Müəllimlərin qeyri-düzgün geyim forması onun peşə nüfuzuna, şagirdlərin, tələbələrin tərbiyəsinə, tədrisin keyfiyyətinə ciddi təsir göstərən əsas amillərdən biri kimi hesab edilir.
Orta məktəblərdə vahid geyim formasının olduğu bəllidir. Bəs, tələbələr?
Son günlərdə tələbələrin geyimi, bununla bağlı qoyulan qadağalar gündəmə gəlib.
Maraqlıdır, tələbələrin geyimləri ilə bağlı qadağa qoymaq doğru və mümkündürmü? Onların geyimi necə olmalıdır?
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva AzEdu.az-a danışarkən qeyd edib ki, universitetlərdə tələbələrin geyimləri ilə bağlı ümumi qayda-qanun qəbul etmək düzgün deyil:
"Hər bir şəxs – tələbə, müəllim – geyimində məsuliyyət hiss etməlidir. Tələbənin tələbə, müəllimin müəllim geyimi olmalıdır. Bilirsiniz, orta məktəblərdə xüsusi geyim forması var və bu, çox gözəldir.
Ali məktəblərdə isə bu, sərbəstdir və qadağaların olması yanlışdır, insan hüquqlarının pozulması deməkdir. Amma hər kəs bilməlidir ki, hər bir yerin öz geyimləri var.
Bəzən, görürsən, universitetlərə tələbə elə bir formada gəlib ki... Məsələn, bu, hansısa gecə, ziyafət, yığıncaq geyimi ola bilir. Hər kəs azaddır, amma bu o demək deyil ki, sən ali məktəbə istədiyin formada gələ bilərsən. Həmişə sadə, təmiz, səliqəli geyimlərə üstünlük verirəm. Düşünürəm ki, bu, hər bir yaşda olan insanlar üçün keçərli olmalıdır”.
Sosioloq-alim Əhməd Qəşəmoğlu deyib ki, universitetlərin geyimlərə qarşı münasibəti yumşaq şəkildə olsa, çox yaxşı olar:
"Əks halda, müəyyən problemlər yarana bilər. Bu baxımdan birdən-birə qadağalar qoymaq düzgün deyil. Əvvəla, tələbələrin bir çoxu evdən aldığı pulu toplayıb bir paltar alır. Və bu adam dərsə gəldiyi zaman qadağalarla qarşılaşanda başqa paltar almağa pulu çatmır. Əgər geyimlərlə bağlı tələblər olacaqsa, ən azından yarım il öncədən universitetdə işlər aparılmalıdır. İnsanlar həm mənəvi-psixoloji, həm də maddi cəhətdən hazır olmalıdırlar. Yəni kəskin olaraq qərar qəbul etməyi doğru hesab etmirəm.
Lakin tədris müəssisəsi üçün bir mühit vacibdir. Çünki hər bir insanın davranışını formalaşdıran üç əsas amil var: mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər. Əgər gənclər tələbədirsə, onların həyatında təhsil aparıcı rol oynamalıdır. Qalan məsələlər tədris prosesindən kənardır. Ona görə də insanları tədrisə, təhsilə yönləndirə bilən mühit önəmlidir. Bir-biriləri ilə geyimlər üzərindən yarışmaq, dəblə ayaqlaşmaq və.s kimi amillər tələbələrin psixologiyasında mənfi rol oynayır və təhsil prosesinə birbaşa neqativ təsir edir. Bu baxımdan prinsip etibarilə, ali məktəblərdə təhsil mühitinin yaranmasını vacib hesab edirəm. Amma kəskin şəkildə qərarların qəbul edilməsinin əleyhinəyəm”.
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib ki, İslam dini baxımından yanaşdıqda, geyim formaları hər xalqın mədəniyyətinin özünə uyğun olması əsas götürülür:
"Bu gün bir çox gənclər bəzən bizim geyim mədəniyyətimizi pozurlar. Əlbəttə, elm almaq istəyən gənc normal ədəb çərçivələri daxilində rəsmi universitetə gəldikdə səliqəli geyinməlidir. Çünki geyimin insanın əxlaqına, davranışına güclü təsiri var. Həmçinin normal ədəb dairəsində geyindikdə gəncdə elmə həvəs daha çox olur. Lakin normadan kənar geyimlər həm gəncin öz diqqətini cəlb edir, həmçinin, ətrafdakıların fikirlərinin dağılmasına səbəb olur. Bu baxımdan İslam dini nöqteyi-nəzərdən yanaşdıqda, universitetlərdə təhsil almağa gələn gənclər normal geyim mədəniyyətinə riayət etməlidirlər”.
Müsahibimizin sözlərinə görə, bu məsələdə institut və universitet rektorları da məsuliyyət daşıyır:
"Çünki dərsə normadan kənar geyinib gələn tələbənin fikri dərsdən yayındığı üçün digərlərinin də fikirlərinin yayılmasına zəmin yaratmış olur. Belə halda, universitet artıq elm ocağından daha çox bayağı bir yerə dönür. Əlbəttə, bu məsələdə ciddi olmaq lazımdır. Universitet tələbələri səliqəli geyinməli, normal geyim mədəniyyətini qorumalıdırlar.
Həddən artıq dar geyinmək, qızların dizdən yuxarı geyinməsi halları olmamalıdır. Xüsusi ilə oğlanların deşilmiş şalvar geyinmələri yol verilməz olmalıdır. İslam dini bu məsələdə abırlı geyinməyi tövsiyə edir. Bu baxımdan ali təhsil müəssisələrində çalışan müəllimlər də geyim ədəbinə riayət edib bunu öz tələbələrinə aşılamalıdırlar. Lap ən son dəblə geynimiş olsa belə, hər bir müəllim və tələbə geyim əxlaqına riayət etməlidirlər. Çünki, dinimiz əxlaqlı olmağı tövsiyə edi