlı kifayət qədər elmi informasiya, zəruri bilik və bacarıqlar qazansınlar. Tədris proqramlarına müasir yanaşmalar bu və ya digər mövzunu öyrənərkən dərslik materialları ilə kifayətlənməməyi, müxtəlif texnologiyalardan, əlavə resurslardan faydalanmağı tələb edir. Müasir dövrdə kütləvi informasiya vasitələrinin, informasiya mənbələrinin genişləndiyi şəraitdə tarixi hadisə, proseslərlə bağlı zəruri biliklər əldə edilməsi imkanları xeyli artmış, elmi məlumatların əlçatanlığının təminatı üçün münbit zəmin yaranmışdır. Belə olan təqdirdə fənn müəlliminin şagirdləri müstəqil işlərə, tədqiqatçılığa yönəltməsilə onlara Vətən tarixinin, o cümlədən AXC tarixinin müxtəlif məsələlərini dərindən mənimsədə bilər, eyni zamanda məktəblilərdə doğma yurda, torpağa, dövlətə və millətə hörmət və məhəbbət  hissi artar, milli mənlik şüuru inkişaf edər.

Təqdirəlayiqdir ki, bu gün AXC-nin görkəmli nümayəndələrinin dünya xalqları və ölkələri içərisində də tanıdılmasına mühüm əhəmiyyət verilir. Bu baxımdan Azərbaycan Respublikasının dünya dövlətləri ilə, o cümlədən Türkiyə, Gürcüstan, Polşa, Fransa ilə əlaqələrinin getdikcə daha da inkişafı ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisi kimi qeyd oluna bilər. Qeyd edək ki, AXC-nin müstəqilliyini tanıyan 23 dövlətdən biri Polşa olmuşdur. Polşa AXC-ni tanıyan ilk Avropa ölkələrindən biridir.

AXC tarixi xalqımızın şərəfli tarixinin bir hissəsidir. Bu tarix Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha göstərmişdir. Bu tarixin bağrından doğan Azərbaycan Respublikası bu gün təkcə türk dünyasının deyil, bütövlükdə dünyanın daha güclü, daha qüdrətli dövləti olmaq yolunda inamla irəliləyir. Bu baxımdan türkçülük, müasirlik, islamçılıq fəlsəfəsindən qidalanan azərbaycançılıq ideologiyası mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqı və dövləti həmişə var olub, var olacaqdır.

İstiqlal şairi Əmin Abidin (1898-1938) 28 may 1919-cu ildə yazdığı "Azərbaycan istiqlalı” şeirində deyildiyi kimi: 

Sən bizimsən, bizimsən durduqca məndə can

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan.

Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, "Azərbaycan müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır”.

Bu baxımdan dərsliklərdə əksini tapmış təlim materialları dövlətçilik tariximizin sistemli şəkildə öyrədilməsi üçün mühüm bir vasitədir. Bu materiallar vasitəsilə AXC tarixinin şagirdlərə öyrədilməsi imkanları genişdir. Bununla yanaşı yaxşı olardı ki, hər sinifdə dərsliklər yarımillik mərhələ üçün hazırlansın. Bu, təlim materiallarının, o cümlədən Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digər görkəmli tarixi şəxsiyyətlərin fəaliyyətinə daha geniş yer verilməsinə əlverişli imkanlar yaradardı.

İntiqam CƏBRAYILOV,
ARTİ-nin Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru




Загрузка...
Həmçinin oxuyun:
28 May Respublika Günü

28 May Respublika Günü

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Azərbaycan tarixi yenidən yazılır

Azərbaycan tarixi yenidən yazılır

Dövlət müstəqilliyimizin bərpasından 26 il keçir

Dövlət müstəqilliyimizin bərpasından 26 il keçir

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Azərbaycan Silahlı Qüvvələri günü

Azərbaycan Silahlı Qüvvələri günü

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

Mərkəzi Elmi Kitabxananın fonduna AXC-nin 100 illiyinə həsr olunmuş kitab daxil olub

Mərkəzi Elmi Kitabxananın fonduna AXC-nin 100 illiyinə həsr olunmuş kitab daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil