Şamaxı məktəbində QALMAQAL- Direktor ittihamlara cavab verdi
Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində baş verənlər haqqında modern.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Məktub müəllifləri məktəbdə baş verən özbaşınalıqlardan bəhs ediblər.
Bildirilib ki, məktəbin direktoru Gülnur Hacverdi qızı Babaşova təhsil ocağını orada müəllimə işləyən anası Lütviyyə və bacısı Vəfa ilə birgə idarə edirlər.
Qeyd edilir ki, adı çəkilən hər iki şəxs dərs bölgüsündən tutmuş ən xırda məişət məsələlərinə belə, müdaxilə edir, kollektivdə dava-dalaş salır, dərs mühitinin pozulmasına, şagird-müəllim, valideyn-məktəb münasibətlərinin gərginləşməsinə səbəb olurlar.
Şikayətçilər bildiriblər ki, dərs yükünün bölgüsü məsələsində əvvəlcə direktorun ailə üzvləri təmin olunur.
"Anasına 34 saat, bir bacısına 30 saat, digər bacısı Hacıyeva Şəfaya şəhər 2 saylı məktəbə təçkilatçı müavin təyin olunmasına baxmayaraq, 12 saat dərs verib. Yaşı 65-i keçmiş müəllimlərə öz marağı təmin olunmaqla dərslər verib. Haqqı tapdanan müəllimlərə isə "kimə istəyirsiz deyin” deməklə özünün Təhsil Nazirliyində adamı olmaqla hədə qorxu gəlir”,-deyə şikayətçilər bildiriblər.
İddia olunur ki, direktor bəzi müəllimlər və şagirdlər arasında hər sinifdən 2-3 nəfər olmaqla özünün "agentura şəbəkəsi”ni də yaradıb ki, hər şeyi nəzarət altında saxlamağı bacarsın. Onun bunu hamının nəzərinə çatdırdığı da qeyd olunur.
O da bildirilir ki, hər iclasda tədrisdən çox dedi-qodu məsələlərinə yer ayrılır. Hətta iddia olunur ki, müəllimlərdən hər ay yığılan 20-30 manat pulu kim bir gün gecikdirsə, köməkçisi Arzu vasitəsi ilə evinə zəng vurdurur.
Şikayətçilər bildirirlər ki, direktor fakultətiv məşğələləri özünə yaxın adamlar verib. Diqanostik qiymətləndirmədən yüksək bal yığan müəllimlərin dərslə təmin olunmadığı, ibtidai sinif müəlliminə musiqi, riyaziyyat, informatika dərsləri verilib.
Məlumata görə, Hesablama Palatasının yoxlamasından sonra təhsil ocağında yaranmış beş min manat cərimə də müəllimlərin hesabına ödənilib. Qeyd olunur ki, təzyiqlərdən cana doymuş bir neçə müəllim Təhsil Nazirliyinə müraciət ünvanlayıb.
Aztəhsil.com xəbər verir ki, modern.az şikayətlə bağlı məktəbin direktoru Gülnur Babaşova ilə əlaqə saxlayıb.
G.Babaşova ttihamlarla razılaşmayıb və barəsində yazılanların böhtan olduğunu vurğulayıb:
"Onların şagirdlərlə ünsiyyəti məhdudlaşdırıldığı üçün verilmiş xəbərdarlıqdan böhtana keçirlərsə, bu artıq öz işləridir. Orada yazılanların hamısı böhtandır. Mənim fəaliyyətim göz önündədir. Mən son illərdə Sabir qəsəbə tam orta məktəbinin tarixində əldə etmədiyi uğurları bura gətirmiş şəxsəm. Onlar nə qədər yazsalar da, mənasızdır. Mənim ailə üzvlərimə böhtan atırlar. Bu isə mənim əlimdə onları məhkəməyə verməyə əsasdır. Burada mənim anamın, bacımın adı hallanır. Heç kimə ixtiyar verilməyib ki, başqalarına bu qədər böhtan atsınlar. Gülnur müəllimə Sabir qəsəbə tam orta məktəbinə ən son gələndir. Lütfiyyə xanım da, Vəfa xanım da məndən 5-10 il əvvəl burda çalışmağa başlayıblar. Mən
2012-ci ildə "İlin müəlimi” müsabiqəsinin qalibi olandan sonra rəhbərlik tərəfindən qabağa çəkilmiş şəxslərdən biriyəm. Buna da öz savad və biliyimlə nail olmuşam. Getsinlər tarifləşməyə baxsınlar. Guya şəhər 2 saylı tam orta məktəbdə işləyən hər hansı müavin mənim bacım olduğu üçün ona 12 saat dərs verilib. Bir araşdırsınlar. Əgər bunu təsdiq edəcək fakt varsa, demək onların yazdıqlarında həqiqət var. Yoxdursa, böhtandır. Mən Şamaxıda oturub havadan Bakıda kiminsə barəsində fikir bildirə, nələrisə sadalaya bilərəmmi?”.
Direktor barəsində ittiham səsləndirən şəxsin kimliyindən xəbərdar olduğunu bildirib:
"Mən araşdırmışam. Bu başqa səpkili hadisələrdir və məxfi qalsa, yaxşıdır. Bu əslində siyasi don geyindiriləsi məsələdir. Dediyimdən də dönmürəm”.