Bölgələrdə məktəbli forması problemi
Hazırda respublikanın demək olar ki, bütün orta təhsil müəssisələrində şagirdlər məktəbə vahid formada gedirlər. Bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə bərabər, həm də nizam-intizamın yaxşılaşmasına gətirib çıxarır.
Bəs bölgə məktəblərində şagirdlər vahid məktəbli forması geyinirlərmi?
Bununla bağlı AzEdu.az bölgə müəllimlərin fikrini öyrənib.
Şəki şəhəri Baş Göynük kəndi 1 saylı orta məktəbin müəllimi Aysel Səfərzadənin sözlərinə görə, dərs dediyi məktəbdə şagirdlər vahid məktəbli forması geyinmirlər:
"Şagirdlərin vahid məktəbli forması geyinməyi səliqəli və xoş görünüş yaratsa da, düşünmürəm ki, valideynlərin hamısı övladlarına vahid məktəbli forması alsın. Ailələrin maddi vəziyyətini də düşünmək lazımdır. Dərs dediyim məktəbdə isə şagirdlər məktəbli forması geyinmirlər”.
Göygöl rayon Çaylı kənd tam orta məktəbinin müəllimi Səltənət Quliyeva açıqlamasında bildirib ki, dərs dediyi məktəbdə vahid məktəbli forması olmasa da şagirdlərin hamısı ağ köynək, qızlar qara ətək, oğlanlar isə qara şalvar geyinirlər:
"İşlədiyim məktəbdə şagirdlər vahid məktəbli forması geyinmirlər. Lakin şagirdlər üçün vahid məktəbli forması olmasa belə, oğlanlar qara şalvar, qızlar isə qara ətək geyir. Məktəbdə müəllimlərə xas olan formanı da hər bir müəllim geyinir”.
Gədəbəy şəhəri 1 saylı tam orta məktəbin müəllimi Tural Topçuyev deyib ki, onun da dərs dediyi məktəbdə şagirdlər vahid məktəbli forması geyinmirlər:
"Vahid məktəbli formasının tətbiq olunması ilə bağlı tədbir görülüb.Ümid edirik ki, buna nail ola biləcəyik”.
Bərdə rayonu Kürdborakı kənd tam orta məktəbinin müəllimi Elşən Ramizoğlu dərs dediyi məktəbdə şagirdlərin vahid məktəbli forması geyinmədiyini bildirib.
"Vahid məktəbli formasının tətbiq olunması ilə bağlı heç bir tədbir görülmür. Məktəbin istilik sistemi olmadığı halda, şagirdlərə vahid məktəbli forması necə tətbiq oluna bilər ki? Qışda sinif otaqlarının qızdırılması üçün odun sobasından istifadə edilir və məktəbin öz vəziyyəti acınacaqlıdır. Məktəbin pəncərələri, qapıları qırıq-sökük vəziyyətindədir”.
Onun sözlərinə görə, şagirdlərin vahid məktəbli forması geyinməyi əslində çox gözəl olardı, çünki ən azından bununla şagirdlərin ailə vəziyyəti müqayisə edilməzdi:
"Vahid məktəbli formasının tətbiq olunması üçün ilk növbədə məktəbin istilik sistemi olmalıdır. Bizim məktəbdə isə şagirdlər qışda gödəkçə, palto ilə parta arxasında əyləşirlər. Bu vəziyyətdə şagirdə söyləmək də olmur ki, papağı çıxart və ya gödəkçə geyinmə, çünki bir müəllim olaraq mənə də soyuqdur. Bəzən şagirdlərə baxırsan ki, geyindiyi geyim həqiqətən də məktəbli geyimi deyil. Fikirləşirsən ki, vahid məktəbli forması olsa yaxşı olardı”.
Lerik rayonu Vistən kənd tam orta məktəbinin müəllimi Rusif Məmmədov da digər həmkarları kimi dərs dediyi məktəbdə vahid məktəbli formasının olmadığını vurğulayıb:
"Dərs dediyim məktəbdə şagirdlər vahid məktəbli forması geyinmirlər. Şagirdlərin vahid məktəbli formasının geyinməyi haqda da düşünülmür, çünki məktəbin şəraiti heç də ürəkaçıcı deyil”.
Laçın rayonu, Taxtakörpü kənd orta məktəbinin müəllimi Şənbəm Cəbrayıl qeyd edir ki, bizim məktəbdə şagirdlər ağ köynək, qızlar qara ətək, oğlanlar isə qara şalvar geyinsələr də, vahid məktəbli formasının olması daha yaxşı olardı:
"Şagirdlər vahid məktəbli forması geyinsəydi onlar arasında ayrıseçkilik olmazdı. Yəni, bir şagirdin yaxşı geyinməyi ilə digərinin pis geyinməyinin qarşısı alınardı. Təəssüf ki, vahid məktəbli formasının tətbiq olunduğu məktəblərdə şagirdlərdən geyim üçün pul yığılır. Mən çox istərdim ki, heç olmasa məcburi köçkün məktəblərində vahid məktəbli forması şagirdlərə ödənişsiz paylanılsın”.