Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Hər il Müəllimlər günü ərəfəsində məktəblərdə pul yığımı ilə bağlı söz söhbətlər, şikayətlər olur. Maraqlıdır ki, bu məsələdə çox zaman valideynlərin aktivliyi müşahidə edilir. Müəllimlər, məktəb direktorları deyil, valideynlər canfəşanlıq göstərirlər.
Milli Məclisin deputatı Tahir Kərimli AzEdu.az-a açıqlamasında deyib ki, pul yığımı ilə bağlı iki hal mövcuddur:
"Bildiyiniz kimi, ötən gün Milli Məclisdə "Təhsil haqqında” qanunla bağlı çıxış edib, təklif irəli sürdüm. Dərslərin yenidən sentyabrın 1-də başlamasını və Müəllimlər gününün də həmin vaxt olmasını, uşaqların dərs yükünün azaldılmasını bildirdim. Yəni, bu, bütöv təhsil sistemini başdan-ayağa pozur. Ümumiyyətlə, bu kontekstdə demək istəyirəm ki, pul yığımı ilə bağlı iki hal mövcuddur. Birincisi, müəllim heyətinin maddi marağı, qazanc əldə etmək istəyidir. İkincisi, arada olan valideynlərin vasitəçiliyi nəticəsində özlərinin yaxşı göstərilməsi, bəlkə yığılan puldan mükafatlandırılması və.s. Hər iki hal qanunsuzluq, birbaşa hüquq pozuntusudur. Təəssüf ki, illərlə bu məsələ ətrafında müzakirələr aparılsa da, eyni vəziyyət davam edir”.
Deputat deyib ki, bu kimi hallar təhsilin keyfiyyətinə mənfi təsir edir:
"Dünyada yeganə xalqlardanıq ki, pul verib övladımızı əsgərlikdən saxlayırıq, yaxud pulla onların oxumamağını təmin edirik. Bəzən, müəllimlərin əmək haqqının kifayət qədər olmaması ilə əlaqəli pul yığımına haqq qazandırırlar. Lakin indi müəllimlərin əmək haqqı müəyyən qədər artırılıb, gələcəkdə də bu tendensiyanı davam etdirmək lazımdır. Həqiqətən, müəllimlərə kifayət qədər pul vermək lazımdır ki, gözləri valideynlərin pulunda olmasın.
Əslində, əlavə qanuna ehtiyac yoxdur. Bununla bağlı dediyim kimi qanunla nəzərdə tutulan inzibati tədbirlər var, lakin əməl edən yoxdur. Görünür, maarifləndirici hərəkatdan tutmuş, hüquqi məsuliyyətə cəlbetmə hallarına kimi məsələlər davam etdirilməlidir. Digər tərəfdən burda valideynlərdən, müəllimlərdən danışmaq lazım deyil. Birinci, direktorlar məsuliyyət daşıyır. Əgər məktəbdə pul yığılması kimi hallar varsa, direktor buna görə məsuliyyət daşıyırsa, o, müəllim və valideynin kontakta girib bu işi görməsinə imkan verməz”.
Bakı şəhəri 165 saylı tam orta məktəbin direktoru Vüqar Məmmədov saytımıza danışarkən bildirib ki, bu məsələyə bəzən məktəb direktorları özləri rəvac verir:
"Amma bəzən də valideynlər öz təşəbbüsü ilə bu addımı atır. Amma qətiyyən yol verilməz bir haldır. Məsələn, mən valideyn və müəllimlərlə görüşlər təşkil edib, bunun qanuni tərəfini izah edib, bu işdən çəkindirə bilirəm. Artıq öz məktəbimizdə bu işi tam nəzarətdə saxlayıram ki, neqativ söz-söhbətlər olmasın. Əsasən, valideynlərin maarifləndirilməsi vacibdir. Valideyn iclasları təşkil pul yığılması kimi halların olmaması üçün tədbirlər görməlidir”.
Professor, sosioloq alim Əhməd Qəşəmoğlunun sözlərinə görə, geniş mənada götürəndə bu məsələdə valideynin günahı yoxdur:
"Valideyn ordan-burdan başqa valideynlərin hədiyyə aldığını, pul verdiyini, bunun hesabına uşaqlarına güzəşt edildiyini eşidir və ictimai rəy yaranır. Əgər bu olmasa, valideyn belə hərəkət etməz. İstənilən davranışın formalaşmasında üç amil ciddi rol oynayır:mühit, alınan informasiya, üstünlük verilən dəyərlər. Əgər mühitdə bu qayda-qanun olmasa, valideyn elə iş görməz. Deməli, mühit artıq bu istiqamətdə korlanıb.
Digər tərəfdən sabah məlum olsa ki, məktəblərdə pul verən müəllimlərə qarşı tədbir görülür, ictimai qınaq var, valideynlər bu yola əl atmayacaqlar. Həmçinin cəmiyyətdə mənəvi dəyərlər öndə olsa, insanlar ədalətli, düzgün prinsiplər əsasında yaşadıqlarını göstərməyə çalışsa, o zaman problemin qarşısı alına bilər. Cəmiyyətdə baş verənlər bir neçə komponentin təsiri altındadır. O cümlədən bu məsələdə valideyn, ondan da öncə, mühit günahkardır”.
Müsahibimiz düşünür ki, problemin həlli üçün kompleks metodlar həyata keçirilməlidir:
"Cəmiyyətimiz elə vəziyyətə çatıb ki, burda nə təkcə maarifləndirmə bir problemi həll edə bilir, nə də hər hansı inzibati metod. Burda kompleks metodlar həyata keçirilməlidir. Bir tərəfdə sərt tədbirlər, o biri tərəfdə isə maarifləndirmə nəzərdə tutulmalıdır. Məsələn, televiziyalarda bu istiqamətdə maarifləndirmə işləri aparıla bilər. Cəmiyyətdə getdikcə maddi dəyərlər rol oynamağa başlayırsa, problemi həll etmək çətinləşir. Çalışmalıyıq ki, ölkəmizdə mənəvi dəyərlər daha aparıcı rol oynasın. Mənəvi dəyərlər arxa plana keçdikcə, məsələnin qarşısını almaq mümkün olmur”.