“Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin VII Ekoloji Forumu
Təhsil Nazirliyinin dəstəyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 30 aprel ˗ 03 may 2022˗ci il tarixlərində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin hibrid formatda VII Ekoloji Forumu keçirilib.
Ekoloji Forumun məqsədi ətraf mühitin qorunması sahəsində məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda xüsusi bacarıq və səriştənin formalaşdırılması, “Yaşıl Şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, ekoklub liderlərinin pandemiya dövründə 2021˗2022˗ci tədris ili fəaliyyətinə dair təcrübə mübadiləsindən ibarət olub.
VII Ekoloji Forumun ilk hissəsi “Zoom” onlayn platformasında Bakı şəhəri üzrə 40-a yaxın ümumtəhsil müəssisələri və 30 regional Uşaq˗Gənclər İnkişaf mərkəzlərinin 2500-ə yaxın ekoklub üzvləri iştirak edib.
“Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin VII Ekoloji Forumunun açılışında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan˗zadə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım Səyyarə Məmmədova salamlama nitqi ilə çıxış edib.
Foruma ekspert qonağı qismində qatılan “Təhlükəli tullanılar” MMC-nin direktor əvəzi Çingiz Mehdiyevin təhlükəli tullantıların idarə olunması və utilizasiyası ilə əlaqədar çıxışı əsasında sual-cavab və mövzu ətrafında müzakirə təşkil olunub. Ardınca seçilmiş ekoklub liderlərinin illik fəaliyyətlərinə dair hesabat çıxışları dinlənilib. Onlayn hissə ilə paralel olaraq, planeti yox olmaq təhlükəsindən xilas etmək naminə ötən ay torpağın qorunması məqsədilə məşhur yoq Sadhqurunun start verdiyi “Torpağı qoruyaq” (“Save Soil”) qlobal kampaniyaya dəstək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasına “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının gənc ekoloqları da qoşulub.
Qeyd edək ki, Sadhquru motosikletlə başlayan 100 günlük səyahətində Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin 26 ölkəsini - ümumilikdə 30 min kilometr məsafəni qət edərək, yolboyu ətraf mühit müdafiəçiləri ilə görüşlər keçirir.
Daha sonra istifadəyə yararsız elektrik batareyalarının toplanması məntəqələrinin genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Qırmızı Ürəklər” Fondu və “BRAVO” marketlər şəbəkəsi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində "EkoSfera" Sosial-Ekoloji mərkəzin və “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının ekoklub liderləri aktiv iştirak edərək topladıqları batareyaları təhvil verib, eyni zamanda batareyaların zərərləri barədə müxtəlif çağırışlar hazırlayıblar. Keçirilən aksiya zamanı 30 kq-dan çox işlənmiş batareyalar ayrılmış qutulara toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
03 may tarixində VII Ekoloji Forumun davamı olaraq iqlim dəyişmələri və onun monitorinqi mövzusunda aktiv ekoklub liderləri və eko-startupçıların iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində görüş keçirilib. Görüşdə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi və departamentin iş prosesi barədə məktəblilərə ətraflı məlumat verərək, hidromeoroloji stansiyaların iş prinsipi, işğaldan azad olunmuş rayonlarda hidrometeoroloji şəbəkənin tez bir zamanda bərpa olunmasının nəzərdə tutulduğunu bildirib. Ardınca isə iqlim dəyişmələri və onun həll yolları ilə bağlı ekoloji start-upların yaradılmasını stimullaşdırmaq məqsədilə dəyirmi masa keçirilib.