Müəllimin vəzifəsi niyə ARTMIR?
AzTehsil.com mövzuyla bağlı təhsil mütəxəssisi , tədqiqatçı və jurnalistin Vaqif Fətullayevin fikirlərini təqdim edir.
Öz üzərində işləyən müəllim zaman keçdikcə həm peşəkar biliklərini dərinləşdirir, həm də məktəbdaxili və məktəbdənkənar pedaqoji icmaya təsir imkanlarını artırır. Bu halda sual yaranır: tədrisə yeni başlayan müəllimlə çoxillik pedaqoji təcrübəsi ilə məktəbdə metodik liderlik edən müəllim eyni statusda qalmalıdırmı?
Beynəlxalq təcrübə göstərir ki, uğurlu nəticələr qazanan, həmkarlarına metodik dəstək göstərən müəllimlərə xüsusi status verilməsi həm təhsilin keyfiyyətinə, həm də müəllim peşəsinin cəlbediciliyinə müsbət təsir edir. Məsələn, Türkiyədə “Uzman” və “Başöğretmen”, Avstraliyada “Highly Accomplished” və “Lead Teacher”, Sinqapurda isə “Senior” və “Master Teacher” pillələri və s. tətbiq olunur. Bu pillələrin fəlsəfəsi ondan ibarətdir ki, müəllim təkcə şagirdlərlə işləyən pedaqoq deyil, həm də pedaqoji icmada lider, innovasiyaların daşıyıcısı, həmçinin təhsil siyasətinin real təcrübəyə inteqrasiyasında əsas vasitəçi kimi qəbul edilir.
Belə yanaşma nəticəsində yüksək nailiyyət göstərən müəllimin fəaliyyəti ancaq öz sinfi ilə məhdudlaşmır, bütövlükdə məktəb və təhsil sisteminə əlavə dəyər qazandırır. Bunun müqabilində həmin müəllimlər daha yüksək status, əlavə motivasiya ilə mükafatlandırılır.
Azərbaycan məktəblərində də oxşar pilləli modelin qurulması mümkün ola bilər. Məsələn:
**1. Müəllim (ilkin səviyyə)**
\- Yeni başlayan pedaqoqlar.
\- Əsas diqqət sinifdaxili tədris və öz peşəkar bacarıqlarının formalaşdırılmasına yönəlir.
Məsələn: yeni məzun olmuş müəllim təcrübəli həmkarlarının müşahidəsi altında dərs deyir, özünün tədris planlaşdırma bacarıqlarını inkişaf etdirir.
**2. Aparıcı müəllim (sabit və yüksək nəticələr göstərən)**
\- Davamlı olaraq yüksək şagird nailiyyətləri nümayiş etdirir.
\-Yeni metod və texnologiyaları tətbiq edir, məktəbdaxili seminar və təcrübə mübadiləsində iştirak edir.
Məsələn: məktəbdə STEAM, Rəqəmsal bacarıqlar və s. layihələri uğurla həyata keçirir və həmin təcrübəni digər müəllimlərlə bölüşür.
**3. Baş müəllim (mentor və metodik lider)**
\- Gənc və yeni başlayan müəllimlərə mentorluq edir.
\- Təlimlər, metodik seminarlar təşkil edir.
\- Təlim-tədris resurslarının hazırlanmasına və məktəbdə innovativ yanaşmaların tətbiqinə rəhbərlik edir.
Məsələn: Baş müəllim yeni müəllimlərlə dərs planlarını nəzərdən keçirir, dərslərə girərək rəy verir, seminarlar keçir və rəqəmsal resurslarla işdə onlara dəstək göstərir.
**4. Metodist-müəllim (strateji və elmi-metodik töhfə verən)**
\- Təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanmasında iştirak edir.
\- Təhsil siyasətinin tətbiqində praktik vasitəçi rolunu oynayır.
\- Regional və milli miqyasda təcrübə paylaşır.
Məsələn: Təhsili idarəetmə qurumları tərəfindən yaradılan dərslik komissiyalarına dəvət olunur, öz məktəbində tətbiq olunan metodikanı geniş pedaqoji auditoriyaya təqdim edir.
Bu səviyyələrə keçidi, təbii ki, sadəcə iş stajına bağlamaq kifayət etmir. Müəllimlərin vəzifə irəliləyişi üçün bir neçə vasitədən istifadə oluna bilər:
*- Sertifikasiya imtahanları;*
*- Portfel qiymətləndirilməsi;*
*- Müsahibə və təqdimatlar;*
*- Həmkar və rəhbər rəyləri;*
*- Peşəkar inkişaf fəaliyyətlərinin izlənməsi.*
Bununla da pilləli müəllim modeli müəllimlərin öz üzərində işləməsinə imkan yaradaraq məktəb və təhsil sisteminə əlavə dəyər qata bilər. Bu həm müəllimlərin motivasiyasını artırar, həm də onların həmkarlarına və məktəb icmasına təsir imkanlarını genişləndirə, nəticədə tədrisin keyfiyyətini yüksəldə və innovativ yanaşmaların tətbiqini təşviq edə, eyni zamanda yüksək nəticə göstərən müəllimlər üçün maaş artımı və əlavə stimullar təmin edə bilər.