Bakıda vahid məktəbli forması ləğv edilir?
Bakının təhsil müəssisələrində vahid məktəbli formasının ləğv edilməsiylə bağlı məlumatlar var.
Məsələn, 18 saylı tam orta məktəbdə şagirdlərə yeni formaların veriləcəyi ilə bağlı məlumat yayılıb. Üç aydır ki, başlayan tədris mövsümündə ikinci dəfə forma dəyişikliyin olması nəyə lazımdır? Valideynləri də düşündürən sual budur.
Ölkədə sosial-iqtisadi mühitin ağır olduğu bir vəziyyətdə bir neçə ayda ikinci dəfə forma dəyişikliyi həm də vahid forma erasının başa çatmasındna xəbər verir.
Aztəhsil.com cebhe.info-ya istinadən xəbər verir ki, məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov 18 saylı məktəbin direktorunun da münasibətini öyrənib.
B.Məmmədov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.8-ci bəndinə əsasən, ümumtəhsil məktəblərində təhsil alanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.
18 nömrəli tam orta məktəbdən BBTİ-yə verilmiş məlumatda qeyd olunur ki, 2017-2018-ci tədris ilindən etibarən yeni dizaynlı məktəbli formalarından istifadə edilir.
Məktəbdən bildirilib ki, valideynlərin razılığı ilə yayda ölçülər götürülüb, dərs ilinin başlanması ərəfəsində hazır formalar valideynlərə təqdim olunub. Yeni formaların üzərində məktəbin loqosu əks olunub. Formalar ilk olaraq I və V siniflər üçün nəzərdə tutulub.
Məktəb direktorunun sözlərinə görə, yeni dizaynlı formalar digər valideynlər tərəfindən də bəyənildiyi üçün növbəti tədris ilindən digər siniflərin də yeni məktəbli formasından istifadəsi planlaşdırılır.
Təəssüflər olsun ki, 3 ay ərzində ikinci dəfə məktəbli formasının dəyişilməsi hansı ehtyacdan yaranıb sualımız BBTİ tərəfindən cavablandırılmayıb.