YUNESKO müəllimlər üçün vebinar keçirib
YUNESKO koronavirus pandemiyasının geniş yayılması dövründə ikinci " Covid-19 education response" vebinarını keçirib.
Tədbir dünya ölkələri üçün həyati əhəmiyyətli dönəmdə təhlükəli vurusla mübarizənin ön cərgəsində dayanan və təhsilin davamlılığının təmin edilməsi missiyasını öz çiyinlərində daşıyan fədakar müəllimlərə həsr edilib. Seminar dünyanın bütün bölgələrindən olan iştirakçıları bir araya gətirərək, müəllimlərin peşəkar hazırlığı və təlimə dəstəyin təmin olunmasından tutmuş, internetlə zəif və ya əlaqəsi olmayan uzaq ərazilərdə, kənd yerlərində distant təhsil probleminə qədər bir sıra geniş məsələlərə işıq salıb.
YUNESKO-nun Afrika üzrə təhsil potensialının gücləndirilməsi İnstitutunun direktoru xanım Yumiko Yokozeki 33 ölkədən 159 iştirakçının iştirak etdiyi vebinara sədrlik edərək, hökumətlərin öz müəllimlərinə dəstək göstərməsinin vacibliyini vurğulayaraq müsbət mənada tamamilə yeni kontekst təqdim edib: "Ehtiyac ixtiraçılığın anası olduğundan, bu vəziyyət müəllimlər və tələbələrə daha enerjili, yaradıcı və yenilikçi olmaq üçün bir fürsət ola bilər".
Vebinar iştirakçıları məktəblərin gözlənilmədən bağlanmasının onların əksəriyyəti üçün sürpriz olduğunu söyləyiblər. Bununla belə, Uqandada müəllimlər bir gün ərzində tələbələr üçün ev tapşırıqları paketi hazırlayraq şagirdlərə göndərə biliblər. Hollandiyada bütün tədris proqramı 48 saat ərzində rəqəmsal formata keçirilib. Filippində isə Təhsil Departamenti planlaşdırılmış müddətdən əvvəl "DepEd Commons" platformasını işə salıb.
Keyfiyyətli təhsilin təmin edilməsi
"Qarşılaşdığımız ən böyük problemlərdən biri uşaqları məktəbdənkənar məsafədən təhsilə necə cəlb etməyimizdir",-deyə Rotterdamda (Niderland) cəmiyyətin ən müxtəlif təbəqələrindən olan şagirdlərin təhsil aldığı yerli məktəbdə dərs keçən xanım Ann-Fleur Lurvink bildirib. "Uşaqların əlverişsiz vəziyyətdə öyrədilməsi özündə onların bir çoxunu "itirmək" riski daşıyır. Ev şəraiti onlara həmişə məsafədən dərslərdə iştirak etməyə imkan vermir", - deyə o bildirib. Hökumət rəqəmsal çıxışı olmayan ailələr üçün noutbuk və internetin təmin edilməsi üzrə tədbirlər görüb. Onun sözlərinə görə, işlədiyi məktəbin müəllimləri valideynlərlə daimi əsasda əlaqə saxlamaq üçün onlara zəng edirlər.
Bu təcrübə təlimin mühüm aspektidir:" Biz rəqəmsal təhsillə əldə etməyə illərimizi sərf edəcəyimiz faydalı biliklər əldə etdik",-deyə xanım A.Lourvink bildirib. "Müəllimlər bir-birini çox dəstəkləyir və güclü şəbəkələr yaradırlar, cəmiyyətlər isə müəllimlərin dəstəyinə qoşulurlar",- deyən A.Lourvink bununla belə, əlavə edib ki, məktəblərin informasiyanın ötürülməsindən başqa, təhlükəsizlikdən tutmuş emosional rifaha qədər gətirdiklərini heç nə əvəz edə bilməyəcək.
Seminarda qeyd olunub ki, bütün ölkələrin hökumətləri peşə hazırlığının təmin edilməsi və müəllimlərin bu yeni təlim şəraitinə uyğunlaşmasına kömək etmək üçün resursların ayrılması istiqamətində səylərini gücləndirirlər.
Fransanın təhsil üzrə milli operatoru "Réseau Canope" -nın idarəedici direktoru, xanım Mari-Karolina Missirin sözlərinə görə, adıçəkilən qurum müəllimlər, valideynlər və təhsilalanlar üçün pulsuz məzmun, animasiya filmləri, tətbiqlər və istifadəçilər üçün uyğun alətlər, eləcə də müəllimləri dəstəkləmək üçün dərs vəsaitləri və digər resurslar təqdim edir.
Perunun Təhsil Nazirliyinin pedaqoji kadrların inkişafı üzrə baş icraçı direktoru cənab Miguel Krusado Silveria isə hökumətin müəllimlərin onlayn rejimdə tədrisə keçid etməsi üçün kütləvi açıq onlayn kurs (Mook) hazırladığını qeyd edib.
Müəllimlər onlayn təlimə nə dərəcədə hazırdır?
Vebinarda bildirilib ki, pandemiya dövründə çox az sayda müəllimin güclü rəqəmsal və İKT bacarıqları olduğu üçün tədris materiallarının qısa müddətdə rəqəmsal formata çevrilməsi problem olmuşdur. Cənub-Qərbi Asiya və Afrikanın bir çox ölkələrində yaşayış məntəqələrinin yalnız 20% -nin və ya daha az hissəsinin internet bağlantısı var, fərdi kompüterdən danışmağa isə dəyməz.
Perudan olan Krusado Silveria müəllimlərin yalnız 35% - nin kompüter və internetə çıxışının olduğunu bildirib. "Buna görə də nazirlik təhsilanlar üçün siniflər və məzmunu, eləcə də "Aprendo en casa" kimi onlayn platformaları təmin etmək məqsədilə televiziya və radio kanalları kimi aşağı texnologiyalı həllərdən istifadə etməyə qərar verib.
Kamerunun Təhsil Nazirliyinin informatika və İKT üzrə pedaqoji müfəttişi Michael Nkventi Ndonfak müəllimlərin yalnız 20-25% - nin internetə çıxışı olduğunu, əksəriyyətinin İKT sahəsində bacarıqlara malik olmadığını bildirib. Müəllim və tələbələrin artıq tanış olduqları radio və televiziya platformaları vasitəsilə təhsilə çıxış əldə etməsinə imkan verən qoruyucu tədris proqramının hazırlanması üçün milli hökumət tərəfindən hədəf qrupu yaradılıb.
Uqanda hökuməti isə YUNESKO-nun proqramına əsaslanır- məqsədli fondlar çərçivəsində bütün ölkə miqyasında etibarlı müəllim hazırlığı sistemi yaradılıb. Müəllim hazırlığı üzrə təhsil müəssisələri İKT sahəsində səriştəyə malik olmayan müəllimlər üçün İKT proqramı vasitəsilə potensialın artırılması üzrə seminarların keçirilməsi üçün yaradılıb.
Müəllimin rifahı əsasdır
Bu cür görünməmiş və qeyri-müəyyən vaxtlarda müəllimlər daha artıq stress və narahatlıq hiss edirlər. Müəllimlər böhran dövründə təhsili təmin etmək üçün onlara göstərilən əlavə təzyiqlərə qarşı durmaq və təhsilalanların emosional ehtiyaclarını dəstəkləmək üçün sosial-emosional dəstəyə ehtiyac duyurlar. Filippinin Təhsil Departamentinin nümayəndəsi xanım Jennifer Lopez mart və aprel ayları üçün əmək haqqının vaxtından əvvəl ayrıldığını və fövqəladə vəziyyət zamanı müəllimlərin performansının yoxlanılması təcrübəsinin dayandırıldığını bildirib. Müəllim heyəti və təhsil işçiləri hələ də məktəblərdə təhlükəli şəraitdə işlədiklərinə görə mükafat və geyim üçün əlavə vəsait alacaqlar.
Uqandanın təhsil və müəllim hazırlığı üzrə səlahiyyətli müfəttişi Ceyn Egau Oku müəllimlərin ilkin zəruri əşyalar əldə etmələri və heç bir əlavə narahatlıq olmadan öz missiyalarına diqqət yönəltmələri üçün nazirlik tərəfindən əmək haqqının vaxtında ödənilməsinin təmin edildiyini bildirib.
Müəllimlərin dəstəklənməsi
2030-cu il üçün müəllimlər üzrə Beynəlxalq Hədəf Qrupunun həmsədri xanım Gerd-Hanne Fosen vebinarın sonunda bildirib ki, təhsildə əsas siyasət hələ də əhalinin ən marginallaşmış təbəqələrinə, texnologiyalara çıxışı olmayan və ya əlverişli ev mühitinə malik olmayan şəxslərə yönəldilməlidir. Hədəf qrupu bu çətin dövrdə müəllimləri müdafiə etmək üçün bütün hökumətlərə, təhsil sahəsində xidmət göstərən idarəedicilərə və maliyyə təşkilatlarına (dövlət və özəl) çağırış edib, COVID – 19-la mübarizə və sonrakı bərpa prosesində müəllimin oynadığı mühüm rolu etiraf edib, müvafiq tövsiyələrini çatdırıb.
Bundan əlavə,YUNESKO həmçinin təhsil sahəsi üçün gözlənilməz və görünməmiş böhran dövründə uşaq və gənclərin inklüziv təhsil imkanlarının yaradılmasına yardım məqsədilə Qlobal koalisiya yaradıb. muallim.edu.az