Xəbərlər / Kitabxanaçı / Müəllim
23 fevral 2022
742

Mərkəzi Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq


Azərbaycan dövləti II Qarabağ müharibəsini tarixi qələbə ilə başa vurdu. Bu zəfər Azərbaycan xalqının tarixinə şərəf və qəhrəmanlıq salnaməsi və milli qürurumuzun təntənəsi kimi yazıldı.

44 gün davam edən döyüşlər və qazanılmış möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin və Ali Baş Komandanı olduğu güclü ordunun qüdrətini və xalqımızın birliyini sübuta yetirdi. 30 illik nisgillə qəlbimizdə yaşatdığımız yurd yerlərimizin qaytarılması milli həmrəyliyimizin rəmzinə çevrildi. Xalqımız bir yumruq kimi birləşərək öz haqqı və öz torpaqları uğrunda mübarizə aparmaq gücünü bütün dünyaya nümayiş etdirdi. Bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi olmaq hissini qəlbində qürur və qubar hissi ilə daşıyır. 


Lakin təəssüf ki, müharibələr itkisiz olmur. Müharibənin  davam etdiyi günlərdə Azərbaycanın qəlbi Vətən üçün döyünən igid oğulları ölümün gözünə dik baxaraq torpaq uğrunda şəhid oldular. Şəhidlik zirvəsinə ucalan hər bir Azərbaycan oğlunun xatirəsi xalqın ürəyində əbədi ülvilik qazandı. 

Azərbaycan dövləti və Azərbaycan xalqı hər zaman bu igid övladlarının şücaətini yüksək qiymətləndirəcək, Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsi daima uca tutulacaqdır.


Bu savaşda fərqlənən, yurdumuzun müdafiəsi uğrunda müstəsna qəhrəmanlıqlar göstərən döyüşçülərin müəyyən bir qisminə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Qəhrəman adı verildi. Bu gün Azərbaycanda 211 nəfər bu şərəfli adı daşıyır. Təəssüf ki, onların yalnız on səkkiz nəfəri həyatdadır, digərləri isə Vətənimizin bütövlüyü uğrunda müharibədə qəhrəmancasına həlak olmuşlar. Amma onların övladları, həyat yoldaşları, valideynləri, yaxınları torpaq uğrunda canından keçmiş Vətən oğullarının xatirəsini yaşadır. Dövlətimiz bu qəhrəmanlara və onların ailə üzvlərinə daima qayğı göstərir. 


44 gün ərzində davam edən Vətən müharibəsində qazanılmış şanlı zəfəri bizə bəxş edən şəhidlərin xatirəsini əbədiləşdirmək, onların ruhunu ehtiramla yad etmək hər birimizin borcudur. Bu qələbəni qazananların xatirəsini yaşatmaq məqsədilə ölkəmizdə istər sosial-iqtisadi, istərsə də elm-təhsil və mədəniyyət sahələrində bir sıra layihələr həyata keçirilir.


Şəhidlərin xatirəsini yaşatmaq və onların Vətən uğrunda göstərdikləri  şücaət və fədakarlığı gələcək nəsillərə çatdırmaq məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında da bir sıra mühüm işlər görülmüş, silsilə tədbirlər həyata keçirilmişdir. 

Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Qarabağ Müharibəsi Qəhrəmanları Fondu”nun yaradılması şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Burada Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları haqqında bioqrafik məlumatlar toplanılır. Eyni zamanda ictimaiyyətin Vətən müharibəsi şəhidləri haqqında kifayət qədər dolğun məlumatlandırılmasını təmin etmək və gənc nəslə vətənpərvərlik tərbiyəsinin aşılanması məqsədi ilə fond tərəfindən ardıcıl və davamlı tədbirlər həyata keçirilir. 


MEK-də həm də Vətən müharibəsi şəhidlərinin şəxsi kitabxanasından kitablar toplanmışdır. Ölməz Vətən oğullarının xatirəsini özündə yaşadan, səhifələrinə sonuncu dəfə məsum şəhid əlləri toxunmuş bu kitablar kitabxanada müqəddəslik və toxunulmazlıq qazanmış xüsusi eksponat kimi qorunur. Burada şəhid general Polad Həşimovun “Azərbaycan VII-IX əsrlərdə” (Z.Bünyadov), şəhid polkovnik Babək Səmidlinin “Abdulhamidin akıl oyunları”, şəhid polkovnik-leytenant Anar Əliyevin “İgid ölər adı qalar”, digər şəhidlərimizdən Fərhad Rzazadənin “Bala Bəhmənlinin böyük tarixi”, Ayxan Məmmədovun “Polad Həşimov xatirələrdə”, Ziyadxan Əliyevin “(Ç.Yılmaz) Börü. Yenidən dirilişin və intikamın kitabı”, Mikayıl Vahabzadənin “Ermənistan Azərbaycanlıları və onların acı taleyi”, Sahil Məmmədovun “Parçalanmış millətin harayı”, “Mübariz İbrahimov haqqında roman”, Ayxan Məmmədovun “General Polad Haşımov xatirələrdə”, Bilal Qənbərovun “(E.Günəş) Unutmadıq şəhidim” və s. kitabları toplanmışdır. Bu kitabların məzmununu araşdırdıqda bizim üçün bir həqiqət aydın olur; gənclərin vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında məhz kitablar vasitəsilə – ədəbi əsərlər vasitəsilə aparılan vətənpərvərlik təbliğatının rolu danılmazdır. Bu səbəbdən də Qarabağ Vətən müharibəsindəki zəfərin memarı olan gənclərimizin keçdiyi şərəf yolunun araşdırılaraq təbliğ edilməsində, gələcək nəsillərə çatdırılmasında və yeni nəsillərin vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşmasında kitabxanalar tərəfindən aparılan təbliğat işləri olduqca mühüm əhəmiyyətə malikdir. 


2021-ci il 17-19 iyun tarixlərində isə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu”nun (İKSAD) rəhbərliyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Folklor İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Qafqazşünaslıq İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu,həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin həmtəşkilatçılığı ilə I Beynəlxalq Qarabağ “Sosial və humanitar elmlərdə müasir araşdırmalar konqresi” (Karabağ Uluslararası Sosyal ve Beşeri Bilimlerde Modern Araştırmalar Kongresi) keçirilmişdir. MEK-in əməkdaşları bu konfransda Qarabağ mövzusuna həsr olunmuş elmi araşdırmaları ilə iştirak etmişlər. Baş direktor professor Məmməd Əliyevin “Qələbənin fəlsəfəsi”, MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızının “Azərbaycanın elmi jurnallarında Dağlıq Qarabağ münaqişəsinin araşdırılmasına dair”, Sənədlərlə iş şöbəsinin müdiri, h.ü.f.d Reyhan Cəfərovanın “Qarabağda Ermənistan tərəfindən törədilən cinayətlərin hüquqi təhlili”, İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın “Mir Möhsün Nəvvabın Qarabağda kitab mədəniyyətinin formalaşmasında rolu”, əməkdaşlardan Şəlalə Quliyevanın “Vətən müharibəsi dövründə Azərbaycan radiojurnalistikasında ifadə vasitələri”, Günel Əhədovanın “Milli həmrəylik-qələbəmizi şərtləndirən əsas amillərdən biridir”, Mahirə Əzizovanın “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin müasir fazası: 4 günlük müharibə (2-5 aprel 2016-cı il), Səidə Əsgərovanın “Qarabağ etnotoponimlərində qədim türk elementləri”, Nigar Ağayevanın “Qarabağ münaqişəsinin tarixi”, Həbibə Əliyevanın “Qarabağ aşıq musiqisi”, Dinara Bağıyevanın “Ədəbiyyatda Qarabağ müharibəsi”, Afət Məmmədovanın “Dərsliklərdə Qarabağ mövzusu (tam orta təhsil səviyyəsində Azərbaycan bölməsi üzrə II-XI siniflərdə tədris olunan dərsliklər əsasında)”, Xəyalə Məmmədlinin "Qarabağda demoqrafiq vəziyyət: Gerçəklik və erməni yalanlarının ifşası", Rövşən Məmmədlinin "Şuşa şəhərinin tarixi görkəminin bərpasının Rusiya Dövlət Hərbi Tarix Arxivinin materialları əsasında edilməsinin təhlili", Şəfəq Əliyevanın "Qarabağ: folklor da bir tarixdir” toplusu milli-mənəvi irsimizin dəyərli nümunəsi kimi" elmi məqalələri konfransda maraqla dinlənilmişdir.




Bundan əlavə, hərbi hissələrdə əsgər və zabit heyətinin asudə vaxtlarının səmərəli təşkili, şəhid və qazi ailələri ilə daimi olaraq qarşılıqlı diskussiyanı təmin etmək məqsədilə Müdafiə Nazirliyinin dəstəyi ilə “İnnovativ Təşəbbüslər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Oxu-qazan” layihəsinə MEK-in fondundan 11 adda 30-a yaxın kitab hədiyyə edilmişdir. 


Qırx dörd günlük Vətən müharibəsi günlərində baş verən tarixi hadisələrin – şanlı zəfərimizin gələcək nəsillərə çatdırılması olduqca vacib və əhəmiyyətli məsələdir. Bu məqsədlə Mərkəzi Elmi Kitabxananın təşəbbüsü ilə nəşrə hazırlanmış “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı kitab bu çərçivədə görülən dəyərli işlərdən biri hesab oluna bilər. Yeni çap olunmuş nəşrdə müharibə günlərində Qarabağ probleminə, ölkəmizin haqlı mübarizəsinə, ordumuzun uğurlarına dair Azərbaycan, rus və ingilis dillərində dərc edilmiş yazılar toplanmışdır. Topluya daxil olan hər bir yazı xalqımızın Vətən müharibəsi günlərində keçirdiyi həyəcanı, yaşadığı hissləri, keçirdiyi qüruru əks etdirdiyi kimi, cəmiyyətimizin hər bir fərdinin ümummilli məsələlərdə Ali Baş Komandanın ətrafında bir yumruq tək birləşməsinin sübutudur. MEK tərəfindən hazırlanmış biblioqrafik göstərici gələcəkdə Vətən müharibəsinin tarixini araşdıracaq yerli və xarici tədqiqatçılar üçün mühüm mənbə olacaqdır.


MEK-in əməkdaşları tərəfindən mütəmadi olaraq Şəhidlər Xiyabanı ziyarət olunur. Həmçinin, kitabxananın əməkdaşları İkinci Qarabağ müharibəsində fəal iştirak etmiş, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə döyüşərək şəhidlik zirvəsinə ucalmış oğulların ailələrini vaxtaşırı olaraq ziyarət edirlər.


 Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən 27 sentyabr ölkəmizdə “Anım günü” kimi qeyd edilir. Ölməz şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə MEK-də Anım Gününə həsr olunmuş  xüsusi tədbir keçirilmişdir. Eyni zamanda prezident İlham Əliyevin digər əmri ilə elan olunmuş, 8 noyabr "Zəfər günü" MEK-də xüsusi təntənə ilə qeyd edilmişdir. Hər iki tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbər heyəti, elm xadimləri və KİV nümayəndələri iştirak etmişlər. 


Ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir.  

Bu gün Mərkəzi Elmi Kitabxanada dövlətin gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir və bu istiqamətdə görülən bütün işlər Vətənə və dövlətə ehtiram hissi ilə həyata keçirilməkdədir.


Səyyarə Məmmədova. AMEA Mərkəzi Elmi Kitabxana İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri.

resim


Загрузка...
loading...

Həmçinin oxuyun:
2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.

Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.

Polad kimi Mübariz qəhrəmanlarımız.

Polad kimi Mübariz qəhrəmanlarımız.

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Paytaxt məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib

Paytaxt məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib

Ana əllərindən öpən GENERAL...

Ana əllərindən öpən GENERAL...

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim” - VİDEO

19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim” - VİDEO

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Qələbə qazanan Azərbaycanlıların həmrəyliyini və birliyini dünyaya nümayiş etdirmək məqsədi ilə beynəlxalq marafon-auksionu keçirilib.

Qələbə qazanan Azərbaycanlıların həmrəyliyini və birliyini dünyaya nümayiş etdirmək məqsədi ilə beynəlxalq marafon-auksionu keçirilib.

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Şəhid Kənan Rüstəmlinin xatirəsinə bulaq istifadəyə verilib

Şəhid Kənan Rüstəmlinin xatirəsinə bulaq istifadəyə verilib

AMEA Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar hadisəsinə həsr olunan sərgi keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar hadisəsinə həsr olunan sərgi keçirilib

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Məktəb öz məzun igidləri ilə qürur duyur

Məktəb öz məzun igidləri ilə qürur duyur

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı

Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı

Vətənə sipər oğullar...

Vətənə sipər oğullar...

Bakı şəhəri A. Məmmədov adına 38 nömrəli məktəbdə şəhidlərin xatirəsi anılıb

Bakı şəhəri A. Məmmədov adına 38 nömrəli məktəbdə şəhidlərin xatirəsi anılıb

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans