Qadın müəllimlər şalvar geyinə bilər? – Rəsmi və qeyri-rəsmi REAKSİYA
Yaxşı müəllim hər zaman cəmiyyətdə nümunə sayılıb. İstər kişi, istərsə də qadın müəllimin şagirdə təsiri valideynin təsirindən üstün ola bilər. Bu baxımdan bir çox şagirdin məhz müəllimi özünə örnək götürməsi təsadüf sayıla bilməz.
Müəllimlərin geyim tərzi zaman-zaman müzakirə mövzusu olub. Bu müzakirələrə qoşulanlar müəllimlərin geyimi ilə bağlı müxtəlif fikirlər, təkliflər səsləndiriblər. Hətta vahid geyim formasına keçidi dəstəkləyənlər də olub.
Hər zaman cəmiyyətin diqqət mərkəzində olan müəllim istər-istəməz geyim-keçiminə diqqət etməyə məcburdur.
Geyim tərzindən danışılarkən qadın müəllimlərin tərzi xüsusilə gündəmə gətirilib. Əsas da qadın müəllimin şalvar geyinib-geyinməməsi.
Bəs müəllimlər necə geyinməlidir? Onlara rəsmi olaraq şalvar qadağası varmı?
AzEdu.az sorğuya cavab almaq üçün öncə Elm və Təhsil Nazirliyinə müraciət edib.
Nazirlikdən saytımıza bildirilib ki, ümumtəhsil məktəblərində qadın müəllimlərin şalvar geyinməsinə hər hansı bir məhdudiyyət yoxdur.
“Bununla belə hər bir müəllimin, o cümlədən qadın müəllimlərin geyimi digərlərinə nümunə olmalıdır”, – deyə Elm və Təhsil Nazirliyindən verilən cavabda qeyd edilib.
Sözügedən mövzu ilə bağlı “İlin Gənc Müəllimi-2022” sorğu-müsabiqəsinin ilk “10-luq”unda yer alan Ülviyyə Abdulova da öz fikirlərini bildirib:
“Müəllimlər nəinki geyimində, hər addımında örnək olmalıdır. Onlar məktəbə uyğun olmayan tərzdə geyinirsə, məsələn, qısa yubka, cins – dar şalvar, al-əlvan rəngli paltarlar və s. şagirdlərə heç də yaxşı nümunə olmayacaq. Həmçinin, bu cür geyinən müəllimlər öz şagirdlərindən də geyimlə bağlı səliqəli olmağı tələb edə bilməz. Bu tələblər davranış qaydalarında da əks olunur. Müəllimin geyim tərzi, səliqəsi davranış qaydalarına daxildir. Bu halda geyimi qeyri-etik olan müəllimlər öz şagirdlərindən də düzgün davranış gözləyə bilməz”.
Təhsil eksperti Məzahir Məmmədli müəlimlərin geyim tərzi barədə fikirlərini bölüşüb:
“Qadın müəllimlərin geyimi ilə bağlı sosial şəbəkələrdə kifayət qədər geniş müzakirələr aparılıb. Həmin müzakirələrin nəticəsi olaraq, Bakının Sabunçu rayonunda yerləşən 67 saylı məktəbdə, pedaqoji şuranın qərarı ilə vahid bir forma seçiblər. Bu gün də 67 saylı məktəbin qadın və kişi müəllimləri məktəbə daxili qərarla müəyyən olunmuş formada gəlirlər. Mən həmin məktəbdə olmuşam və müəllimlərə aid xüsusi formanın olması kifayət qədər nümunəvi görünür. Təcrübə göstərir ki, bu tərz şagirdlərin müəllimlərə olan münasibətinə müsbət təsir edir. Qadın müəllimlərin qısa ətək, dar şalvar, bahalı geyimi şagirdlər arasında yaxşı düşüncə formalaşdırmır”.
Ekspert müəllimlər üçün vahid formanın tədbiq olunmasını təklif edib:
“Müəllimlər üçün xüsusi forma tədbiq olunması mentalitetimiz üçün də uyğun olardı. Məsələn, Türk məktəblərində müəllimlər üçün xalat forması var. İstədikləri geyimlə gəlib, üstündən həmin xalatı geyinirlər. Yaxşı olardı ki, bizim məktəblərdə də buna oxşar tərz tətbiq edilsin”.