"Uşaqlara Ali Varlıq haqqında bəzi anlayışları təlqin etmək lazımdır ki, onlar başqalarının
dua etdiklərini görəndə bunun kimə münasibətdə və nə üçün edildiyini bilsinlər”.
(Immanuil Kant)
Bəlkə yox, yəqin ki, ictimai həyatımızda ikinci elə bir hal olmayıb ki, cəmiyyət üzvlərinin dini maariflənməsi məsələsi bu qədər ortalığa atılmamış olsun, ölkəmizin təhsil praktikasında ikinci elə bir hal olmayıb ki, "orta məktəblərdə dinin tədrisinə ehtiyac varmı” sualı kimi bir məsələ ətrafında bu qədər mübahisə və müzakirələr aparılsın, zaman-zaman, təkrar-təkrar gündəmə gətirilsin, disskusiyalara, debatlara, polemikalara səbəb olsun, özünə bu qədər tərəfdar və ya əleyhdar toplasın, bir çoxlarını tərəddüddə saxlasın. Söhbət heç də kimin və ya kimlərinsə dinə münasibətindən, inanclarından, materialist və ya idealist olmasından, konkret olaraq fərdi düşüncə və baxışlarından getmir və gedə də bilməz. Maraqlı və düşündürücü olan məsələnin başqa tərəfidir. Zaman-zaman məsələnin bir problem olaraq ortalığa atılması, di gəl onun həll istiqamətində hansısa əməli bir işin görülməməsi.
Yəni dini mariflənmə, gənclərin və yeniyetmələrin dini təhsil məsələləri kompaniya xarakteri daşımaqdan o yana gedə bilməyib, müəyyən radikal və ekstremist hadisələrlə bağlı yada salınıb, mətbuat və televiziya kanallarının gündəmini zəbt edib, qısa sürədən sonra dərhal da unudulub. Dövlət və dini qurumların yetkililərinin, millət vəkilləri və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik olsa belə məsələnin çözülməsi istiqamətində konkret və praktik addımların atılmasının şahidi olmamışıq. Baxmayaraq ki, hamımız fərqli yanaşma və baxışlarımıza rəğmən ümumilikdə kimlərinsə müxtəlif qruplaşmaların, dini məzhəblərin təsiri altına düşməsində məhz maariflənmənin, dini bilgilərin yetərli olmaması ilə bağlı yekdil qənaətdəyik və məhz uşaq yaşlarından din barədə məlumatsız olanların belə təsirlərə daha tez məruz qalmalarını təsdiqləyirik. Bunula belə məktəblərdə dinin tədrisi ilə bağlı hər hansı bir fikir ortalığa atılanda, hər hansı bir təklif irəli sürüləndə, dərhal məsələni siyasiləşdiririk, ölkə Konstitusiyasını önə çəkirik, təhsilin dünyəvi xarakterini qabardırıq.
Bir mühüm məqamı unuduruq ki, dini siyasiləşdirməyin özü elə dini savadsızlqdan, siyasi ambisiyalardan irəli gələn haldır. Artıq neçə illərdən bəridir ki, bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar məktəblərdə dinin tədrisinin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu, əslində çoxdan həyata keçirilməsi gərəkən bir məsələ kimi dəyərləndirirlər.”Insanlar xalqının ədəbiyyatını, tarixini, hətta musiqisini məktəblərdə öyrənirsə, niyə də dinini öyrənməsin?", "Insanların öz mənəvi irsini məktəbdə öyrənməsinə niyə haqqı olmasın ki?" kimi suallar qoyanların, "Nə qədər yeniyetmə və gəncimiz radikal-ekstremist, yaxud destruktiv dini cərəyanların təsiri altına düşüb, çünki məktəblərdə dini öyrətməyiblər ", "Uşaqların din haqqında bilikləri, məlumatları məktəblərdən alması həm onların mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini təsadüfi adamlardan öyrənmələrinin qarşısını almış olur" qənaətində olanların, gec-tez orta məktəblərdə dini dərslərin tədris olunacağına əminlik bildirənlərin sayı yetərincədir.
Bunula yanaşı uşaqlara tolerantlıq, bütün dinlərə hörmət ruhunu tərbiyə etmək üçün dərsliklərdə lazımı məlumatların olmasını deyənlər, dini tədris edə biləcək pedaqoji təmayüllü mütəxəssislərin olmamasını səbəb gətirənlər, hətta orta məktəblərdə dinin tədris olunmasını dünyəvi dövlətin təməl prinsipləri və dəyərləri ilə ziddiyət təşkil etməsinə eyham vuranlar da var. Təhsil Nazirliyi isə öz mövqeyndə israrlıdır ki, ümumi təhsil pilləsinin hər bir səviyyəsində tədrisi nəzərdə tutulan fənlər Azərbaycan Respublikasının Nazirlər kabinetinin qərarı ilə təsdiq edilən ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədində ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənn nəzərdə tutulmayıb.
Fənnin adı nə olsun, dərsi necə keçək, kimlər dərs desin, hansı materialdan istifadə edək, ədəbiyyat haradan götürülsün, maliyyə haradan tapılsın? Orta məktəblərdə dinlər, ilk növbədə islam dini, bu dinin bəşəri mahiyyəti, tarixi şəxsiyyətləri, islam mədəniyyəti və mənəviyyatı, insanlara təlqin etdiyi mənəvi dəyərlərlə bağlı "Həyat bilgisi” fənni vasitəsi ilə şagirdlərə çatdırılan məlumatları yetərli hesab etmək olarmı? Orta məktəblərdə təməl biliklərinə yiyələnmədən ali təhsil səviyyəsində alnan biliklərin davamlılığına təmınat vermək nə dərəcədə etibarlı sayıla bilər? Bakı İslam Universitetinin və ya BDU-nun ilahiyyat fakultəsinin yetirmələri bu fənnin tədrisinə yararlı hesab oluna bilərlərmi? Xaricdə dini təhsil alanların və ya xaricdən dəvət olunanların xidmətinə bel bağlamaq olarmı? Bəlkə hesab edirik ki, dinin tədrisi dini təriqətlərə, sektalara qoşulanların sayını bir az da artıracaq? Bəlkə də elə gündən-günə artmaqda olan bu proseslərin qarşısını almaqda ən optimal variant məktəblərdə ətraflı dini bilgilərin verilməsi ola bilər?
Böyük alman filosofu İmmanuil Kantın "Pedaqogika haqqında” traktatından bir parçaya diqqət yetirək:"Uşaqların dini baxımdan tərbiyəsinə gəldikdə, hər şeydən əvvəl aşağıdakı sual qarşıya çı-xır: erkən çağlarından uşaqlara dini anlayışları təlim etmək lazımdırmı? Bununla bağlı pedaqogika-da çoxlu mübahisələr olmuşdur. Dini anlayışlar zəruri şəkildə ilahiyyatı nəzərdə tutur. Hələ insan-lara, özlərini tanımayan cavanlara ilahiyyatı öyrətmək olarmı? Ümumiyyətlə, vəzifəsinin nə olduğu-nu bilməyən cavanlar Allah qarşısında birbaşa borclarını başa düşmək iqtidarındadırlarmı? Bir şey aydındır: əgər uşaqlar Ali Varlığa ehtiramı ifadə edən heç bir fəaliyyətdə iştirak etməsəydilər, hətta Allahın adını belə eşitməsəydilər, onda onları əvvəlcə insanın təyinatı və onun nəyə layiq olduğu ilə tanış etmək, mühakimə yürütmək qabiliyyətini inkişaf etdirmək, təbiətin əsərlərinin nizamını və gözəlliyini izah etmək, bundan əlavə, dünya haqqında daha ətraflı məlumat vermək və yalnız bun-dan sonra Ali Varlıq, Qanunverici anlayışını onlara açıqlamaq ağlabatan olardı.
Lakin bir çox sə-bəblərə görə bu mümkün olmadığından, əgər biz uşaqlara Allah haqqında yalnız sonralar dərs keçmək istəsək, bu onlarda ya laqeydlik, yaxud onun qüdrəti qarşısında qorxu təlqin edər. Axı on-lar lap əzəldən Allahın adını eşidir, ona ümumən göstərilən ehtiramın əlamətləri ilə tanış olurlar. Allahdan qorxunun uşaqların fantaziyasında kök salmasından ehtiyat etmək əsas olduğuna görə, bundan çəkinmək üçün onlara öncədən dini anlayışları təlqin etmək lazımdır. Beləliklə, mənəviy-yat əvvəl gəlməlidir, ilahiyyat onu izləməlidir. Din elə bunun özüdür”.
Kanta görə dinlə bağlı anlayışları uşaqlara lap erkən yaşlarından təlim etmək lazımdır, lakin eyni zaman-da fikir vermək lazımdır ki, uşaqlar adamları onların məzhəblərinə görə dəyərləndirməsinlər, çünki məz-həblərdəki fərqlərə baxmayaraq, din hər yerdə eynidir. Maraqlıdır ki, qonşu Rusiyada kiçik yaşlı uşaqlar üçün "Bibliya dlya detey” seriyasından elə maraqlı, elə nəfis kitablar çap olunur ki, hətta böyüklərin bunları oxumağı gəlir. Hələ digər ölkələri demirəm. Dünyanın ən reytinqli Universitetlərində kolleclərində, məktəblərində bu kimi məsələlər öz həllini tapıb və təhsilin dünyəviliyi ilə heç bir ziddiyyət təşkil etmir.
Din mənəvi dəyərdir. Bu mənada əgər din sözündən bu qədər ehtiyatlanırıqsa heç olmasa ayrıca "Mənəvi dəyərlərimiz” fənninin yaradılması və bu kontekstdə zəruri dini anlayışların tədrisə daxil edilməsi barədə düşünməyinə dəyər. Məsələn, dünyanın bir çox ölkələrinin orta məktəblərində "Etiket” adlı ayrıca fənn tədris olunur və yeniyetmə və gənclərə ailədə, məişətda və s ictimai yerlərdə özünü necə aparmağa dair davranış qaydaları öyrədilir. Bir mühüm məqamı da nəzərdən qaçirmayaq ki, yeniyetmə və gənclərimizin elmi biliklərə yiyələnmələri ilə yanaşı mənəvi cəhətdən zənginləşməsinə də bir o qədər xüsusi ehtiyac var. Mənəviyyatsız təhsillilərin isə ölkəsinə, xalqına nəsə bir fayda verə biləcəyi barədə düşünməyinə belə dəyməz.
Suallar çoxdur. Məsələ isə hələ də açıq olaraq qalmaqdadır. Bir həqiqəti qəbul etməliyik ki, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması demək deyil, dindarlar ordusu yetişdirmək demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir. Söhbət dinin bəşəri və mənəvı dəyər kimi artıq həyat tərzimizə çevrilməsi ilə nəhayət razılaşmalı olduğumuzdan, daim gündəmimizdə olan bir məsələ ətrafında orta məxrəcə gəlib, pedaqoqlarımızın, təhsil üzrə mütəxəssislərimizin, tanınmış ziyalılarımızın və din xadimlərimizin bir araya gələrək məsələni birdəfəlik çözmək iradəsindən, problemı şərh etmək deyil, problemin üstünə getməkdən gedir.
Məsələyə kimin necə münasibət bəsləməsi və problemin necə sonunclanacağına müdaxilə edə bilmərəm, bircə ona öz əminliyimi bildirə bilərəm ki, yeniyetmə və gənclərimizin məktəb illərindən əldə etdyi dini bilgilərə, bütövlükdə mənəvi və bəşəri dəyərlərə sahiblənməsində nə isə bir çatışmazlıq, sanki yarımçıqlıq var və bu kəsr gec və ya tez aradan qaldırılmalıdır.
Nadir İsrafilov, tanınmış təhsil eksperti
moderator.az