Özəl məktəb müəllimləri də sertifikasiyaya cəlb oluna BİLƏR
Özəl məktəb müəllimləri də sertifikasiyaya cəlb oluna BİLƏR.
Müasir dövrdə təhsilin keyfiyyətinin artırılması dövlətlərin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə müəllimlərin və təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi və standartlara uyğunlaşdırılması zərurətə çevrilib. Azərbaycanda dövlət təhsil müəssisələrində çalışan müəllimlər üçün tətbiq olunan sertifikasiya prosesi bu istiqamətdə atılan mühüm addımlardan biridir.
Özəl təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin də sertifikasiyaya cəlb olunması zəruridirmi?
AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin üzvü Mehriban Vəliyeva qeyd edib ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir:Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. Müəllimlərin bilik və bacarıqlarının sertifikasiya vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmanı ifadə edir.
Bu həm də ölkəmizin “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji hədəflərindən biridir. 2013-cü ildə qəbul olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Stradegiyası”da qoyulmuş hədəflərə çatırıq. Həm müəllimin davamlı peşəkar inkişafı təmin olunur, həm də müəllim peşəkarlığını artıraraq onun nüfuzunu artırmağa nail ola bilirik. Hədəf 202 -cı ildə 150 min müəllimin pedaqoji yararlığını qiymətləndirmək və ehtiyaclara uyğun müəllim hazırlığını təmin etməkdir.
Sertifikatlaşdırmadan keçməyən müəllimlərə bir il iş yeri saxlanmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilir. Təhsilverənlərin sertifikatlaşdırılması prosesindəki nəticələri nəzərə alınaraq uğur qazanmayan müəllimlərə uyğun proqram tərtib edilir və sözügedən müəllimlər həmin təlimlərə cəlb olunurlar.
2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. Bu isə diferensial əməkhaqqının tətbiqi və müəllimin peşəkar inkişafı üçün stimullaşdırıcı amildir”.
“Əlbəttə ki, özəl müəssisələrin müəllimləri də sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır, çünki müəllimin davamlı inkişafı vacib amildir”,- deyə deputat fikrinə əlavə edib:
“Müəssisələrin qiymətləndirilməsinə gəldikdə isə müvafik meyarlara görə bütün müəssisələrin qiymətləndirilməsi təhsil keyfiyyətinin ölçülməsi baxımından əhəmiyyətlidir. Belə monitorinqlər TKTA tərəfindən aparılır və nəticələrə görə dəstəkverici tədbirlər görülür.
Müəllimlərin və təhsil müəssisələrinin qiymətləndirilməsi üçün meyarların davamlı olaraq təkmilləşdirilməsi diqqətdə saxlanmalı, proses nəticəyönümlü olmalıdır. Düşünürəm ki, bu istiqamətdə də işlər aparılır”.