Rayon məktəbliləri niyə daha uğurlu görünür? - Təhsildə gizli REALLIQ
Azərbaycanda hər il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin siyahısında region məktəblərinin şagirdlərinə daha çox rast gəlirik. Bu isə cəmiyyətdə belə bir sual doğurur: Ən yaxşı repetitorlar və hazırlıq kursları, eləcə də daha yaxşı təhsil şəraiti paytaxtda mövcud olduğu halda, niyə yüksək nəticələri əsasən region məktəbliləri əldə edir?
AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) qeyd edib ki, regional təhsil idarələri qarşılarına region gənclərinin və məktəblərinin inkişafını məqsəd qoyurlar:
""Yüksək nəticə əldə edənlər rayon məktəbliləridir", prinsipi ilə yanaşsaq, bəzi fərqli məqamlar ortaya çıxır. İlk növbədə baxmaq lazımdır ki, rayon məktəbliləri həqiqətənmi yuxarı sinifləri rayonda oxuyurlar? Yoxsa adları rayonda gedir, özləri isə paytaxtda hazırlıq kurslarında və repetitorlarla hazırlaşırlar?”.
“Bir müddətdir ki, abituriyentlərin əksəriyyəti adlarını rayon məktəbinə yazdırır, lakin özləri paytaxtda hazırlaşırlar”, - deyə müsahibimiz qeyd edib:
“Belə hallarda həmin şagird yüksək nəticə əldə etdikdə, bu uğur adının getdiyi məktəbin adına yazılır. Buna görə də bu fikrin doğruluq payını yüksək qiymətləndirmirəm. Ancaq elə rayon məktəbləri də var ki, onların abituriyentləri hər il yüksək nəticələr əldə edirlər. Son dövrlərdə Elm və Təhsil Nazirliyi tərəfindən bölgələrdə təhsilin inkişafı üçün müəyyən işlər görülür. Eyni zamanda, regional təhsil idarələri qarşılarına region gənclərinin və məktəblərinin inkişafını məqsəd qoyurlar.
Orada dərs deyən müəllimlər arasında da rəqabət var. Onlar çalışırlar ki, dərs verdikləri şagirdlər yüksək nəticə əldə etsinlər. Bunun da məntiqi nəticəsi olaraq, bölgələrdən yüksək bal toplayan abituriyentləri görürük".