Qarabağ Universitetinin tibbi təhsil üzrə plan yerləri niyə azdır? – RƏSMİ CAVAB
"Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində təcrübəyə əsaslanan tədris prosesi təşkil edəcəyik. Sırf bu səbəbdən fakültəyə plan yeri azdır”.
AzTehsil.com xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev deyib.
Onun sözlərinə görə, fakültədə 70 nəfər “Tibb”, 30 nəfər “Tibb bacısı/tibb qardaşı” ixtisasları üzrə qruplar təşkil ediləcək. Bu say o deməkdir ki, təcrübə əsasında öyrənən kiçik qruplarda tədris həyata keçirəcəyik”.
Qruplarda tədris edilən proqrama gəlincə, o əlavə edib ki, burada fənlərin inteqrasiya olunmuş şəkildə tədrisindən söhbət gedir: “Məsələn, “Ürək-damar sistemi” mövzusunu tələbələrimiz tam şəkildə öyrənəcək. Sistemin anatomiyası, fiziologiyası və farmakalogiyasını bir arada tədris ediləcək və bu, tələbələrə fənlərarası əlaqələri daha asan qurmağa, mövzuları daha yaxşı mənimsəməyə kömək edəcək. Əvvəllər tibb təhsilində, tutaq ki, anatomiyanın tədrisinə bir il və ya bir il yarım ayrılırdısa, indi artıq bu yanaşmadan imtina edilir. Bu, bizim fərqləndiyimiz əsas xüsusiyyətlərdən biri olacaq”.