"Azərbaycan Respublikasının dövlət bayrağının istifadə qaydası" haqqında sərəncamda dövlət bayrağının dəqiq rəng xüsusiyyətləri qeyd olunur. 22 oktyabr 2013-cü il tarixində "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanuna əsasən kodları – Pantone Blue 313 C, Pantone Red 185 C və Pantone Green 3405 C rəng çalarları yeniləri ilə əvəz edilmişdir:
Bayrağın tarixi
Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı.
1918-ci il mayın 28-də tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu.[1] Məhəmməd Əmin Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan:
"Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin. "
Həmin dövrdə bayraq Osmanlı İmperiyasının bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı İmperiyasının bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.
ADR hökumətinin 9 noyabr 1918-ci il iclasındakı protokoldan bayraq haqqında sənəd
Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olmuşdu. Əfqani "Milli birlik fəlsəfəsi və din əsl mahiyyəti" və "İslam birliyi" kitablarında, müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə, Cəmaləddin Əfqani kimi M.Ə.Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd etmişdi.
1919-cu ildə ADR hökumətinin poçt markası.
1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi:
"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:
Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin. "
ABŞ veksilloloqu Uitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, avropa mədəniyyətli”.
7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi.[8] O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng "Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur" .
Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:
"Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır.
1920-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının istifadəsi
Mühacirət dövründə Məhəmməd Əmin Rəsulzadənin hazırladığı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı xaricdə immiqrant təşkilatlar tərəfindən istifadə olunurdu.
Böyük Vətən müharibəsi zamanı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Üçüncü Reyx tərəfdə döyüşən Azərbaycan legionu tərəfindən istifadə olunurdu. Azərbaycan legionunun işarəsi olaraq, bayraq döyüşçülərin qol embleminin üzərində əks olunmuşdu.
6 noyabr 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayını Əbdürrəhman bəy Fətəlibəyli başçılıq edirdi. Qurultayda Azərbaycanın bayrağı qaldırılmış və alınan qərarlardan biri Azərbaycanın müstəqilliyinin bərpa edilməsi idi.
1922-ci ildə Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçmişdi. O, orda Gülməmməd Bağırovla AXC-nin bayrağını hazırlamışdı. Hal-hazırda bayraq Azərbaycan Tarix Muzeyində yerləşir.
Ağ rəngli aypara və səkkizgüşəli ulduz Münhendə Əbdürrəhman bəy Fətəlibəylinin və Parisdə Topçubaşovlarun ailə məzarının üstündə yerləşir.
1956-cı ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətin yaranışını məxsusi qeyd edən Cahid Hilaloğlu, Bakıda Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmışdı. Bir neçə aydan sonra Cahid Hilaloğlunu palto oğurluğunda suçlayıb tutub, daha sonra onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğat və təşviqatda suçlaymışdı. İşə baxan Azərbaycan SSR Ali Məhkəməsi Hilaloğlunu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılmışdı.