Almaz Həsrət- Əsl vətənpərvərlik dərsi almışdıq...
Bizim oxuduğumuz dövrdə isə (1980-1990-cı illərdə) dərslər çox maraqlı idi. Əmək dərslərimiz çox mükəmməl keçirdi, 1-ci sinifdən əmək təlimlərini, yemək hazırlamağı öyrənirdik.
Dərslərdə yorulma halları olarkən, fənnindən asılı olmayaraq müəllimlər sinifdə əyləncələrlə bizim yorğunluğumuzu unutdururdular. Əsl idman dərsləri keçirdik... yarışlara gedirdik... hamımız silahla davranmağı öyrənmişdik...hazırda mən qadın olmağıma baxmayaraq, hələ də silahı söküb-yığmağı unutmamışam).
Onun nəticəsidir ki, məzun olan ildə məktəb şagirdləri ilə bərabər düşmənin qarşısına çıxmaqdan belə qorxmurduq. Qarabağa könüllü getmək üçün sıraya düzülmüşdük... Əsl vətənpərvərlik dərsi almışdıq ailəmizdən, çevrəmizdən, təhsilimizdən... Azərbaycan tarixini qəlbən, sevərəkdən, qürurla öyrənirdik... Böyüklərlə mədəni davranmağı hər gün bizə təlqin edirdilər.
Yadımdadır "Ailə" dərsi keçirdik. Ailədə, ətrafdakılarla ünsiyyət və ailə mədəniyyətini öyrənirdik... Və daha nələr..nələr... Biz həm nəzəri cəhətcə savadlanırdıq, həm praktik öyrənirdik, həm də mədəni ünsiyyəti necə qurmağı öyrənirdik... Dərnəklərdə o dövr üçün ən müasir olan taxta və dəmirdən olan konstruktorlarla gəmi, təyyarə, maşınlar və s. texniki qurğular düzəldirdik, xalçalar toxuyurduq.... Kiçik ölçülü rəngli lampalardan dərslərin keçirilməsi üçün stendlər düzəldirdik, maraqlı divar qəzetləri hazırlayırdıq, mükəmməl tədbirlər keçirirdik... Həmin tədrisi biz keçmişik, ola bilsin ki, həmkarlarımdan kiminsə oxuduqları məktəbdə tədris belə qurulmayıb.
Ancaq nə yaxşı o zaman mən bu cür təhsili görmüşəm, o cür mükəmməl məktəbdə tədris almışam. Dərslikllərdə isə söz nədir, heç vergül səhvi belə olmazdı... İndikilərdə isə şagirdlər dərslikdə səhv tapırlar... Çünki dərslikləri son illlər təəssüf ki, əsl mükəmməl təhsil işçiləri, alim, peşəkar mütəxəssislər yazmır.. Bütün dərslik müəlliflərinə aid etmirəm təbii ki, fikilərimi. Reallıq göz önündədir.
Mənim doğma məktəbim ilk Suraxanı rayonu 89 nömrəli orta məktəb, sonra da Xətai rayonunun 204 nömrəli orta məktəb olub. Allah şükürlər olsun ki, həyatımda bu cür mükəmməl tədrisi olan, mükəmməl müəllim heyəti olan tədris ocağında təhsil almışam. Öyrəndiyim bilikləri, praktik bacarıqlarımı, böyük-kiçik yerini bilməmi, ədəbli davranışımı tədbiq etməkdə davam edirəm! Sonrakı ailə təhsil ocağım, doğma ali təhsil məkanım BDU (Bakı Dövlət Universiteti) olub. O da bütün sadaladığım müsbət meyarların artmasına çox böyük təsir göstərdi. Əsl məktəb, əsl müəllim, əsl təhsil var olsun!!!
Almaz Həsrət