Bu universitet sənaye əməkdaşlığına həsr olunmuş tədbirə ev sahibliyi edib
Mingəçevir Dövlət Universiteti regionun ən böyük universitet–sənaye əməkdaşlığına həsr olunmuş tədbirə ev sahibliyi edib.
AzTehsil.com xəbər verir ki, Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group Academy”nin birgə təşkilatçılığı ilə keçirilən “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) tərəfdaşlığı, “Job in Global” şirkətinin baş sponsorluğu ilə həyata keçirilib.
Sammit çərçivəsində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan HR İnstitutu, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Proqress Təlim və Tədris Mərkəzi ilə əməkdaşlıq memorandumları imzalanıb.
Eyni zamanda gənclərin karyera inkişafına dəstək məqsədilə təşkil olunan Karyera Sərgisi böyük maraqla qarşılanıb. Sərgidə 110-dan artıq dövlət və özəl müəssisə iştirak edib. Gənclər işəgötürənlərlə birbaşa təmas qurmaq, yeni təcrübə və iş imkanları barədə məlumat almaq imkanı əldə ediblər.
Sammitin daha bir maraqlı hissəsini master-klass sessiyaları təşkil edib. Biznes, innovasiya, karyera planlaşdırması və yaşıl inkişaf istiqamətlərində keçirilən görüşlər gənclərin bilik və bacarıqlarını genişləndirib, onların yaradıcı düşüncəsini təşviq edib.![]()








