8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
AzTehsil.com xəbər verir ki, 5 mart 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının və AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan dövlətinin inkişaf tarixi, qadınların dövlətin ictimai-siyasi həyatında və cəmiyyətdə rolu barədə qısametrajlı film nümayiş etdirilib.
Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirməsi ilə davam edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkə Prezidenti cənab İlham Əliyevə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubuna görə təşəkkürünü bildirib. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib və bu əlamətdar günün qadınlarımızın dövlət və cəmiyyət həyatındakı rolunu, ailədəki əvəzsiz zəhmətini və fədakarlığını vurğulamaq üçün bir fürsət olduğunu qeyd edib.
Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov qeyd edib ki, cəmiyyətdə əmin-amanlığın, təhlükəsizliyin, sabitlik və sülhün təmin olunmasında qadınların böyük rolu vardır. Həyatın bütün sferalarında qadınlar iştirak edərək, cəmiyyətin və dövlətin inkişafına töhfə verirlər.
Azərbaycanda 1-ci dərəcəli Rəşadət ordeni ilə təltif edilən ilk qadın Aydan Rəhimli çıxışı zamanı həmkarlarının, eləcə də Hökumə Əliyevanın etdiklərinin qəhrəmanlıq və fədakarlıq nümunəsi olduğunu deyib: “Bəzən həyat bizi gözlənilməz sınaqlarla üz-üzə qoyur. O anda biz içimizdəki gücü, iradəni hiss edirik. Amma birlikdə çalışdığın əməkdaşları itirmək çox ağırdır".
Rəsmi hissədən sonra tədbir bədii proqram ilə davam edib.