Beynəlxalq Baş Aşpaz” uşaq və gənclər arasında kulinariya üzrə onlayn Beynəlxalq müsabiqənin Respublika mərhələsinin mükafatlandırma mərasimi keçirilib
Cari ilin 28 mart tarixində Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşəbbüsü və təşkilatçılığı, La Quzu (bycafecity) restoranının tərəfdaşlığı ilə respublikada ilk dəfə olaraq “Beynəlxalq Baş Aşpaz” uşaq və gənclər arasında kulinariya üzrə onlayn Beynəlxalq müsabiqənin Respublika mərhələsinin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqənin əsas məqsədi Azərbaycan mətbəxinin ənənəvi reseptlərinin qorunması, uşaqlar və gənclər arasında milli kulinariya sənətinin inkişaf etdirilməsi, məktəblilər arasında ekoloji sağlam qidalanmanın təbliği, eyni zamanda Azərbaycan mətbəxinin beynəlxalq səviyyədə tanıdılmasından ibarətdir.
Müsabiqə “Azərbaycanın Baş Aşpazı” mərhələsi və “Beynəlxalq Baş Aşpaz” mərhələsindən ibarət olub. Məktəblilər “Azərbaycanın Baş Aşpazı” mərhələsində soyuq qəlyanaltı, salat, əsas milli isti xörəklər, milli desert nominasiyaları üzrə iştirak ediblər. “Beynəlxalq Baş Aşpaz” mərhələsində isə xarici ölkə iştirakçıları Azərbaycan mətbəxinə aid olan əsas xörəklər nominasiyası üzrə iştirak edəcəklər.
Mükafatlandırma mərasimində qalib şagirdlər, müəllimlər, valideynlər, aşpazlar və media nümayəndələri iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Dilarə Hacıyeva məktəblilərin maarifləndirilməsi istiqamətində keçirilən müsabiqənin əhəmiyyətindən, sağlam yaşamağın təməlində məhz sağlam qidalanmanın dayanmasından, son illərdə ölkəmizdə qida təhlükəsizliyinə nəzarət işininin təkmilləşdirilməsindən, təhsil müəssisələrində uşaq, yeniyetmə və gənclərin ekoloji sağlam və düzgün qidalanmasından, həmçinin “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”ndan, düzgün qidalanma və sanitar-gigiyenik qaydalarla bağlı məktəblilər arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin aparılmasından bəhs edib.
Qeyd edək ki, müsabiqənin Respublika mərhələsində 10-12 və 13-15 yaş qrupu üzrə 500 iştirakçı seçdiyi nominasiya üzrə hazırladıqları video çarxı təqdim edib. 68 iştirakçı final mərhələsinə vəsiqə qazanıb, onlardan 15 məktəbli isə qalib seçilib.
Müsabiqənin qalibləri diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim olunub.