11 aprel 2017-ci il tarixdə şəhər 10 nömrəli tam orta məktəbində "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” keçirildi.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış "Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq 11 aprel 2017-ci il tarixdə Lənkəran şəhər 10 saylı tam orta məktəbdə, şəhər 7, 9 saylı tam orta və Xarici Dillər Təmayüllü Gimnaziya məktəblərinin müəllim-şagird kollektivinin iştirakı ilə "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçiləri Ramin Hüccətov və Cəmil Axundzadə, Lənkəran şəhər 10 saylı tam orta məktəbin direktoru Qadir Axundov, müəllimlər və şagirdlər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər 10 saylı tam orta məktəbin direktoru Qadir Axundov qonaqları salamlayaraq, məktəblərdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulamışdır. Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu, ölkəmizdə tarixən tolerant və multikultural mühitin hökm sürdüyünü bildirmişdir.
Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin əhəmiyyətini qeyd etmişdir. DQİDK-nin Lənkəran bölgə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından "Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır. Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan "Fitnə” sənədli filmi nümayiş etdirilmişdir.