"Milli-mənəvi dəyərlərimizi əks etdirən xeyli nümunə olsa da, onları yazan, sətrə köçürən yazarlar yoxdur”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Əməkdar müəllim Almaz Həsrət deyib. Onun sözlərinə görə, müasir dövrdə Azərbaycanda tam yetişmiş uşaq ədəbiyyatına toxunan müəlliflər az görünür:
"Sırf Azərbaycan uşaq ədəbiyyatına nəzər salsaq, ədəbiyyatların azlıq təşkil etdiyini görərik. Kitab dükanlarında da daha çox xarici uşaq ədəbiyyatlarına rast gəlinir.
Təəssüf ki, müasir dövrdə Azərbaycanda tam yetişmiş uşaq ədəbiyyatı yazarı azdır. Yalnız xarici mənbələrə məxsus uşaq tərcümələrindən istifadə edilir. Satışda da onlar üstünlük təşkil edir.
Əvvəl Azərbaycanın görkəmli uşaq ədəbiyyatı yazarları var idi. Daim Abdulla Şaiq, Mirzə Ələkbər Sabir kimi yazarların əsərlərini əzbərləyib onlardan örnək nümunə götürərdik. Təəssüf ki, indiki yazarların sırf uşaqlara yönəldilən, onların psixologiyası, təfəkkürü səviyyəsində şeir və hekayələri yoxdur. İbtidai və məktəbəqədər təhsil kitablarında uşaq beyninin dərk etməyəcəyi ifadələr yer alır.
Deməli, artıq sırf uşaq ədəbiyyatına yönəldilmiş quruma ehtiyacımız var. Yəni, uşağın tərbiyəsinə təsir edən, onun gələcək təhsilinə təkan verə biləcək ədəbiyyat olmalı, bunun üçün müəyyən mərkəzlər, qurumlar yaradılmalıdır. Uşaq ədəbiyyatını əks etdirən cizgi filmlərinin yaradılması da yeni nəslin inkişafına müsbət təsir göstərər”.
Əməkdar müəllim açıqlamasında ətrafında sırf uşaq ədəbiyyatı yazarlarını toplayan, bu sahə üzrə mütəxəssislər hazırlayan mərkəzlərin yaradılmasını vurğulayıb:
"Milli-mənəvi dəyərlərimizə uyğun uşaq ədəbiyyatı formalaşmalıdır. Bu, adından göründüyü kimi uşaqlarımızın istifadə edəcəyi ədəbiyyatdır. Orada vəsf olunan hər hansı bir bölgə, məkan xarici ölkələrin deyil, Azərbaycanın olmalıdır. Əks halda, bu, uşaqlarımızda milli-mənəvi dəyərlərin formalaşmasına mənfi təsir göstərəcək. Çox istəyərdim ki, müəyyən qurum, mərkəz yaradılsın. Burada sırf uşaq ədəbiyyatı yazarları toplansın və bu sahə üzrə mütəxəssislər hazırlansın.
Dəfələrlə sosial şəbəkələrdə ibtidai sinif kitablarından nümunələr paylaşılıb. Onlara milli-mənəvi dəyərlərimizi ehtiva etməyən ifadələr var. İbtidai sinif dərsliklərində uşaq ədəbiyyatına yönəldilən mətnlərə, sadə dildə yazılışa az təsadüf olunur. Buna görə də ibtidai sinif şagirdlərini şeir əzbərləmək və onu təhlil etməyə tənbəllik edirlər. Onlar bu zaman ciddi çətinliklə üzləşirlər. İbtidai sinif dərsliklərindəki mövzulara diqqət etmək lazımdır. Mövzular müəllifin və ətrafındakı ən azı iki nəfərin dərk edəcəyi səviyyədə olmamalıdır. Orta məktəblərdə təhsil alan ibtidai sinif şagirdlərinin beyninə uyğun yazılmalıdır ki, hamı dərk etdin”.
Filologiya üzrə elmlər doktoru Yaqub Babayevin sözlərinə görə son illər ümumiyyətlə ədəbiyyata, sözə, şeirə maraq azalıb:
"Son vaxtlar ədəbiyyata, şeirə, sözə də ehtiyac azalıb. Çünki sosial şəbəkələr ümumi ədəbiyyata, kitaba dəftərə marağı azaldıb. O da istər-istəməz ədəbiyyata ümumi mənada mənfi təsir göstərir. Həm böyüklər üçün həm də uşaq ədəbiyyatmızda son on illər ləngimə baş verir. Çünki onun nə oxucusu nə də böyük yazıçısı, şairi yoxdur. Şəxsən məni nə böyüklər, nə də uşaqlar üçün yaranan ədəbiyyatın indiki vəziyyəti qəti qane etmir. Amma tam demək olmaz ki ədəbiyyatda heç nə yaranmır. Yarananlar da Abbas Səhhət, Süleyman Sani Axundov, Abdulla Şaiq sonrakı dövrlərdə Mirvari Dilbazi, Teymur Elçin, İlyas Tapdıq, Məstan Günər bunların yaradıcılığı ilə müqayisədə həm mövzu, məzmun, ideya baxımından həm də sənətkarlıq baxımından aşağı səviyyədədir.
Yuxarı siniflərə məxsus ədəbiyyat dərsliklərinə baxanda külli miqdarda səhvliklər görünür. Bundan əlavə uşaqların səviyyəsinə uyğun olmayan materiallar var. Müasirlik adı altında dərsliklərə elə materiallar əlavə edilir ki , guya uşağın təfəkkürünü, idrakını inkişaf etdirir. Halbuki, bunlar nə təfəkkürə nə də idraka xidmət edir. Bunlar sadəcə quru, mücərrəd uşaqlara heç nə verməyən materiallardır. Şübhəsiz uşaqların əqli inkişaf səviyyələri də nəzərə alınmalıdır. Yəni dərsliklərə salınan xeyli materiallar bayağı, gərəksiz materiallardır”.