ƏSL PEDAQOQ VƏ TƏLƏBKAR DİREKTOR- Lənkəran təhsili dedikdə...
Lənkəran təhsili dedikdə 70-90- cı illərin respublika miqyasında tanınmış direktorlarını yada salmamaq mümkün deyil. 2 saylı məktəbdə Aliyə Kələntərli və Süleyman Rəhimov, 3 saylı məktəbdə İsrafil Babayev, 5 saylı məktəbdə İdris müəllim (famıliyasını unutmuşam) və Xalidə Hüseynova, 1 saylı məktəb dedikdə isə bugünki yazımın qəhrəmanı, İbad Əhmədova yada düşür.
İbad müəllimlə bağlı maraqlı, ibrətamiz xatirələr çoxdur. Bu əhvalatlardan birində deyilir:
"Sovet dönəmində 23 fevral Ordu günü şagirdlər kişi müəllimlıri təbrik edərdilər. 1 saylı məktəbdə eyni sinifdə dərs deyən bir müəllimin çantasına gül-çiçək, digərinin çantasına çoxlu daş yığırlar. Bu hadisə böyük qalmaqala səbəb olur. İbad müəllim vaxtında məsələyə müdaxilə edib deyir:
Bu hadisəyə çox da kəskin reaksiya vermək olmaz. Gəlin elə müəllim olaq ki, çantamıza bundan sonra daha daş deyil, gül-çiçək qoyulsun".
Bu kiçik ibrətli əhvalat bütün ömrünü təhsilə, məktəbə həsr edən İbad Əhmədov haqqında çox şey deyir. Jurnalist Hacıbala Əbilov "İbad müəllimin dərsləri"kitabında yazır:
"Hər dəfə İbad müəllimi düşünəndə fikrimdə, düşüncələrimdə bənzərsiz müəllim obrazı canlanır. O, tarixçi idi. Tarix-ictimaiyyət fənlərini tədris edirdi. İbad müəllimi bir müəllim kimi başqa müəllimlərdən fərqləndirən başlıca cəhətlər də vardı. O, mövzunu sadə,hamının başa düşəcəyi, qavrayacağı səviyyədə izah edirdi və bu izahdan sonra şagirdlər materialı elə sinifdəcə mənimsəyirdilər".
İbad Əhmədovun soy-kökü Lənkəranda kadrlar mərkəzi sayılan Xolmili kəndindəndir. Atası Məmməd kişi uzun müddət kolxozda mühasib işləyib. Rus dilini yaxşı bildiyi üçün ilk hərbi nazirimiz Səməd bəy Mehmandarovun yanında mirzəlik edib. Anası da kolxozda işləyib.
Belə bir ailədə böyüyən İbad 1948-ci ildə ADU-nun tarix fakültəsinə daxil olur. Universiteti bitirdikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinə işə göndərilir. Ailə vəziyyəti ilə əlaqədar burada çox işləməyib, 1954-cü ildə Lənkərana qayıdır. Elə həmin il 1 saylı orta məktəbə direktor təyin olunur.
İbad müəllimin ömür-gün yoldaşı Nisə xanım Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Ondan əvvəl 1 saylı məktəbin direktoru məhz Nisə xanım olub. O,ərizəsi ilə vəzifəsindən azad edilsə də, elə həmin məktəbdə müəllim olaraq qalıb.
İbad Əhmədov 1990-cı ildə vəfat etmiş və doğulduğu Xolmili kənd qəbiristanlığında dəfn edilmişdir.
İndi həyatda nə İbad müəllim var, nə Nisə xanım. Lakin onların qoyduğu izlər Lənkəranda təhsil sahəsindəki danılmaz xidmətlərdən xəbər verir.
Aztəhsil.com