Məktəb psixoloqları peşəkar olmalıdır
Məktəb psixoloqlarının həm maaşı, həm də öhdəlikləri ARTMALIDIR.
2025-ci ildən etibarən məktəb psixoloqlarının əməkhaqqılarında nəzərəçarpacaq artım müşahidə olunacaq. Artım növbəti tədris ilindən tətbiq olunacaq. Bu addım ümumi təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqların sosial təminatını yaxşılaşdırmağa yönəlib.
AzTehsil.com xəbər verir ki, məktəb psixoloqlarının maaşında nəzərdə tutulan artım bu sahədə illərdir mövcud olan struktur boşluqların aradan qaldırılması üçün mühüm fürsət sayıla bilər. Lakin bu artım sadəcə maddi təşviq səviyyəsində qalarsa, gözlənilən nəticə baş verməyəcək. Bu barədə təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib.
Formal xarakterli psixoloqlar
Onun sözlərinə görə, məktəb psixoloji xidmətinin funksional təsir gücünü artırmaq üçün maaş artımı ilə yanaşı bir sıra islahatların da həyata keçirilməsi vacibdir:
“Hazırda məktəb psixoloqları çox hallarda formal mövqe tutur, bəzən isə inzibati tapşırıqlarla yüklənirlər. Halbuki bu mütəxəssislərin əsas rolu şagirdin emosional və psixoloji rifahını təmin etmək, müəllim və valideynlərlə əməkdaşlıq çərçivəsində risk qrupundakı uşaqlara vaxtında dəstək göstərməkdir. Bunun üçün isə yalnız maaş yetərli deyil – sistemli yanaşma, hüquqi baza və müstəqil qərarvermə səlahiyyəti tələb olunur”.
Psixoloqların fəaliyyətini tənzimləyən normativ sənəd
Kamran Əsədov qeyd edib ki, bu istiqamətdə ilk addım psixoloqların fəaliyyətini tənzimləyən normativ sənədlərin hazırlanması olmalıdır. Hazırda onların səlahiyyət və öhdəliklərini konkret müəyyən edən vahid hüquqi baza yoxdur. Yeni sənəddə psixoloqun fəaliyyət sahələri – diaqnostika, preventiv iş, intervensiya və məsləhət vermə – dəqiq şəkildə təsbit olunmalı və fəaliyyət nəticələri əsasında hesabatlılıq sistemi qurulmalıdır.
Ekspertin fikrincə, məktəb psixoloqları müstəqil qərarvermə hüququna malik olmalıdır. O bildirib ki, şagirdlə bağlı intizam tədbirləri görülərkən psixoloqun rəyi olmadan heç bir qərar qəbul edilməməlidir:
“Zorakılıq, təhsildən yayınma, aqressiya hallarında psixodiaqnostik rəy əsas hüquqi sənəd statusu almalıdır. Bu, həm psixoloqun nüfuzunu artıracaq, həm də qərarların peşəkar əsaslara söykənməsinə səbəb olacaq”.
Kamran Əsədov əlavə edib ki, psixoloqların peşəkar inkişafı məcburi xarakter daşımalıdır. Onun sözlərinə görə, bu gün bəzi psixoloqlar müvafiq ixtisasa malik deyil və ya uzun müddət təlim keçmədən fəaliyyət göstərirlər:
“Maaş artımı ilə yanaşı, psixoloqlar üçün illik sertifikasiya və davamlı peşəkar inkişaf proqramları tətbiq olunmalıdır. Finlandiya və Estoniya kimi ölkələrdə bu sistem özünü doğruldub”.
Məxfilik üçün uyğun şərait
Ekspert eyni zamanda psixoloqların fəaliyyət göstərməsi üçün məktəblərdə infrastrukturun yaxşılaşdırılmasının da vacibliyini vurğulayıb:
“Məxfi konsultasiyalar üçün uyğun şərait – sakit otaq, müşahidə vasitələri, diaqnostik test resursları – olmadıqca, psixoloqun işi effektiv ola bilməz. Bu fiziki mühit həm də valideyn və şagirdin etimadını artırır”.
Sonda təhsil eksperti vurğulayıb ki, maaş artımı struktur dəyişikliklərlə müşayiət olunmadığı halda sadəcə “rəsmi artım” təsiri yaradacaq:
“Əgər psixoloqun səlahiyyəti, hüquqi statusu və məsuliyyəti artırılarsa, onların fəaliyyəti nəticə əsaslı şəkildə qiymətləndirilərsə, məktəblər yalnız bilik deyil, psixoloji təhlükəsizlik və insani inkişaf mühitinə çevrilə bilər”.