Artırılan yeni təhsil haqları: Professor və sabiq deputat münasibət bildirib
Azərbaycan Tibb Universiteti (ATU) publik hüquqi şəxsdir. Bu özü-özünü dolandıran (maliyyələşdirən) ali təhsil ocağıdır. Universitetin iki əsas klinikası dotasiyasız, yəni universitetin hesabına fəaliyyət göstərir. Onlar tələbə və rezidentlərin tədrisi üçün vacib olan kliniki tədris korpuslarıdır”.
AzTehsil.com- n əldə etdiyi məlumata görə bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla ATU-da təhsil haqqının artırılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müəllimlərin maaşı da bu artımla bağlıdır:
“Bu, təbii bir şeydir. Tələbələrin sosial müdafiəsi üçün xüsusi fondlar olmalıdır. Biz daha çox bu istiqamətdə düşünməliyik ki, xarici ölkələrdəki kimi tələbələr kreditlər götürüb, oxuya bilsinlər. Daha sonra kreditlərini işləyərək ödəsinlər, bunun üçün xüsusi fondlar olur, həmin fondlar tələbələri maliyyələşdirirlər".
Adil Qeybulla vurğulayıb ki, təhsil haqqı miqdarından asılı olmayaraq, tələbə üçün yükdür:
“Amma bunlar tələbə ilə yox, Tibb Universitetinin tələbləri ilə hesablanır. Dünyanın bir çox universitetləri ödənişlidir. Bu məsələlər fondlar, bir hissəsi isə dövlət hesabına baş tutmalıdır. Qeyd etdiyim kimi, universitet publik hüquqi şəxsdirsə, özünü yanlız bu cür dolandıra bilir”.
Sabiq deputat Etibar Əliyev də universitetdə təhsil haqlarının artırılmasına münasibət bildirib.
O, sosial şəbəkə hesabında Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqlarının artırılmasını tənqid edib:
“İndi oxudum ki, Tibb Universitetində Tibb ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb. Yəni təhsil haqqı 6500 manat olub. Səmimiyyətimə inanın, Gərayın, Teymurun, Vüqarın əziz canı üçün (mən humanist adamam, onların ölmüşünə demirəm) indiki keyfiyyətdə olan tibb təhsilinin haqqı 1000 manatdan çox ola bilməz… Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir. Onları təhsil hüququndan məhrum etmək və banklara təslim etməkdir.
Əkələr, gedin klinikalardan qazandığınız milyonlardan müəllimə əmək haqqı verin. Kasıbı borca salmayın…Orta məktəblərdə təhsil olmadığına görə kasıb təbəqə onsuz da borc xərc edib əlində olanı repetitora xərcləyib”,- paylaşımda yazılıb.
Qeyd edək ki, 2025–2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetinin ixtisaslarının təhsil haqqı artırılıb. Tibb ixtisası üçün 6500 manat, stomatologiya ixtisası üçün 6000 manat , əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5000 manat müəyyənləşib.