Artıq bir müddətdir ki, bütün dünya ölkələri koronavirus pandemiyası təhlükəsinin nəticələri və onun yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı, təxirəsalınmaz addımlar atır. Dünyada dərin iqtisadi və maliyyə böhranı yaradan pandemiyanın ağır fəsadlarının qarşısını almaq üçün ölkəmiz də sistemli və vacib tədbirlərlə tam səfərbər olub.
Prezident İlham Əliyevin uzaqgörənliyi, proseslərə dərhal ciddi reaksiya verməsi, onun rəhbərliyi ilə atılan bütün vacib addımlar digər ölkələr üçün nümunəyə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin verdiyi rəylərdən də məlum olduğu kimi, Azərbaycanın bir sıra böyük dövlətlərdən fərqli olaraq pandemiyaya qarşı mübarizəsi effektiv nəticələr verməkdədir.
Çox sevindirici haldır ki, Azərbaycan təhsil sisteminin yetirmələri olan mütəxəssislərin , "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə tibb təhsili almış şəxslərin də bu prosesdə müxtəlif formalarda rolu var. Xaricdə yüksəkixtisaslı mütəxəssislər kimi yetişən azərbaycanlı məzunlar artıq pandemiyaya ilə mübarizə sahəsində öz töhfələrini verirlər.
Qeyd edək ki, Dövlət Proqramı təqaüdçülərinin pandemiya ilə mübarizə səyləri aprelin 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı tərəfindən də xüsusi vurğulanıb və bildirilib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı " çərçivəsində Türkiyədə tibb təhsili almış 20 azərbaycanlı gənc vətənə qayıdaraq pandemiya ilə mübarizəyə cəlb olunub. Məzunlarımız həm xəstələrə tibbi xidmətlərin göstərilməsində, həm də müsbət təcrübə mübadiləsində iştirak edirlər ki, bu da ümumi işin keyfiyyətini daha da artırır.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunması məqsədilə martın 28-də Bakıda "Yeni klinika” tibb müəssisəsi istifadəyə verilib. Prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban Əliyevanın açılışında iştirak etdiyi bu xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışır. Adıçəkilən tibb müəssisəsinin heyətində, həmçinin hazırda koronavirusa yoluxan ölkə vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunmasında da Dövlət Proqramı məzunları - Qumral Ələkbərova, Cavid Əhmədov, Vüqar Quliyev, Emin Qasımov və b. iştirak edir.
"Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov da açılış mərasimində həmin gənclərin koronavirusla mübarizəyə öz töhfələrini verməsini xüsusi qeyd edib: "Zamanında verilmiş fərmanlar, sərəncamlar, o cümlədən dövlət proqramları nəticəsində bizim çoxsaylı tibb mütəxəssisləri dünyanın müxtəlif ölkələrində tibbi ixtisasa yiyələnmişlər və onlar Vətənə qayıdaraq burada xidmət göstərirlər".
Qabaqlayıcı tədbirlərin ən mühüm istiqaməti kimi təhlükəli virusun yayılmasının qarşısının alınması məqsədilə aparılan maarifləndirici tədbirlərin də əhəmiyyəti danılmazdır. Bu prosesdə bütün cəmiyyət üzvləri, təhsil işçiləri, həkimlər, ziyalıların iştirakı, səyləri öz müsbət effektini verməkdədir və təqdirəlayiq haldır ki, Dövlət Proqramı məzunları maarifləndirmə istiqamətində də yaxından iştirak edirlər.
Koronavirus pandemiyası ilə bağlı onkoloji xəstələrin məlumatlandırılması məqsədilə Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev ilə hazırda Almaniyanın Frankfurt Universitetinin Onkoginekologiya şöbəsinin əməkdaşı, tibb üzrə elmlər doktoru, Dövlət Proqramı məzunu Xəyal Qasımlının koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələri dərc edilib.
Dövlət Proqramının digər məzunları olan həkimlər - Vasif Əliyev, Qumral Ələkbərova tərəfindən də mediada pandemiya ilə əlaqədar maarifləndirici məqalələr, çıxışlar və s. ardıcıl yer alır. muallim.edu.az