Valideynlər ADU-da imtahan prosesinin təşkilindən razı qalıblar
Yanvarın 24-də Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan tələbələrin valideynləri 2017-2018-ci tədris ilinin payız sessiyasının imtahan prosesini izləyiblər.
ADU-dan bildirilib ki, tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev valideynlərə imtahan prosesi barədə ətraflı məlumat verdikdən sonra onları universitetlə tanış edib.
Sonra valideynlər ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüblər. Rektor valideynlərin imtahan prosesində iştirak etməsini yüksək qiymətləndirib. Universitetin qapılarının hər kəsə açıq olduğunu söyləyən akademik valideynlərin təkcə imtahan sessiyası zamanı deyil, istənilən vaxt universitetdə keçirilən tədbir və iclaslarda iştirak edə biləcəyini vurğulayıb.
K.Abdulla qonaqlara universitetdə həyata keçirilən layihələr, onların mahiyyəti və tələbələrin inkişafına verdiyi töhfələrdən söz açıb. O, universitetlə əməkdaşlığa görə valideynlərə təşəkkürünü bildirib.
Valideynlər imtahan prosesinin təşkilindən razı qaldıqlarını bildiriblər. Onlar imtahan prosesində obyektivlik və şəffaflığın tam təmin olunduğunu vurğulayıblar. Qeyd edilib ki, imtahan nəticələrinin vaxtında açıqlanması tələbələrin növbəti imtahan üçün psixoloji cəhətdən hazırlığına şərait yaradır. Bu da öz növbəsində uğurların davamına təminat verir.
Görüş müzakirələrlə yekunlaşıb.
Xatırladaq ki, imtahan sessiyası əyani şöbədə fevralın 5-dək, qiyabi şöbədə isə fevralın 8-nə kimi davam edəcək. İmtahan sessiyası mövcud normativ sənədlərə uyğun təşkil olunub. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz olunması, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda, sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək məqsədilə tələbə təşkilatlarının imtahan prosesində iştirakı təmin edilib.