Xəbərlər / Dünya
04 aprel 2020
1 251


Dünya təhsil sistemlərinə təlimat

Dünya təhsil sistemlərinə təlimat

 

OECD və Harvard Universiteti pandemiya dövründə ölkələrin təhsil sahəsində prioritet vəzifələrini açıqlayıb
Dünyada təhsil xidmətləri sahəsində  nüfuzlu tədqiqatları ilə tanınan İqtisadi Əməkdaşlıq və  İnkişaf Təşkilatı (OECD) və  ABŞ-ın Harvard Universitetinin Təhsil Məktəbi dünya ölkələri üçün COVID-19 pandemiyası ilə əlaqədar təhsil sahəsində fəaliyyətin təlimat çərçivəsini hazırlayıb. 

Təlimatda, ilk növbədə Azərbaycan da daxil olmaqla PISA 2018 tədqiqatında iştirak etmiş 79 ölkədə təhsil sistemlərinin fəaliyyətinin əsas istiqamətlərinə dair kompleks tədbirlərə nəzər salınır.

Birgə hesabatın xülasəsində qeyd olunur ki,  bu sənəd COVID-19 pandemiyasına qarşı effektiv təhsil cavabını hazırlamaq və həyata keçirmək üçün təhsil qərarlarının verilməsini dəstəkləmək məqsədi daşıyır. Məruzədə lazımi sosial təcrid tədbirlərinin bir neçə ay ərzində dünyanın əksər ölkələrində məktəb təhsilini pozmasının səbəbləri  izah edilir.

Belə bir dövrdə təhsil almaq imkanlarının  qorunmaması, təsirli strategiyaların olmaması  təhsilalanlar  üçün ciddi təlim itkisinə səbəb olacaq.  Hesabatda təhsil sistemlərinə və təşkilatların rəhbərlərinə zəruri sosial təcrid dövründə alternativ şərtlərə əsaslanan təhsili davam etdirmə planlarının və onların  əhatə etdiyi sahələrin müəyyən olunması  tövsiyə edilir.  Dünyanın 98  ölkəsində təhsil ehtiyaclarının və yeni cavab tədbirlərinin çevik qiymətləndirilməsi  əsasında  tərtib olunan sənəddə həm də təhsil sahəsindəki tədbirlər, müxtəlif ölkələrin böhrana cavabları  nəzərdən keçirilir. Sonuncu PISA sorğusunun məlumatlarının təhlili əsasında hesabatda müxtəlif təhsil sistemlərinin qarşılaşdığı problemlər,  alternativ olaraq onlayn təhsilin keyfiyyət məsələləri təsvir edilib.
Sənəddə dünya ali təhsil sistemlərinin pandemiya dövründə tətbiq edə biləcəkləri effektiv onlayn resurslar, proqram və tətbiqlər də öz əksini tapıb.

Hesabat müəlliflərinin fikrincə, COVID-19 pandemiyası bütün dünyanı viran qoyur, buna görə böhran dövründə uşaqlar və gənclərin təhsil ehtiyaclarına diqqət yetirmək vacibdir. Bu sənəd, təhsil idarəçiliyinin müxtəlif səviyyələrində, dövlət və özəl təhsil təşkilatlarında təhsil rəhbərlərinə, dünyada təhsil imkanlarını əhəmiyyətli dərəcədə pozacaq böhrana uyğunlaşan, ardıcıl, təsirli və bərabərhüquqlu təhsil cavablarını inkişaf etdirmək üçün hazırlanıb.

COVID-19 pandemiyasına qarşı cavab tədbirləri

1.  COVID -19 pandemiyasına qarşı maarifləndirmə tədbirlərinin hazırlanması və həyata keçirilməsi üçün məsuliyyət daşıyacaq bir hədəf qrupu və ya rəhbər komitə yaradın. Mümkün qədər  hədəf qrupunun üzvlərinin təhsil sisteminin və ya məktəb şəbəkəsinin müxtəlif komponentlərini təmsil etməsini təmin edin.

2.  Sosial təcrid dövründə işçi qrupu üzvləri arasında tez-tez və müntəzəm ünsiyyət cədvəli və vasitələri hazırlayın.

3. Strategiyanı istiqamətləndirəcək prinsipləri müəyyənləşdirin. Məsələn, təhsilalanların və işçilərin sağlamlığının qorunması, akademik öyrənmənin təmin edilməsi , tələbələrə və müəllimlərə emosional dəstək göstərilməsi.  Bu prinsiplər həyata keçiriləcək təşəbbüslərə diqqəti yönəldəcək, vaxt və digər məhdud mənbələri prioritetləşdirməyə kömək edəcək.
 
4. Təhsil tədbirlərinin uyğunlaşması, ictimai səhiyyə məqsədləri və strategiyalarının inkişafına kömək etməsi üçün ictimai səhiyyə orqanları ilə əlaqələndirmə mexanizmlərini yaradın; məsələn, təhsilalanların, valideynlərin, müəllimlərin və pedaqoji işçilərin sosial təcridin zəruriliyi barədə məlumatlandırılmasını təmin edin.
 
5. Tədris proqramlarının məqsədlərini yenidən yönləndirin, onların həyata keçirilməsi mexanizmlərinin dağıdıcı olduğunu nəzərə alaraq. Sosial məsafə dövründə nəyi öyrənmək lazım olduğunu müəyyənləşdirin

6. Sosial təcrid dövrü başa çatdıqda, məsələn, yeni tədris ilinin başlanmasından əvvəl tədris vaxtının bərpa edilməsi variantlarını axtarmaq məqsədəuyğunluğunu müəyyənləşdirin.

7. Təhsil vermə vasitələrini müəyyənləşdirin. Mümkün olduqda, bunlar ən çoxyönlü və qarşılıqlı öyrənməni təmin edən onlayn tədrisi də əhatə etməlidir. Bütün təhsilalanların cihazları və bağlantıları yoxdursa, onları həmin şagirdlərə təqdim etməyin yollarını axtarın. Bu cihazları və bağlantını yaradan mənbələri təmin etmək üçün özəl sektor və icma ilə tərəfdaşlığı araşdırın.

8. Yeni situasiyada təhsilalanları effektiv surətdə dəstəkləmək ,   idarə etmək  üçün mövcud təlimatlar çərçivəsində müəllimin rolunu və ondan gözləntiləri dəqiq müəyyənləşdirin.  

9. Müəllimlər, təhsilalanlar və valideynlərlə kurikulumun məqsədləri, strategiyaları,  təklif olunan fəaliyyətlər və əlavə mənbələr barədə ünsiyyət qurmaq üçün veb sayt yaradın.
 
10. Onlayn təhsil strategiyası mümkün deyilsə, öyrənmənin alternativ çatdırılma vasitələrini inkişaf etdirin, televiziya kanalları ilə tərəfdaşlıq mümkündürsə, tədrisi podkastlar, radio verilişləri və ya rəqəmsal təşkil etmək olar. Bu məqsədlərə nail olmaq üçün icma təşkilatları və özəl sektorla tərəfdaşlıq əlaqələrinin qurulması imkanını araşdırın.

11. Alternativ təhsil planının icrası zamanı ən həssas təhsilalanlara  və ailələrə lazımi dəstəyi təmin edin.

12. Qarşılıqlı öyrənmə və rifah halını yüksəltmək üçün şagirdlər arasında ünsiyyət və əməkdaşlığı inkişaf etdirin.

13. Müəllimlərin ixtisasının vaxtında artırılması, təhsilverənlərin və valideynlərin yeni təlim metodunda şagirdlərə dəstək ola bilməsi üçün vaxtında peşəkar inkişaf mexanizmi ortaya qoyun. Müəllimlərin və peşəkar icmaların əməkdaşlığına, eləcə də müəllimlərin muxtariyyətinin artırılmasına kömək edən şərait yaradın.

14. İmtahanlar zamanı təhsilalanın  müvafiq qiymətləndirmə mexanizmlərini müəyyənləşdirin.
 
15.  Karyerada irəliləyiş və sonrakı dövr üçün uyğun olan mexanizmləri müəyyən edin.

16. Zəruri hallarda, onlayn təhsil və digər tədris formalarını həyata keçirmək,  eləcə də müəllimlərin muxtariyyətini və əməkdaşlığını dəstəkləmək üçün tənzimləyici bazanı yenidən nəzərdən keçirin. Bu, alternativ təhsil planları çərçivəsində tədris olunan günlər üçün kreditin verilməsini nəzərdə tutur.

17. Hər bir məktəb öz fəaliyyətinin fasiləsizliyini təmin etmək üçün bir plan hazırlamalıdır. Onlara dəstək olmağın bir yolu olaraq, təhsil orqanları digər məktəblərdə planların hazırlanmış nümunələrini təqdim edə bilərlər.

18. Şagirdlərin qidalanmasını təmin edərkən, şagirdlər və onların ailələri arasında qida məhsullarının paylanmasının alternativ vasitələrini  işləyib hazırlayın.

 

19. Məktəb psixi sağlamlığa dəstək kimi digər sosial xidmətlər göstərdikdə alternativ  təminat  formalarını inkişaf etdirir.

20. Məktəblər hər bir təhsilalanla  ünsiyyət sistemini, eləcə də onların hər biri ilə gündəlik qeydiyyat formasını  işləyib hazırlamalıdır.   Valideynlərin mobil telefonlarına çıxışları varsa,  müəllimlərin məlumatları mətn şəklində onlara çatdırılmalıdır.

21. Məktəblər müəllimlər və təhsil müəssisəsinin işçiləri ilə gündəlik yoxlama mexanizmlərini inkişaf etdirməlidir.

22. Məktəblər şagirdlərə və ailələrə təhsilalanların rifahının və psixi sağlamlığının qorunması üçün ekran vaxtının və onlayn alətlərin təhlükəsiz istifadəsinə dair tövsiyələr verməli, həmçinin yetkinlik yaşına çatmayanların onlayn təhlükələrdən qorunmasını təmin etməlidirlər.

23. Digər məktəb şəbəkələrini və ya sistemlərini müəyyənləşdirin və onlarla müntəzəm ünsiyyətin formalarını yaradın.  Ehtiyaclarınız və onların həllinə yanaşmalarınız barədə məlumat mübadiləsi aparmaq, eləcə də yeni şəraitdə təhsilin sürətli inkişafı naminə onlardan öyrənmək üçün  müntəzəm əlaqə forması qurun.

24. Əmin olun ki, məktəb rəhbərləri uğur qazanmaq üçün onlara lazım olan maliyyə, maddi-texniki və mənəvi dəstək alırlar.

25. Kommunikasiya planının hazırlanması. Fövqəladə hallar dövründə təhsil strategiyasının həyata keçirilməsini dəstəkləmək və onların müxtəlif kanallar vasitəsilə effektiv şəkildə yayılmasını təmin etmək üçün əsas qrupların və mühüm  mesajların xəritəsini yaradın.
Məqalə Göndər








Загрузка...