AzTehsil.com


Xəbərlər / Müəllim
23 oktyabr 2021
6 215


Mətnin tipləri




Mətnin mövzusuna müəllif mövqeyini ifadə edən vasitələrdən biri nitqin tipləridir. Bu o deməkdir ki, müəllif öz fikrini müəyyən nitq tipləri vasitəsilə çatdırır.  Nitqin üç əsas tipi var: təsviri, nəqli, mühakimə.

Təsvir – varlığın davamlı və yaxud bir dəfə təzahür edən xüsusiyyətlərinin və ya fəaliyyətinin sadalanması yolu ilə ifadə olunan nitq tipidir.

Təsvirdə predmetin keyfiyyətini, xüsusiyyətlərini bildirən sözlərdən – sifətlər, zərflərdən çox istifadə edilir.

Feillər daha çox nəqli keçmiş zamanda işlədilir, əyanilik üçün isə indiki zamanda istifadə edilir. Sinonim sözlərdən, adlıq cümlələrdən çox istifadə olunur.

Məsələn, bir nümunəyə baxaq.

Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi, qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qara qarğalar qorxaq baxışlarla gəzinrdi. Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada, ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey deyildi.

Abdulla Şaiqin  “Məktub yetişmədi” əsərindən bir parşanı dinlədiniz. Gördüyünüz kimi, mətndə sifətlər vasitəsilə təbiətin təsviri, zərflər vasitəsilə insanların davranışının təsviri verilmişdir.

Təsvir predmeti görməyə, onu təsəvvürdə canlandırmağa imkan verir.

Təsvir  — sabit bir mənzərədir. Bir fotoqrafiyadır.

Təsviri mətnin tipik kompozisiyasına daxildir:

predmet haqqında ümumi təsəvvür;

predmetin ayrı-ayrı əlamətləri;

müəllif dəyərləndirməsi, qənaət, nəticə.

Təsvirin müxtəlifliyi deyiləndə nə başa düşülür:

1) predmetin və ya insan, onun xarakteristikasının təsviri;

2) məkanın təsviri;

3) ətraf mühitin təsviri;

4) insan sifətinin ifadələrinin, hisslərin təsviri və s.

Təsvirin əsas sualı bunlardır: O necədir? Harada yerləşir? O özünü necə hiss edir? və s.

Təhkiyə və ya nitqin nəqli xarakteri – hadisələrin ardıcıl ifadəsi, bir-birini əvəz edən situasiyaların nəql edilməsidir. Təhkiyənin məzmununu fotoaparatın bir neçə kadr vasitəsilə vermək olar.

Təhkiyə – hərəkətdə olan aləmdir. Bir kadr digərini əvəz edir.

Təhkiyənin tipik kompozisiyasına nələr daxildir?

1) düyün nöqtəsi (zavyazka);

2) kulminasiya;

4) hadisənin açılması (razvyazka).

Təhkiyənin müxtəlifliyi dedikdə  obrazlarla nəql etmə və informativ olması nəzərdə tutulur.

Nəqli xarakterli mətnlər əsasən keçmiş zamanda olan feillər vasitəsilə yazılır.

Təhkiyə hadisələri, adamların davranışlarını və təzahürləri zaman və məkan çərçivəsində təsəvvürdə canlandırmağa imkan yaradır.

Mühakimə — isbatedici, əsaslandırıcı nitq tipidir, səbəblərdən, hadisələrin, təzahürlərin, hiss və dəyərləndirmələrin nəticələrindən bəhs edir. Mühakimə elə ifadə formasıdır ki, onu fotoaparatın obyektinə almaq olmur.

Mühakimə mətnlərinin tipik kompozisiyasına daxildir:

1) tezis ( sübut və ya təkziblər tələb edən fikirlər);

2) əsaslandırma (arqument, dəlil, fakt və nümunələr);

3) qənaət.

Mühakimə özünü:

mühakimə-sübut;

mühakimə-izah;

mühakimə-təfəkkür formalarında göstərir.

Mühakimə xarakterlii mətnlər daha çox “Niyə məhz belədir, başqa cür deyil? Buradan nə nəticə çıxarmaq olar?” suallarına cavab verir.

Bu nədir? sualına cavab verən mətndə isə predmetin və ya təzahürün məğzi, fnksyası izah olunur.

Necə olmalıdır? Nə etməli? suallarına həyati situasiyalar üzərində düşüncələr haqqında cavab verilir.

Mühakimə mətnlərində fikrilərin əlaqələndirilməsinə, cümlələrin ardıcıllığına xidmət edən bağlayıcı sözlərə üstünlük verilir.  Məsələn, nəticə, ümumiləşdirmə bildirən, fikrin mənbəyini ifadə edən modal sözlərdən, aydınlaşdırma, səbəb bağlayıcılarından istifadə edilir.

Nümunə:

Müvəffəqiyyətin hansı əsas səbəbləri var? Sizcə, universal resept varmı?

– Üç əsas amil var. Birincisi,  müasir tədris sistemləri  təfəkkürü inkişaf etdirir. İkincisi, təhsilin keyfiyyətinə zəmanət verən peşəkar müəllimlərdir. Ölkə istedadlı insanların müəllim olmaq istədikləri şəraiti yaratmalıdır. Üçüncüsü də, ən yaxşı müəllimlər ən çətin məktəblərdə işləməlidirlər, bunun öhdəsindən Asiyada xüsusilə yaxşı gəlirlər.”

“Sinif və ya müəllim arasında seçim etmək istəsəniz…” başlıqlı müsahibədən Andreas Şleyxerin nitqi

Mühakimə müəllifə fikrini daha aydın ifadə etməyə, mövqeyinin daha çox inandırıcı olmasına imkan verir.

Təsvir, təhkiyə və mühakimə arasındakı sərhəd çox şərtidir. Bununla yanaşı, bir mətndə hər zaman hər hansı vahid bir nitq tipindən istifadə edilmir.  Çox zaman iki və ya üç nitq tipinin bir yerdə işlədilməsini müşahidə edirik: təsviri-nəqli, nəqli-mühakimə, mühakimə elementli təhkiyə və s..

Mətnin tiplərinin xüsusiyəytlərini belə ümumiləşdirə bilərik:

Təsviri mətnlər  göstərir.

Nəqli mətnlər  danışır.

Mühakimə mətnləri  sübut edir.

Bəs üslublarına görə mətnlərdə hansı nitq tiplərindən daha çox istifadə edilir?

Elmi üslubda olan mətnlərə hər üç  tip xarakterikdir, lakin mühakiməni elmi mətnlər üçün aparıcı hesab etmək olar. Çünki elmi mətnlərdə hər bir halda mühakimə-sübut, mühakimə-izah üstünlük təşkil edir.  Rəsmi-igüzar üslubda olan mətnlər təsviri və nəqli xarakter daşıyır. Pubisistik mətlərdə hər üç nitq tipinə təsadüf edilir. Bədii mətnlər daha çox təsviri və nəqli xarakterdə olsa da, mühakimə elementlərini də əhatə edir. Məişət üslubunda olan nitq də özündə hər üç tipi ehtiva edir. İnsanın dünyagörüşü səviyyəsinə görə hər hansı bir nitq tipi üstünlük təşkil edə bilər.

Könül Nəhmətova

filologiya üzrə fəlsəfə doktoru




Загрузка...