Təhsildə güzəşt vətənə xəyanətdirsə...-EKSPERT
AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov öz fikirlərini fb səhifəsində yazıb.Təhsildə güzəşt vətənə xəyanətdirsə, bəs bu sistemdə baş verənləri necə adlandıraq?
Biri var, imtahana hazırlaşır, gecəsini gündüzünə qatır, 70+ bal toplayır, amma işə qəbul ola bilmir. Biri də var, xüsusi kateqoriyaya aid olduğu üçün 40 balla məktəbə təyin olunur. Və bu, rəsmi mexanizmdir. Əgər bu güzəşt deyilsə, bəs nədir?
Bəli, şəhid ailələri bizim baş tacımızdır. Onlara hər cür dəstək göstərilməlidir, amma bu dəstək təhsilin keyfiyyətinə zərbə vuracaq formada yox. Onların maaşı artırılsın, statusu yüksəldilsin, sosial təminatı gücləndirilsin — bu, ədalətli yanaşma olar. Amma bir abituriyentin, bir müəllim namizədinin illərlə oxuduğu, hazırlaşdığı, 70+ bal topladığı sistemdə kiminsə sadəcə “kateqoriyaya düşdüyü üçün” 40 balla onun yerini tutması nə mənəvi, nə də pedaqoji baxımdan qəbul ediləndir.
Ucqar kənddə yaşadığı üçün balı artırılanlara da toxunmaq lazımdır. O kəndin uşaqları keyfiyyətsiz müəllimlə niyə təhsil almalıdır? Təhsildə əmsalla keyfiyyət düzəlməz. Əmsal riyaziyyat üçündür, pedaqogika üçün deyil!
Və daha bir haqsızlıq: minlərlə müəllim yüksək bal toplayıb, amma yenə də kənarda qalıb. Çünki bu ilki vakansiyalar adətən əvvəlcədən süzülüb, ələnib, seçilib. Boş yerlər ya azaldılıb, ya da əvvəlcədən tutulub. 5 min kəsilən müəllimin dərs saatları hara buxarlanıb? Uçub gedib, yoxsa kağız üzərində bağlanıb?
Əgər doğrudan da təhsildə güzəşt etmək xəyanətdirsə, bu sistemin özündə xəyanət var. Siyasi ritorika ilə yox, real təhsil prinsipləri ilə danışsaq, bu sistem nə ədalətlidir, nə də dayanıqlı. Və bu yanaşma ilə təhsili yüksəltmək mümkün deyil.
Ən böyük xəyanət, zəhmətə, biliyə, ədalətə göz yummaqdır. Təhsildə isə ədalət hamı üçündür — təkcə kateqoriyalara görə deyil.